5 ildən bir attestasiyadan keçmək müsbət haldır

Amma dövlət qulluğunda çalışanlar üçün imtahanların mürəkkəb olmasının tərəfdarı deyiləm


Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dövlət qulluğunda hər vəzifə üzrə işləyən şəxslərin 5 ildən bir attestasiya imtahanı verəcəyini bildirib. Şura sədri bu barədə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, attestasiya imtahanı işə qəbul imtahanı ilə eyni səviyyədə olan bir imtahan olacaq: "Əgər şəxs həmin vəzifəyə yenidən təsdiqlənmək üçün imtahan verə bilməsə, bu barədə onun işlədiyi təşkilata məlumat veriləcək”.

M.Abbaszadə qeyd edib ki, əgər şəxs sertifikat aldığı vəzifədən daha yüksək vəzifə üzrə işləmək istəyirsə, onda bu şəxslər mütləq yenidən imtahan verərək müsahibə mərhələsindən də keçməlidirlər:
"Əgər vakant yer yaranıbsa, mütləq o, elan olunmalıdır. "Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir” - fikri doğru deyil. Vakansiyaların elan olunması icra orqanlarının rəhbərlərinin ixtiyarındadır”.

Attestasiyaların keçirilməsinə münasibət bildirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov imtahan zamanı vəzifədə olan şəxslərin yalnız öz işlərinə dair sualları bilməli olduğunu vurğulayıb. Liqa sədri bildirib ki, kimisə işdən çıxarmaq üçün müxtəlif bəhanələr gətirəcəklərsə, bunu attestasiya olmadan da eləyə bilərlər: 

"Ümumiyyətlə, bu məsələ qanunla tənzimlənir. Ona görə də Məleykə Abbaszadə burda nə qanun qəbul edən bir şəxs, nə də icraçıdır. Dövlət qulluqçuları hər il qiymətləndirilir. Eyni zamanda əmək məcəlləsində işləyən işçilər 3 ildən bir attestasiyadan keçir. Ola bilsin, dövlət qulluqçuları üçün də belə bir variant, yəni 5 ildən bir attestasiya nəzərdə tutulsun.

Təbii ki, dövlət qulluğunda işləyən şəxslər savadlı, səriştəli olmalıdır. Amma dövlət qulluğunda çalışanlar üçün imtahanların mürəkkəb olmasının tərəfdarı deyiləm. Çünki bəzi məsələlər var ki, onlar dövlət qulluğunda işləyənlərə lazım deyil. Məsələn, Konstitusiyanı o qədər də detallarla bilməyə ehtiyac yoxdur. Ümumi məlumatı və ya dünyagörüşü, öz işinə aid spesifik anlayışları bilməklə attestasiya oluna bilərlər”.

S.Məmmədov attestasiyaların keçirilməsinin müsbət nəticələrini də qeyd edib. Liqa sədrinin sözlərinə görə, keçirilən imtahanlar dövlət qulluğunda çalışan savadsız kadrların işdən azad edilməsinə şərait yarada bilər: 

"Dövlət qulluğuna qohum-əqrəbaların, savadsız kadrların hansısa yollarla gətirilməsinin qabağını almaq üçün, bu, yaxşı bir mexanizm ola bilər. Tutaq ki, kimsə savadsız qohumunu gətirib dövlət orqanına birtəhər yerləşdirib və o, 5 ildən sonra attestasiyadan keçə bilmir. Bu baxımdan düşünürəm ki, belə halların qarşısı alınar, buna görə də attestasiyaların keçirilməsinə normal baxıram”.

Yeganə Bayramova