“Məmməd İsmayıl umacağının ünvanını səhv salıb”

Seyran Səxavət: “Mən ad vermirəm, get lap Nobel mükafatı al, istəməyənin gözləri kor olsun”



"Çanaqqala 18 Mart Universiteti”nin professoru, şair Məmməd İsmayıl kulis.az-a müsahibəsində Seyran Səxavətlə bağlı sualı cavablandırarkən ona nifrət etdiyini söyləyib: "Seyran Səxavətə sayğı duyurdum. Amma açığını deyim, o çıxışından sonra (AYB-nin qurultayındakı çıxış-red) Seyran Səxavətə nifrət elədim. Axı sən bu çıxışla nə demək istəyirsən, sənin gözləntin nədir?”

Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, yazıçı Seyran Səxavət M.İsmayılın onun barəsində dediklərinə "Şərq” vasitəsilə münasibət bildirib. S.Səxavət öncə M.İsmayılla olan münasibətlərindən danışıb: "M.İsmayılı 50 ildir tanıyıram, həmişə ona hörmətim olub. Şah rejimi vaxtında mən İrana işləməyə gedəndə, o yola salıb. Bir dəfə Yazıçılar Birliyinin Şüvəlanda yerləşən yaradıcılıq evində o xəstələnmişdi. Ona müalicə olunmaq üçün iynə təyin etdilər. Onun maşını olmadığına görə, avtomobilimlə Şüvəlana hər gün iynə aparıb vurdutdururdum. Yəni bunları deməkdə məqsədim odur ki, həmişə münasibətlərimiz olub. Onu istedadsız insan hesab etmirəm, gözəl istedadlı şairdir. M.İsmayıl tanınmış Azərbaycan şairidir. İndi maddi sıxıntılarla əlaqədar, uzun illərdir Türkiyədə çalışır. Orada universitetdə dərs keçir. M.İsmayıl AYB-nın qurultayına qonaq qismində gəlib. Əgər o qurultayda bütün iştirak edənlərin M.İsmayıl təfəkküründən, ağlından, çıxış edilməli olduğunu düşünürsə, bu, kökündən yanlışdır. Onda gərək, Allah orada çıxış edənlərin heç birini yaratmazdı. Yalnız M.İsmayılı yaradardı və o da çıxış edərək, gedib işi ilə məşğul olardı”.

"Beynimdən keçəni, ağlım kəsəni kiməsə deyirəm”

Seyran Səxavət M.İsmayıldan fərqli olaraq, mənəvi iç dünyasında sevdiyi və sevmədiyi şəxslərin yerinin əvvəldən dəyişməz olaraq qaldığını vurğulayıb: "Beynimdən keçəni, ağlım kəsəni kiməsə deyirəm. Və buna görə də o mənə nifrət edirsə, özü və Allahı bilsin. Başqa nə deyə bilərəm, ağsaqqal adamdır, yəni bu saat onun beyninin elə işləyən vaxtıdır. Ona görə də belə deyir”.

50 ildən artıq yaradıcılıq yolu keçdiyini söyləyən S.Səxavət heç bir gözləntisinin olmadığı cavabını verib: "Səmimiyyətimə inanın. Romanlarım, povestlərim, var. Azərbaycanın akademik dram və başqa nüfuzlu teatrlarında əsərlərim, hekayələrim tamaşaya qoyulub”.

"Mənə 68 il əvvəl ad verilib”

Ad almaq istəməsi məsələsinə gəlincə isə, S.Səxavət ona çoxdan ad verildiyini də açıqlayıb: "Mənə 68 il bundan qabaq ad veriblər. Ən fəxri ad ata və anamın mənə verdiyi Seyran adıdır. Onların verdiyi adı da doğrultdum və adın arxasına Səxavət sözünü də əlavə etdim. Beləcə, Azərbaycan ədəbi mühitində Seyran Səxavət oldum. Bu mənə bəs edir. Onların bundan xəbəri yoxdur”.

S.Səxavət M.İsmayılın hikkəsini bununla əlaqələndirib ki, onun çox istəkləri, arzuları var: "Allah versin. O, umacağının ünvanını səhv salıb. Mən ad vermirəm, get ad-sanını al. Lap Nobel mükafatı al, istəmiyənin gözləri kor olsun”.

AYB-nin qurultayındakı gənclərlə bağlı çıxışına da S.Səxavət aydınlıq gətirib: "Sadəcə, çıxışımda həyatda olduğu kimi ədəbiyyatda da "bic” doğulan uşaqlar olduğunu demişəm. Bu, Azərbaycanda, Qazaxıstanda və Kanadada var. Sonra isə fikrimi izah edərək indi Azərbaycan gəncliyində bugünə qədər Azərbaycan klassik ədəbiyyatını inkar edənlərin olduğunu önə çəkmişəm. Ancaq xarici ədəbiyyat öyrəndiklərini söyləmişəm. Mən də buna görə öz ənənəsinə, klassikasına, Dədə-Qorquddan üzü bəri söykənmədən, ancaq xarici ədəbiyyatla nəfəs alan şəxsləri Azərbaycan ədəbiyyatında bic doğulmuş adamlar hesab edirəm. Və özümü də bu məsələdə 100 faiz haqlı görürəm. Bunun bioloji tərəfini nəzərdə tutmamışam. M.İsmayıl gərək bu sözümü göydə tutub, nə demək istədiyimi başa düşərdi. Yaxşı edib demişəm. Kim necə istəyir fikrimi elə də yozsun”.

Fikirlərinin sonunda S.Səxavət bu məsələlərdə kulis.az-ın baş redaktoru Qan Turalı başda olmaqla ona qarşı fəallıq göstərənlərə mesaj da göndərib: "Onlara bunu deyə bilərəm ki, çörəyi dizinin üstdə olan adamların sözü də ayağının altında olar”.

Vüqar Şahinoğlu