50 manatlıq cəza gəlir...

İcbari sığorta ilə bağlı həmişə sürücülərlə şirkət arasında mübahisə yaranır



Avtomobil sahiblərinin icbari sığortaya görə cərimə məbləği artırılıb. Dünənədək sığorta olmadığına görə sürücülər 10 manat cərimə edilirdisə, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyin təsdiqlənməsi ilə bu məbləğ 50 manat müəyyənləşib. Sürücülər də yenə narazılıq edirlər ki, 50 manat yüksək məbləğdir. Əlbəttə, 10 manatı ödəmək daha asan idi, yol polisi avtomobil sahibini sığortaya görə cərimələyəndə gedib 10 manatı ödəyirdilər, bununla da "canlarını qurtarırdılar”.

Bizim əhalinin də qəribə xüsusiyyətləri var. Cərimə ödəməyə hazırdır, amma can və mal güvənliyi baxımından sığortalanmağa ərinir. Nə çətin işdi ki, ildə bir dəfə 50-100 və s. məbləğ ödə, sabah Allah eləməmiş, bir qəza baş verdikdə sığorta şirkəti dəymiş ziyanı ödəsin. Amma məsələ heç də göründüyü kimi sadə deyil. Avtomobil sahibləri sığorta şirkətlərinin əlindən yanıqlıdır. Süründürməçilik, sığorta məbləğinin az olması, pulun gec ödənməsi və s. Bunu görən sürücülər sığorta şirkətləri ilə uğraşmaqdansa, şəxsi hesablarından ödəmə edib məsələni yoluna qoymağı daha üstün tuturlar. Cərimə məbləğinin hazırkı artımı da bu baxımdan avtomobil sahiblərini narazı salıb. Sığorta şirkətləri avtomobil sahiblərinə istədikləri məbləği onsuz da vermir, hələ üstəlik, cərimənin də miqdarı artır?!

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə belə hesab edir ki, icbari sığortaya görə cərimələrin məbləğinin artırılmasında məqsəd kompleks tədbirlərin icrasının başa çatdırılmasıdır:

- 2011-ci ildə yeni "İcbari sığorta haqqında” qanun qəbul olundu. 2012-ci ildən etibarənsə tətbiq olunmağa başladı. Deyə bilərəm ki, artıq icbari sığorta sahəsində xeyli problem həllini tapır. Bu sahə özəl sığorta şirkətlərinə verilib, cəmi bir dövlət şirkəti var, o da təsərrüfat hesablıdır. Sığorta sahəsində əvvəlki illərə nisbətən indi xeyli irəliləyişlər var, avtomobil sahiblərinə ödəmələr həyata keçirilir. Hansısa bir ciddi əsas olmadan sığorta şirkəti ödəmələrdən imtina etmir. Düzdür, qiymətləndirmədə problemlər olur, mübahisələr, anlaşılmazlıqlar yaranır. Bəzən ödəmələr də gecikdirilir. Təsəvvür edin ki, Azərbaycanda il ərzində sığorta şirkətlərinə orta hesabla 70-80 milyon manat ödəmələr edilir. Avtomobilin növündən asılı olaraq 50 manat da ola bilər, 250 manat da. Bu qədər pulun müqabilində ödəmələr də problemsiz olmalıdır. Demək olmaz ki, ödəmələr edilmir, daim problem yaşanır. Ödəmələr həyata keçirilir. Sadəcə, avtomobilə dəymiş ziyanın qiymətləndirilməsi məsələsində fikir ayrılıqları yaranır. Bunu da yoluna qoymaq mümkündür. Mən təklif etmişəm ki, mərkəzi baza yaradılsın, kompüterləşdirilsin, avtomobillərə dəymiş ziyan dəqiq müəyyənləşsin. Müstəqil ekspertiza qurumu da yaradıla bilər. Avtomobil təmiri müəssisələrinin mütəxəssisləri bu quruma cəlb edilər və qiymətləndirmə aparılar və ortaq məbləğ müəyyənləşər. Sürücüləri, avtomobil sahiblərini narazı salan maksimal ödəniş məbləğinin 5 min manat təyin edilməsidir. Bu, sığorta şirkətindən asılı məsələ deyil. "İcbari sığorta haqqında” qanunda belə göstərilib ki, yol-nəqliyyat qəzası zamanı əgər insan tələfatı varsa, vəfat etmiş şəxsin ailəsinə 5 min manat ödənir. Xəsarətalma halı varsa, 5 min manata qədər ödənir. Avtomobil əzilibsə də, yenə 5 min manata qədər sığorta məbləği ödənir. Bu qiymət demək olar ki, eynidir. Tutalım, birisinin 30 min manatlıq avtomobili əzilib, sıradan çıxıb, amma ona 5 min manatdan artıq sığorta pulu ödənmir. Bu, əlbəttə, sürücüləri narazı salır. Amma bütün hallarda sürücülər sığortalanmalıdır. Şərt deyil ki, kimsə xəsarət alsın, ya da avtomobil sıradan çıxsın. Hansısa orta və ya yüngül bir xəsarət də ola bilər ki, dəymiş ziyanı sığorta şirkəti ödəyəcək. Sığorta olmadan avtomobili texniki baxışdan keçirmək olmur, avtomobil qeydiyyata alınmır. Üstəlik, cərimə də olunursan. Sürücülər tənbəllik etməsin, qorxmasınlar da, gedib sığortalansınlar.