Xocalıdan qalxan düşmən təyyarələri...

Ermənilər aeroport olayını gündəmə gətirməklə, Azərbaycanı hərbi əməliyyatlara təhrik edir
"Xocalı aeroportu ilə bağlı təxribata qədər Rusiya erməni ordusunu kifayət qədər təlimləndirib"




Ermənilər Xocalı aeroportunun fəaliyyətə başlamasını yenidən gündəmə gətiriblər. Düşmənlərimiz hava limanında uçuşlar həyata keçirmələri barədə sosial şəbəkələrdə video yayıblar. Görüntüdə Xocalı aeroportundan qalxan təkmotorlu yüngül təyyarələrin Xankəndi, Şuşa və Ağdərə rayonlarının üzərindən keçdiyi aydınca müşahidə olunur. Təyyarələrin göyərtələrində pilotdan əlavə 2 nəfər sərnişin olması da görüntülənir. Bu sərnişinlərin Qarabağ bölgəsini seyr etməyə gəlmiş turistlər olduğu bildirilir.

Xatırladaq ki, 70-ci illərdə qurulan həmin aeroport Bakıdan Qarabağa aviareyslər üçün nəzərdə tutulub. 1992-ci ilin fevralında Xocalı şəhərinin ermənilər tərəfindən işğalından sonra hava limanı fəaliyyətsiz qalıb. İki il əvvəl erməni tərəfi onun bərpasına başlayıb.

Mövcud vəziyyəti şərh edən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu "Şərq”ə açıqlamasında deyib ki, hava limanının açılması beynəlxalq hüquq normalarına ziddir: "Bu, Ermənistanın birinci hiyləsi deyil. Bədxah düşmənlərimiz beynəlxalq arenada özlərinə dividend qazanmaq üçün daim belə hiyləgərliyə və riyakarlığa əl atıblar. Amma aeroportla bağlı cəhdləri heç bir fayda verməyib. Güman ki, verməyəcək. ATƏT-in Minsk Qrupunun həmsədrləri bir neçə dəfə vurğulayıblar ki, hava limanının istifadəsi beynəlxalq qanunvericilik normalarına uyğun deyil. Bu, iki ölkə arasındakı münaqişənin həllinə ciddi zərbə vura bilər”.

Politoloq vurğulayıb ki, Ermənistan bu oyunları başlatmaqla, Azərbaycanı hərbi əməliyyatlara sövq edir: "Separatçı rejimin atdığı hər bir diplomatik addım Azərbaycanın beynəlxalq aləmdə imicinə zərbə vurmağa yönəlib. Elə ona görə də Ermənistan xoşagəlməz bəyanatlar verməklə Azərbaycanı qıcıqlandırmaq niyyəti güdür. Məsələn, aeroport olayını ortaya atmaqla

Azərbaycanı hərbi əməliyyatlara təhrik edir. Təbii ki, Azərbaycan tərəfi düşmənlərimizin "çaldığı havaya oynamayacaq”. Ermənistanın özü də anlayır ki, onların verdiyi bəyanatlar absurddur. Həmin bəyanatların reallaşması mümkünsüzdür”.

Bununla yanaşı, ekspert hesab edir ki, Xocalı aeroportunda uçuşların qarşısının alınmasına Azərbaycan zorakılıqla deyil, beynəlxalq təşkilatların vasitəçiliyi ilə təsir etməlidir: "Məsələnin hərbə-zorba yolu ilə həllinə istiqamətlənmək düzgün deyil. Ölkəmizin bu cür davranışı Ermənistanın və ona müttəfiq olan Rusiyanın maraqlarına xidmət edir. Oradan təyyarə havaya qalxsa və Azərbaycan təyyarəni vursa, bu, hərbi əməliyyatların başlanmasına səbəb olacaq. Bu da şimal qonşumuz üçün "göydəndüşmə” olar. Bu reallıqlar fonunda düşünürəm ki, Azərbaycan məsələnin yeganə çıxış yolunu beynəlxalq dairələrdə axtarmalıdır”. Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə qeyd edib ki, Azərbaycan Xocalı aeroportunu vuracağı halda Rusiyanın Ermənistanın müdafiəsinə qalxacağına şübhə etmək lazım deyil. Ekspertin sözlərinə görə, Xocalı aeroportu ilə bağlı təxribata qədər Rusiya erməni ordusunu kifayət qədər təlimləndirib, Ermənistanda bir neçə dəfə əsgəri manevrlər keçirib: "Üstəlik, Rusiya Ermənistana yeni partiya silah, raket, təyyarələr gətirib. Faktiki olaraq Moskva Ermənistanı müharibəyə hazırlayıb. Rusiyanın hesablamalarına görə, Ermənistanı hərbi sahədə Azərbaycandan üstün vəziyyətə gətirib. Hesablamalardan belə çıxır ki, Ermənistan cavaba hazırdır. Rusiya da onun arxasındadır. Eyni zamanda bu ölkələr arasında əsgəri müqavilənin olduğunu da unutmaq olmaz”.

