“Daşnaksütyun”un səs-küyü məntiqsizdir

Partiya rəhbərliyi də çox yaxşı bilir ki, Ermənistanın gələcəyi Kremllə birbaşa bağlıdır



Ermənistanın terrorçu "Daşnaksütyun” Partiyasının büro üzvü Hrant Markaryan Rusiyanı hədələyib. Daşnak siyasətçi deyib ki, əgər Rusiya Azərbaycana silah satmaqda davam edərsə, Moskva Ermənistanı bir tərəfdaş kimi itirəcək. Əslində Moskva metrosunda baş vermiş qəzanın fonunda ermənilərin Rusiyanı hədələməsi təsadüfi deyil.

Bəlkə də bu, bir növ ismarıcdır. Çünki metroda terror törətməkdə ermənilərin böyük "təcrübəsi” var. Erməni terrorçuların Rusiya üçün nə qədər təhlükəli ola biləcəyini dəyərləndirən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Elxan Mehdiyev deyir ki, daşnakların təhdidi əsassız və nəticəsi olmayan hədələrdir. Çünki "Daşnaksütyun” rəhbərliyi də çox yaxşı bilir ki, Ermənistanın gələcəyi Kremllə birbaşa bağlıdır: "Terrorçu partiyanın bütün bəyanatlarında İrəvanın rəsmi Moskva ilə birlikdə hərəkət etməsi dəstəklənir. İndi nə oldu ki, birdən-birə partiya fikrini dəyişdi. Buna heç bir əsas yoxdur. Heç kim öz gələcəyini, qarantını təhdid etməz. Düzdü, ermənilər 1977-ci ildə Moskva metrosunda terror təşkil ediblər. Ancaq indiki dövrdə hər hansı terror hadisəsi Ermənistana baha başa gələr. Terrorçuların Rusiya ilə "zarafatı” ermənilər üçün ağır nəticə verə bilər”. E.Mehdiyev hesab edir ki, erməni terrorçuları, xüsusən də, "Daşnaksütyun” Partiyası bu cür təhdid bəyanatları ilə hələ də güclü olduğunu sübut etməyə çalışır: "Təhdid mesajı çıxılmaz vəziyyətdə qalan ermənilərin bir hayqırışı da ola bilər. Yəni Rusiya Azərbaycana silah-sursat satır, amma ermənilər buna mane ola bilmirlər. Ancaq daşnakların narahatlığı məntiqsizdir. Çünki Rusiya Azərbaycana satdığı silahın 2 qat çoxunu təmənnasız Ermənistana verir”.