«5 manat al, evdə otur» siyasətindən əl çəkməliyik

Əlilliyi olan şəxslərə münasibət düzgün qurulmayıb
Onların işlə təminatında böyük çatışmazlıqlar, problemlər qalmaqdadır


Əlillik üzrə yeni meyarlar hazırlanıb. Yeni meyarlar Dünya Səhiyyə Təşkilatı və Avropa ölkələrinin standartlarına uyğundur. Həmin meyarlarda əlillik dərəcəsinin ənənəvi üç qrupu əvəzinə əmək və özünüməşğulluq qabiliyyətinin itirilməsi faizi əsasında qiymətləndirilməsi, sosial reabilitasiya və əmək adaptasiya imkanları nəzərə alınıb. Əvvəllər hər kəsə xəstəliyin ağırlığı və onun nə dərəcədə məhdudiyyətlər yaratmasından asılı olmayaraq eyni yanaşma tətbiq edilir və bununla da qruplara təyinat aparılırdı.

Yeni hazırlanan sənəddə isə əlilliyin müəyyən edilməsi sırf orqanizmin funksiyalarının itirilməsi dərəcələri, eləcə də özünə qulluq, qidalanma, sərbəst hərəkət etmə kimi fəaliyyətinin əsas istiqamətlərinin məhdudluq dərəcələri əsasında mümkün olacaq. Daha dəqiq desək, məsələn, I qrup əlilliyi olan şəxslər ən ağır dərəcə pozuntuları olanlar sayılırdısa, yeni yanaşma ilə bu, artıq orqanizmin funksiyalarını itirməsinin 80-100 faizi intervalında qiymətləndiriləcək.

Azərtac-ın xəbərində bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Sabir Qocayev yeni hazırlanan sənədlərdən birinin də fərdi reabilitasiya və abilitasiya proqramının qaydaları ilə bağlı olduğunu deyib. Onun dediyinə görə, əlilliyi olan şəxs əlillik dərəcəsi qazandıqdan sonra onunla bağlı fərdi reabilitasiya proqramı tərtib olunacaq. Bura onun tibbi, sosial, texniki və peşə-əmək reabilitasiyaları daxildir və bu sahədə onlarla kompleks iş aparılacaq.
Yeni meyarlarda əsas məqsəd əlilliyi olan şəxslərin cəmiyyətə yenidən inteqrasiyası və onların əmək fəaliyyətinin bərpa edilməsidir. Sənədlər tam qəbul olunduqdan sonra bu sahədə qanunvericilikdə də bir sıra dəyişikliklər nəzərdə tutulub. Bununla yanaşı, əlilliyi olan şəxslərə verilən müavinətlərdə də yeni yanaşmalar həyata keçiriləcək.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov «Şərq»ə açıqlamasında ölkədə, ümumiyyətlə, əlilliyi olan şəxslərə münasibətin düzgün qurulmadığını dedi:

- Azərbaycanda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» qanun qəbul olunub. Əslində, bu qanun BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyasına uyğun olmalıdır, beynəlxalq standartlara cavab verməlidir. Qanunda əlilliyi olan şəxslərə aktiv dəstək siyasəti nəzərdə tutulur. Amma görürük ki, aktiv deyil, passiv dəstəkdir. Mən əlilliyi olan şəxslərlə iş sahəsində çalışmışam, beynəlxalq təcrübəni öyrənmişəm. Məsələn, Xorvatiya təcrübəsi var. 


Niyə bu ölkəni misal çəkirəm, çünki o da Azərbaycan kimi gənc dövlətdir, Yuqoslaviyadan ayrılaraq müstəqilliyini elan etmiş ölkədir. Xorvatiyada birinci qrup əlillər, hətta psixo-sosial problemləri olan şəxslər (məsələn, daun sindromlu xəstələr) əməyə cəlb edilir. Bəlkə də onlar digər işçilər kimi gözlənilən, tələb olunan faydanı verə bilmir. Lakin Xorvatiya hökuməti tərəfindən yaradılmış xüsusi Fond bu zərəri qarşılayır. İşəgötürənlərə bildirilir ki, siz bu insanları işlə təmin edəcəksiniz, nə zərər olacaqsa, Fond onu ödəyəcək. Bizdə isə belə deyil. Əlilliyi olan şəxslərin işlə təminatında böyük çatışmazlıqlar, problemlər qalmaqdadı.

 Biz «5 manat al, evdə otur» siyasətindən əl çəkməliyik. Sosial müəssisələr yaradılmalıdır. Əlilliyi olan şəxslərin işə qəbulunda məhdudiyyətlər aradan qalxmalıdır. Lazım gəldiyi halda xüsusi Fond vasitəsilə bu şəxslərin əmək haqları ödənməli, əgər müəssisəyə məhz bu şəxslərin işi ilə bağlı hansısa zərər dəyirsə, o zərər də ödənməlidir. Bax, bu olacaq aktiv siyasət. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası bu halda mümkündür. Ancaq bizdə nə edirlər? 

Başqa ölkələrdəki qanunları ştamplamaqla məşğuldurlar. Qanunlar ictimaiyyətə təqdim olunmadan, qeyri-hökumət təşkilatları ilə, vətəndaş cəmiyyəti institutları ilə müzakirə aparılmadan tələsik qəbul edilir. Hətta müəyyən terminləri də gərəkən tərzdə yazmırlar. Əlilliklə bağlı beynəlxalq standartlarda qəbul olunmayan terminlər bizdə hələ də işlədilir. Əlilliyi olan şəxslərə münasibətdə fərdilik, differensial yanaşma siyasəti olmalıdır. Bu yoxdursa, hansı qanun qəbul edilir, edilsin, hansı yenilik tətbiq edilirsə, edilsin, istənilən nəticə yenə alınmayacaq.

Məlahət Rzayeva