V.Quluzadənin qənaətincə, Xocalı məsələsi barədə hansı qərarın verilməsi dövlət qurumları, rəhbərliyin işidir: "Qərar qəbul edən vəziyyətə baxsın və şəraiti qiymətləndirsin. Ermənilərə zərbəni o vaxt vurmaq olar ki, burda uduş variantının olduğuna əmin olaq. Yox, bu, olmayacaqsa, o halda sərt addım atmaq mənasızdır. Məsələn, hər gün atəş xətti ermənilər tərəfindən mütəmadi şəkildə pozulur. Onlar hər gün Azərbaycanın döyüş qabiliyyətini sınaqdan keçirir, Azərbaycanın harada, necə qüvvə toplamasını öyrənirlər. Düşmənlərimiz hazırda daha əlverişli şəraitdədir. Çünki atəşkəs xəttini Rusiya formalaşdırıb. Bunu mənə vaxtilə Vladimir Kazimirov demişdi ki, Rusiya ermənilər üçün elə istehkamlar hazırlayıb ki, Azərbaycan ya onları ala bilməsin, ya da dəhşətli itkilər versin. Hücum edən tərəf gərək müdafiə tərəfindən bir neçə dəfə əsgəri qüvvə və hərbi texnika cəhətdən üstün olsun. Hücum edən əsgərlərin sayı 100 min olursa, onun 70 mini döyüşdə həlak olur. Bizim Müdafiə Nazirliyində güclü ekspertlər var. Yəqin ki, bu illər ərzində yatmayıblar. Ermənistanın əsgəri potensialını, real qüvvəsini öyrəniblər”.

Rusiyada bir neçə milyon erməninin yaşadığını xatırladan V.Quluzadə söyləyib ki, onlar Rusiya vətəndaşı olsa da, müharibə başlayacağı halda gəlib Ermənistanın tərəfində döyüşəcəklər: "Onların bir qismi rus əsgəri bazasında - Gümrüdə xidmət edir. Gərək bütün bunları hesablayıb sonra ermənilərə zərbə endirək. Müharibə məsələsində emosiyalara yol vermək olmaz. Məxsusi idarələr "nə etməli” sualına cavab verməlidir. Hesab edirlərsə ki, zərbə endirib bütün torpaqları geri qaytaracağıq, bu, başqa məsələ. Nəzərə almaq lazımdır ki, atəşkəs xətti boyu hakim yüksəkliklər düşmənin əlindədir. O yüksəkliklərdən bizi daim atəşə tuturlar. Ona görə də, onları geri oturda bilmirik”.

Politoloq müttəfiqimizin olmadığını da diqqətə çatdırıb: "Azərbaycan bu vəziyyətdə Xocalı aeroportuna, ya erməni təyyarəsinə zərbə endirsə, o halda beynəlxalq aləm erməniləri qınamayacaq ki, niyə təyyarə uçurmusunuz. Azərbaycana deyəcəklər ki, bilmirdin, təyyarəni vuranda müharibə başlayacaq, ona görə öz cəzandır, çək. Müharibə etməzdən əvvəl xarici mühiti də nəzərə almaq lazımdır. Rusiyanın Azərbaycana münasibəti mənfidir. Ermənistanın müttəfiqidir. Amerika və Avropada erməni lobbisi olduqca güclüdür. Türkiyə NATO-nun üzvüdür və Amerikanın siyasət məcrasında hərəkət edir. Ordan da dəstək gözləməyə dəyməz. İranın da bizə "gözəl” münasibəti məlumdur. Unutmamalıyıq ki, Azərbaycan və Ermənistan vakuumda deyil, bu dövlətlərin siyasət dairələrindədir”.

Ayyət Əhməd