Rusiyanın Stavropol diyarında baş verən yol qəzasında 6 Azərbaycan vətəndaşı yaralanıb







Rusiyanın Stavropol diyarı ərazisində baş verən yol-nəqliyyat hadisəsində Azərbaycan vətəndaşları xəsarət alıb.

APA-nın "sevkavportal.ru” saytına istinadən verdiyi xəbərə görə, qəza bu gün səhər saat 06.00 radələrində Georgiyevsk rayonunun Obilnoye kəndi yaxınlığında, Koçubey-Zelenokumsk-Mineralnıye Vodı yolunda baş verib.
"Mercedes” markalı mikroavtobusun "VAZ 2113” markalı minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb. Xəsarət alanlardan 6 nəfəri mikroavtobusun sərnişinləri olub. Onların hamısı Azərbaycan vətəndaşıdır.
Rusiya DİN-in Stavropol diyarı üzrə Dövlət Avtomobil Müfəttişliyi İdarəsindən bildiriblər ki, Zelenokumskdan Georgiyevsk istiqamətinə hərəkət edən mikroavtobus naməlum səbəbdən yolun qarşı tərəfinə çıxıb və "VAZ 2113” avtomobili ilə toqquşub. Nəticədə "Jiquli”nin sürücüsü ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.