Metroda problemlər artıb

Burada nəsə bir sirr var, deyəsən...
Qatarlar tuneldə ilişib qalır, eskalatorlar işləmir, gecikmələr, metro tıxacları...




Dünən metronun "Elmlər Akademiyası” stansiyasında sərnişinlər "tıxaca” düşüb. Buna səbəb eskalatorun işləməməsi olub. Aznews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, eskalatorun dayanması təqribən 1 saat çəkib, nəticədə stansiyada güclü sıxlıq yaranıb, sərnişinlərin stansiyadan çıxışı çətinləşib. Bu vəziyyət sərnişinlər arasında ciddi narahatlığa səbəb olub.

Hadisə yerinə gələn stansiyanın texniki xidmət personalı eskalatorun xarab olmasının səbəbini belə açıqlayıb: "Ümumiyyətlə, eskalatorun köhnə olması səbəbindən mütəmadi olaraq burada problemlər yaranır və biz də bu problemi bacardığımız qədər həll etməyə çalışırıq”.

Məlumdur ki, "Elmlər Akademiyası” metronun ən çox gediş-gəliş olan, ən sıx stansiyalarındandır. Xüsusən də, günün müəyyən "pik” saatlarında bu stansiyada iynə atsan yerə düşməz. Təsəvvür etmək çətin deyil ki, eskalatorun dayanması hansı vəziyyət yaradıb, həm də yayın bu istisində. Stansiyada yaranmış basabası yayılmış fotolardan da görmək mümkündü. Eskalatorun dayanmasına, xarab olmasına, qatarların gecikməsinə təbii baxmaq da olardı, əgər belə hallar nadir hallarda baş versəydi. Amma Bakı metropoliteni haqqında belə demək olmur. Çünki analoji hallar artıq intensiv xarakter almağa başlayıb. Xüsusən də Tağı Əhmədov vəzifədən getdikdən sonra. Doğrusu, adam çaş-baş qalır; necə olurdu ki, Tağı Əhmədov dönəmində metroda bu qədər problem yaşanmırdı? Bəlkə sabiq rəis əmək fəaliyyətinə sıravi metropoliten işçisi olaraq başlamışdı, qatarların, eskalatorların "dilini bilirdi” ona görə? Həqiqətən də, T.Əhmədov metro ilə vidalaşandan qatarlar tuneldə ilişib qalır, eskalatorlar işləmir, gecikmələr, metro tıxacları... Burada nəsə bir sirr var, deyəsən...

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Şərq”ə açıqlamasında metrodakı tıxacın səbəblərini belə izah etdi:

- Bakı metropoliteninə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılır. 2014-cü ildə metropolitenə 36 milyon manat subsidiya ayrılıb. Və bunun da ötənilki məbləğdən 7 milyon manat çox olduğu bildirilir. Üstəlik, 224 milyon manat da investisiya xərci var. Metropolitenin istismarı ilə bağlı bunca vəsait ayrılmasına baxmayaraq nə düz-əməlli təmir işləri həyata keçirilir, nə də vaqonların yenilənməsi baş verir. Dövlət büdcəsindən ayrılan vəsaitə eskalatorları da vaxtlı-vaxtında təmir etdirmək olar, yeni vaqonlar almaq da. Eskalatorların işlək vəziyyətdə olub-olmamasına hər gün nəzarət edilməlidir. Burada çətin bir iş yoxdur. 3 eskalatordan ikisi hərəkətdə olur, digəri yoxlanır. Beləcə, növbə-növbə hər 3 eskalator mütəmadi texniki baxışdan keçirilir. Metropolitenə ayrılan vəsait kifayət edir ki, Bakı metrosu dünyanın ən müasir metropoliteninə çevrilsin. Baxın, dünya ölkələrində metroda təhlükəsizliyin təmin edilməsi məqsədilə artıq çoxdan şüşə arakəsmələrdən istifadə olunur. Bizdə isə hələ də metro nəzarətçiləri "ay yoldaş, xətdən kənara çəkil” deyə bağırırlar. Bu şüşə arakəsmələr plaformada elə quraşdırılır ki, qatar gələndə vaqonların qapısı şüşə arakəsmələrin qapısı tuşunda dayanır və vaqonların qapısı açılanda şüşə arakəsmələrin qapısı açılır. Sərnişinlər də tam təhlükəsiz vaqona daxil olurlar. Bakı metropoliteninin keçidlərlə birgə 23 stansiyası var. Şüşə arakəsmələri etmək cüzi vəsait tələb edən işdir. Bakı metropoliteninin Moskva metrosu kimi 100-ə yaxın stansiyası

