50 manat cərimə normaldır

Siqaretin tullantısını küçəyə atan insanlar bu xəbərdarlıqdan nəticə çıxarmalıdır



Azərbaycanda tütün məlumatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub.
İnzibati Xətalar Məcəlləsinə yeni əlavə olunan 212.4-cü maddəyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə kəsiləcək.

Tütün məmulatlarının istifadəçisi olmadığını vurğulayan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, jurnalist Azər Həsrət siqaretdən istifadəyə qarşı olduğunu deyib. Bununla belə insanların seçiminə hörmətlə yanaşdığını vurğulayan A.Həsrəti ən çox narahat edən siqaret istifadəçilərinin təmizliyə riayət etməməsidir: 

"Təəssüflər olsun ki, siqareti çəkib kötüyünü yerə atmaq insanlarımızda bir adətə çevrilib və onların bu vərdişləri ətraf mühitə ciddi ziyan vurur. Hesab edirəm ki, müvafiq qanunun qəbul edilməsi həmin insanlara xəbərdarlıq kimi dəyərləndirilməlidir. Tütün məmulatlarından istifadə edən və onun tullantılarını küçəyə atan insanlar bu xəbərdarlıqdan nəticə çıxarmalıdır. Maarifləndirmə və təbliğatla ram edilməyən insanlara qarşı artıq qanun çərçivəsində mübarizə aparılacaq”.

Qanunun nə dərəcədə effektiv olacağına gəldikdə isə A.Həsrət Sinqapur təcrübəsini misal çəkib: "Sinqapur dövləti bu qanunu qəbul etməklə öz ölkəsinin həm ekologiyasının təmizliyini, həm də iqtisadiyyatını təmin edirlər. 

Adi saqqızın yerə atılmasına görə də insanlara cərimə tətbiq olunur. Qanunvericilikdən xəbərdar olan vətəndaşlar ətraf mühitin təmizliyinə riayət edirlər. Bizdə isə bir qrup insanlar var ki, ətraf mühitin mühafizəsində olan insanlara qarşı hörmətsizlik edərək ətrafı çirkləndirir. Bu kimi səbəblərdən Milli Məclisdə qəbul edilən qanunu dəstəkləyirəm. Küçəyə siqaret atanlar üçün 50 manatlıq cərimə islah zamanı çətinliklər yaradarsa, cəzaların daha da sərtləşdirilməsi gündəmə gətirilə bilər. İndiki şəraitdə cərimələrin 50 manat müəyyənləşdirilməsini məqsədəuyğun hesab edirəm”.

Şəymən