Ermənilərin ağlı olsaydı...

...Kəlbəcərə, doğma yurduna gedən azərbaycanlılara ikinci dananı da kəsərdilər

Kəlbəcərdə erməni hərbiçilər tərəfindən əsir alınan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun aqibəti haqqında hələ də konkret məlumat yoxdur. Dövlət qurumları və beynəlxalq təşkilatlar azərbaycanlı girovların taleyindən xəbər tutmaq və onları xilas etmək üçün ciddi-cəhdlə çalışırlar. Ermənistan tərəfi isə israrla ələ keçən şəxslərin kəşfiyyatçı olduqlarını iddia edir və onların ən ağır şəkildə cəza alacaqlarını bildirir.

Əslində Azərbaycan ictimaiyyətində də ermənilərə girov düşən şəxslərlə bağlı münasibət birmənalı deyil. Əksəriyyət onları qəhrəman elan edib haqq qazandırsa da, əsirləri təhlükəli davranışlarından dolayı qınayanlar da yox deyil. Amma hər iki yanaşmanın yanlış olduğunu düşünüb orta mövqedə dayananlar da var...

"Mən onların lehinə və ya əleyhinə danışa bilmərəm”

"Qarabağ Qaziləri” İctimai Birliyinin sədr müavini, müharibə veteranı Firudin Məmmədov insanların torpaq həsrətinə haqq qazandırsa da, onların özlərini bu şəkildə təhlükəyə atmasını istəmir: "İnsanın doğulub boya-başa çatdığı yurdun həsrəti başqa şeydir. Mən özüm Ağdam rayonundanam və Qarabağın çox bölgələrində olmuşam. Həmin yerlərdən ötrü adamın burnunun ucu göynəyir. Getmək istəyənləri və gedənləri başa düşmək lazımdır. Hər bir məcburi köçkünün öz torpağına getmək haqqı var. Ancaq nəzərə almaq lazımdır ki, Qarabağ münaqişə zonasıdır və orada vaxtı bitmiş atəşkəs rejimi hakimdir. Hesab edirəm ki, Kəlbəcərdə əsir düşən insanlarımız ehtiyatlı olmalıydılar. Çünki bütün hallarda ermənilər bizim düşmənimizdir. Ona görə də qaçqın və köçkünlərimizin bu şəkildə hərəkət etmələrini istəməzdim. Çünki həyatlarını ciddi təhlükə altına atırlar. Ancaq neyləmək olar? İnsandı da, saxlamaq olmur”.

F.Məmmədov düşünür ki, həmin o üç nəfər erməni hərbiçilərinin ayıq-sayıqlığı nəticəsində əsir düşməyiblər: "Əsirlər səhvə yol verdikləri, yəni ehtiyatsız hərəkət etdikləri üçün ələ keçiblər. Bilirsiz ki, onlar bir neçə dəfə işğal olunmuş ərazilərdə olublar və hərəkətlərini videoya çəkiblər. Çox güman ki, xüsusi təyinat orqanları tərəfindən izləniliblər. Yəqin, Qarabağa gedib-gələndən sonra bu barədə yaxınlarına danışıblar. Yaxud rus vətəndaşı olan Dilqəm Moskvada kiməsə nəsə deyib. Bundan sonra erməni təhlükəsizlik orqanları hərəkətə keçiblər.

Mən bu hadisənin lehinə, ya da əleyhinə danışa bilmərəm. Amma onları qınamaqdan uzağam. Həmin adamlar silahsız-sursatsız öz yurdlarına gediblər və orada heç bir cinayət törətməyiblər. Axı hansı əsasla ermənilər mülki şəxsləri diversant adlandırır və cinayətdə ittiham edir?”.

"Kəlbəcərə gedən şəxsləri qınayanlar qorxaq adamlardır”