yoxdur ki, çətin iş olsun. Qatarlararası intervalların böyüməsi, qatarların hərəkətində dayanmalar yaranması isə birbaşa hərəkətin idarəolunması ilə bağlıdır. Bakı metropolitenində hərəkətin idarəolunması mexanizmi müasirləşməyib. İdarəetmə hələ də köhnə sistemlə, dədə-baba qaydası ilə aparılır. Dünyada metropoliten ən müasir və ən sərfəli ictimai nəqliyyat növüdür. Və artıq çoxdan elektron idarəolunma sisteminə keçilib. Təsəvvür edin ki, Bakı metrosu Nyu-York metrosunun heç 1000-də birini təşkil etmir. Nyu-Yorkda da, Parisdə də metronun hərəkətində elektron sistemə keçilib. Bakı metrosuna külli miqdarda vəsait ayrılır, yeni stansiyalar tikilir, bəzədilir, amma nə hərəkətdə müasir idarə sistemi var, nə də ümumiyyətlə, müasir infrastruktur. Cənab Prezident metropoliten sahəsində yenilik etdi, 3 ayrı-ayrı strukturu bir cəmiyyət daxilində cəmlədi, bu, müsbətdir. Amma yeni rəis yeniliklərə nədən başladı? Ticarət köşklərini sökmək və reklam lövhələrini yığışdırmaqla. London metrosu ən qədim metrolardan biridir, 1863-cü ildə tikilib. London metrosunda xırda ticarət köşkləri var. Paris metrosunda, baxmayaraq ki, onun da tarixi qədimdir, platformalar ensizdir, dardır, orada platformalarda su, buterbrod avtomatları quraşdırılıb. Və bunlar sərnişinlərin hərəkətinə heç bir maneə törətmir. Ticarət köşkləri deyiriksə, bu, univermaq açmaq anlamına gəlməməlidir. Metronun platformalarında, yaxud keçidlərdə xırda köşklərin olması, insanların oradan qəzet-jurnal, hansısa zəruri bir əşya almalarında nə sıxıntı ola bilər ki?! Yaxud, götürək reklam lövhələrini. Dünyanın əksər ölkələrində ictimai nəqliyyatdan reklam vasitəsi kimi istifadə olunur. Metropoliten kommersiya reklamları, xırda ticarət köşklərindən gələn gəlir hesabına bəzi istismar xərclərini ödəyə bilər. Amma bizdə bunu yığışdırdılar. Hərçənd, mən əminəm ki, metroda reklam yenidən bərpa olunacaq, eləcə də ticarət köşkləri. Səhv etmirəmsə, reklamların və ticarət köşklərinin "yenilənəcəyi”, daha müasir formada olacağı barədə bəzi açıqlamalar da verilib. Yəqin, yeni rəis əvvəlki reklam müqavilələrini ləğv edib, hansısa başqa reklam şirkətləri ilə işləyəcək. Olsun. Amma əldə olunan gəlirdən metropolitenin ehtiyacları üçün istifadə edilsin.
Sərnişinlər tuneldə qalmasın, dayanıb, eskalatorun nə vaxt işə düşəcəyini gözləməsinlər.

Məlahət Rzayeva