50 manatlıq cərimə çıxış yolu deyil

Sahib Məmmədov: “Bəlkə də, cərimə məbləğini 5 manatdan 10 manata qədər eləsəydilər, nəyəsə nail olmaq olardı”



Bu mənzərə ilə az qala hər gün bir neçə dəfə, xüsusən də, axşam - səhər, pik saatlarda rastlaşırıq. Bir az kobud, bir az da qəzəbli şəkildə deyilən bu sözlər bir növ metronun simvoluna çevrilib desək, yanılmarıq. Qatar bir metrostansiyadan digərinə hərəkət etməyə başlayarkən mütləq bu mənzərə təkrarlanmalıdır. Ancaq bundan sonrası üçün metropoliten rəhbərliyi qatarların qapısını saxlayan sərnişinlərə qarşı sərt tədbirlər görmək niyyətindədir.

Metroda qapıları saxlayıb qatarın hərəkətinə mane olan kifayət qədər sərnişin olduğunu qeyd edən "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev həmin şəxslərin cərimələnəcəyini deyib.
Gün ərzində metrodan 700 mindən çox sərnişinin istifadə etdiyini vurğulayan Metropoliten sözçüsünün dediyinə görə, xüsusilə pik saatlarda qatarın qapılarının sərnişinlər tərəfindən saxlanması məsələsinə nəzarət etmək çox çətindir.
N.Paşayev deyib ki, sərnişinlər özləri qapıları saxlamaqla həm qrafiki pozduqlarını, həm də qapılara zərər yetirdiklərini başa düşməlidirlər:
"Başa düşürük, pik saatlarda sərnişin çox olur, hamı qatara minmək istəyir. Ancaq nəzərə almaq lazımdı ki, qapı saxlamaq çıxış yolu deyil”.

Şöbə rəisi qatarın qapısının saxlanmasına görə İnzibati Xətalar Məcəlləsində 50 manat cərimə nəzərdə tutulduğunu deyib:

"Bu məsələyə polis nəzarət edir”.
Qatarlararası intervalı azaltmağın hazırda mümkün olmadığını vurğulayan N.Paşayev deyib ki, gediş haqqı artırılsa belə bu problemi həll etmək mümkün deyil: "Yeni xətlər açılmalı, yeni qatarlar alınmalıdır. Bütün bunlar da metronun öz gücünə ediləcək işlər deyil. Bu işlər üçün böyük vəsait ayrılmalıdır. "28 May”da xətlərin ayrılması üçün tunel tikilməlidir. Bunun üçün isə vəsait olmalıdır”.
Qeyd edək ki, metroda qapıları tutub saxlayanların 50 manat cərimə olunacağı ilə bağlı xəbərdarlıq şəhər sakinləri tərəfindən birmənalı qarşılanmayıb. Metro istifadəçiləri hesab edir ki, mövcud problemlər aradan qaldırılmadığı müddətdə bu qərar özünü doğrultmayacaq. Sözügedən qanunsuzluğun qarşısını almaq üçün vətəndaşları cərimələməkdənsə, sıxlığın aradan qaldırılması istiqamətində real addımlar atılmalıdır.

Qısaca, məsələni müzakirəyə çıxaran vətəndaşların ümumi rəyi isə bu cürdür: "Heç kəs kefindən qapıları tutub saxlamır. Bəzən olur ki, metroda sıxlıq olur. Düşənlər düşüb qurtarmamış, qapıları bağlayırlar. Bu düzgün deyil axı. İnsanlar da məcbur olur ki, düşənlərin qurtarması və platformada dayanan insanların minməsi üçün qapıları saxlamaq məcburiyyətində qalır. Burada qəbahətli heç nə yoxdur”.

Maraq doğuran tərəf də odur ki, belə hallar baş verən zaman günahkarı necə müəyyənləşdirəcəklər? Axı bu insan qapını tutub minəndən sonra qatar hərəkət edəcək. Sonra həmin insanın kimliyini necə tapacaqlar?
Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Sahib Məmmədovun qənaətincə, bu cür məsələlər cərimə ilə yox, düşüncə, tərbiyə ilə tənzimlənsə daha yaxşı olar. Bir halda ki, belə hallar olur, o zaman bu cür hərəkətlərin qarşısı alınmalıdır.

Hər kəs bilir ki, metroda qapıların bağlanmasına müdaxilələrin bir səbəbi də metropolitenin iş funksiyası ilə əlaqədardır. Çünki metroda qatarların ləngiməsi tez-tez rast gəldiyimiz bir şeydir. Elə bu səbəbdən də basa-baslar yaranır. İnsanlar qatara rahat minib-düşə bilmir deyə məcbur qalıb qapını tuturlar ki, hamı minə bilsin. Bəzən də metroda basa-bas olan zaman qapı açılanda hamı düşə bilmir. Qabaq tərəfdə dayananlar düşəndən sonra qapını bağlamağa başlayırlar. İnsanlar da düşmək üçün əlləri ilə qapının bağlanmasına müdaxilə edirlər ki, qatar tərpənməmiş hamı düşsün. Metropolitendə bu cür problemlər olduğu üçün həmin qərarı icra etməyə çətinlik çəkəcəklər. Tutaq ki, bir qrup adam qapını tutub ki, hamısı minə bilsin. Maraqlıdır, həmin insanları necə cərimə edəcəklər, yaxud da necə müəyyənləşdirəcəklər ki, günahkar kimdir? Ola bilsin ki, kimsə məqsədyönlü şəkildə qapını tutub saxlayırsa, bu zaman da qatarın ləngiməsinə səbəb olursa, bəs həmin şəxsi necə müəyyən edib cərimələyəcəklər? 

Məsələ odur ki, kimin məqsədyönlü şəkildə mane olduğunu, kimin məcbur qaldığını müəyyənləşdirmək mümkün olmayacaq. Bax, bu mexanizmi görmürəm. Çox çətin məsələdir. Bu yolla metrolarda qapıların bağlanmasına mane olanların qarşısını almaq çox çətindir. Qaldı ki, cərimənin 50 manat məbləğində olması, bu da tamamilə yanlış üsuldur. Çünki bu məbləğ əhalinin gəlirləri ilə üst-üstə düşmür. 

Nəzərə alsaq ki, metrodan istifadə edənlər əhalinin sosial təminatı aşağı olan təbəqəsi, xüsusən də tələbələrdir. Bəlkə də, cərimə məbləğini 5 manatdan 10 manata qədər eləsəydilər, nəyəsə nail olmaq olardı. Amma 50 manat cərimə ilə bu işin qarşısını almaq çox çətin olacaq. Tutaq ki, kimisə saxladılar ki, sən qapıların bağlanmasına mane oldun. Nə edəcəklər? Həmin şəxsi tutub bölməyə aparıb sorğu-sual edəsi deyillər ki. Ondan 50 manat verməsini istəyəcəklər. Bəlkə heç həmin şəxsin üstündə o qədər pul yoxdur. Şəxsiyyətini müəyyənləşdirmək üçün də sənədi yoxdur. Bəlkə, onu tutub saxlayacaqlar ki, qohumların gətirsin cəriməni ödəsin, sonra səni buraxaq?!”


Şəymən