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu deyir ki, onların qorxmaz davranışı gənclərimizdə yüksək vətənpərvərlik hissi yaradır: "Neçə illərdir ayrı qaldıqları ata-baba yurduna getmək istəyən çox insan var. Təkcə Dilqəmgili nəzərdə tutmuram. Onlardan savayı işğalla barışmayan o qədər mərd oğullarımız var ki. Amma daha bacarıqlı olanlar, ərazini gözəl tanıyanlar heç nəyə məhəl qoymadan doğma torpaqlarına gedib-gəlirlər. Ermənilərə əsir düşən üç nəfər də belələrindəndir. Əhsən, halal olsun onlara. Cəsarətlərindən dolayı hərəkətlərini qəhrəmanlıq kimi dəyərləndirmək lazımdır. Azərbaycanda bu hünəri göstərə biləcək nə qədər insan var? Barmaqla sayıla biləcək qədər az. Belə qorxmaz adamlar lap İrəvana da gedib çıxar. İnanıram ki, dövlət tezliklə onları azad edəcək”. R.Kərimoğlu Kəlbəcərə gedən şəxsləri qınayanları qorxaq adlandırıb: "Özlərində cəsarət yoxdur deyə başqalarının igidliyini tənqid edirlər. Qınayanlara sual vermək lazımdır ki, ömürlərində bir dəfə də olsun cəbhə xəttinə, öz səngərimizə gediblərmi? Heç Qarabağa keçməyi demirəm. Fikrimcə, əsir düşən insanlar çox dəyərli adamlardır. Dövlət onları dərhal xilas etməli və uyğun vəzifə ilə öz qanadı altına almalıdır”.

"Əslində, ermənilər dinc azərbaycanlıları əsir götürdükdə onlarla çox insani davranmalı və görmək istədikləri yeri onlara könüllü göstərməli idilər”

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının sözlərinə görə, əgər Ermənistan həqiqətən müharibənin danışıqlar yolu ilə aradan qaldırılmasını istəyirsə, o zaman öz vətənlərinə gedən insanlardan bu qədər narahat olmamalıdır: "20 ildən çoxdur ata-anasının qəbrini görməyən insan bir gün heç bir şərtə, təhlükəyə baxmadan, dağları aşıb ölülərini ziyarətə gedəcək. Bu, insani hissdir. Onlara "kəşfiyyatçı” adı vermək məkirli və qərəzli yanaşmadır. Mülki şəxslərdən gizli yolla işğal olunmuş yerlərə gedib-gələnlər çoxdur. Ermənilər bir yandan "xalq diplomatiyası”ndan danışır, prezidentlərin, ictimaiyyət nümayəndələrinin görüşündən bəhs edir, xarici ölkə nümayəndələrini Qarabağa dəvət edir, digər yandan isə bölgənin həqiqi sahiblərini, mülki vətəndaşları ora qoymur. Əslində, ermənilər dinc azərbaycanlıları əsir götürdükdə onlarla çox insani davranmalı və görmək istədikləri yeri onlara könüllü göstərməli idilər. Sonra da sağ-salamat Azərbaycana yola salmalıydılar”.

S.Rüstəmxanlı bildirir ki, vaxtı ilə Ermənistandan gələn deputatı Bakıda qəbul edib. Çünki erməni deputat Azərbaycana gəlmək arzusunda imiş: "Biz onu başqa adla qəbul etdik, Bakını gəzdirdik və sonra da sakitcə yola saldıq Ermənistana. Həmçinin, erməni yazıçıları ilə Qazaxda görüşümüz olub. Amma biz onları girov saxlayıb, gözlərini çıxartmamışıq. Eyni zamanda Azərbaycan ziyalıları Şuşaya, Xankəndinə, İrəvana gediblər və s. Belə olan təqdirdə üç nəfər mülki şəxsin öz torpaqlarına gedib su içib, yemək yeyib, şəkil çəkdirməklərinin nəyi qəbahətdir? Əgər ermənilərin ağlı olsaydı, əsirlər üçün ikinci dananı kəsərdilər və onları qonaq edərdilər. Təəssüf ki, ermənilər adi insanlıq duyğularını çoxdan yaddan çıxarıblar. Bu, mənim sözüm deyil, bunu etiraf edən məhz erməni ziyalısı Anahit Bayandur olub”.

"Onları nə qəhrəman etməliyik, nə də qınamalıyıq”

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, dövlətimiz nəyin bahasına olursa-olsun, əsir düşən insanlarımızı girovluqdan xilas etməlidir: "Təbii ki, bundan öncə torpaqlarımızı işğaldan azad etməliyik. Anasının dəfn olunduğu yurdu ziyarətə getdi deyə kimisə qınamaq anormal yanaşmadır. Bəlkə qayıdandan sonra onları cinayət maddəsinin hansısa maddəsinə görə həbs də edək? Yəqin ki, bunu da təklif edənlər olacaq. Belə söz-söhbətlərə son qoyulmalıdır. Onları nə qəhrəman etməliyik, nə də qınamalıyıq. Sadəcə başa düşməliyik”.