“Məni zorla tribunaya çağırırlar, sonra da fitə basırlar”

Sərdar Cəlaloğlu: “Bu, Əli Kərimlinin kimliyini göstərir. Gəlmək qonaqdan, yola salmaq ev sahibindəndir”



Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu "Şərq”ə AXCP-nin keçirdiyi Xalq Cəbhəsi Hərəkatının 25 illik yubileyində çıxışı zamanı fitə tutulması və tədbir salonunu tərk etməsindən danışıb. Nitqində gəncləri tariximizə sahiblənməyə çağırdığını deyən təşkilat rəhbəri söyləyib ki, "tarix xalqın qürur mənbəyidir və tarixi bilmədən gələcəyə doğru dürüst addımlar atmaq olmaz” ifadəsindən sonra onu fitə basıblar.

S.Cəlaloğlunun sözlərinə görə, AXCP lideri Əli Kərimli bu işə müdaxilə etməyib: "Bir dəfə xəbərdarlıq etdim ki, nitqimi dayandıracam. Sakitləşdilər. Nitqə başlayanda yenidən fit çaldılar. Bundan sonra zalı tərk etdim. Açığı, heç danışmaq istəmirdim. Ə.Kərimlinin köməkçisi dedi ki, Əli bəy çıxış etməyinizi xahiş edir. Mən də çıxış etdim. Onları təbrik etdim. Hərəkatın qələbəsindən bəhs etdim. Ə.Kərimli öz çıxışında belə bir söz demişdi ki, gənclər tarixə baxmadan sabaha getməyi düşünməlidir. Mən də bəyan etdim ki, gələcəyə gedən yolun düzgünlüyünü bilmək üçün tarixə nəzər salmaq lazımdı. Tarixə baxmasaq, gediləcək yolu müəyyənləşdirə bilmərik. Özləri məni zorla tribunaya çağırıb sonra da fitə basırlar. Bu, qaragüruhçuluqdan başqa bir şey deyil”.

S.Cəlaloğlu AXCP liderini nöqsana yol verməkdə ittiham edir: "Ə.Kərimli yanlış olaraq AXC-nin fəaliyyətini öz təşkilatlarının adına yazır. Bunu sübut etmək üçün özlərini partiya deyil, hərəkat kimi qələmə verirlər. Ə.Kərimli bildirdi ki, başqa təşkilatlar öz maraqlarına xidmət etdiyi halda onlar xalqın mövqeyini dəstəkləyir. Mən də qeyd etdim ki, xalqın maraqlarından çıxış edirsinizsə, gedin tariximizə sahib çıxın”.

Təşkilat rəhbəri vurğulayıb ki, ona qarşı başladılan kampaniyanı AXCP funksionerlərindən biri idarə edib: "Zalı tərk etdikdən sonra, cəbhəçilərdən bir cavan qız dedi ki, Sərdar bəy, siz fikir vermədiniz, hadisəni yuxarıdan idarə edirdilər. Çıxışım zamanı bir gənci çağırıblar. Oda gedib cavanların içərisində panika salıb. Belə şeyləri vecimə almıram. Bu, Ə.Kərimlinin kimliyini göstərir. Gəlmək qonaqdan, yola salmaq ev sahibindəndir”.

Partiya sədri diqqətə çatdırıb ki, başlatdıqları qara piarı genişləndirməyə cəbhəçilərin cürəti çatmaz: "Elə faktları üzə çıxardaram ki, lap biabır olarlar. Yaxşı bilirlər ki, sözümün qabağına söz qoya bilməzlər. Ona görə də üstümə cavanları kükrədirlər. Nəinki gənclər, heç liderləri belə mənə təsir edə bilməz. Ə.Kərimlinin edib-tutduqlarını özünə bir-bir xatırladaram. Mənlə o dildə danışa bilməzlər. Fitə tutmaqla məni kiçik göstərmək istədilər. Amma böyüklüyüm alqışla deyil, xalqıma bağlılığımla ölçülür. Bunu hamı bilir. Bütün bəyanatlarım, kitablarım və açıqlamalarım birmənalı olaraq millətə və dövlətə bağlılığımı sübut edir”.

S.Cəlaloğlu onu hakimiyyətə yarınmaqda ittiham edənlərə də cavab verib: "Şah İsmayıl Xətai, Nadir və Qacarın ölkəmizdə tanınması, abidələrinin qorunması istiqamətində atılan addımlara görə iqtidarın ayağını öpərəm. Tariximi, xalqımı elə sevirəm”.

S.Cəlaloğlu əlavə edib ki, bir neçə cəbhəçi gənc ondan partiyalarının adından üzr istəyib: "Dedilər ki, onlar sizin fikirlərinizi başa düşmədilər. Əlbəttə, bu təşkil olunmuşdu. Ona görə də qulaq asmadılar. Bu, Ə.Kərimlinin malik olduğu mədəniyyətin səviyyəsini ortaya qoydu”.