Rayonlarda heyvan bazarları bağlandı

Təhlükəli xəstəliklə bağlı Baytarlıq xidməti ciddi işlərə başladı

Respublikanın Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarında mal-qara arasında nodulyar dermatit adlanan xəstəlik yayılıb. Ən acınacaqlı vəziyyət isə Cəlilabadın Alar kəndindədir. Kənd sakinlərinin sözlərinə görə, xəstəlik heyvanlarda qızdırma ilə başlayır, daha sonra onların dırnaqlarında soyulma prosesi gedir. Daha sonra hayvanların bədənlərinin müxtəlif nahiyələrində dairəvi şəkildə şişlər yaranmağa başlayır. Kənddə xəstəliyə tutulmuş xeyli sayda iribuynuzlu heyvanların tələf olduğu və müvafiq qurumlar tərəfindən heyvanların cəsədlərinin yandırıldığı deyilir.

Dövlət Baytarlıq Xidmətinin mətbuat sözçüsü Yolçu Xanvəli "Şərq”ə açıqlamasında bildirib ki, xəstəliyin qarşısının alınması məqsədilə artıq Dövlət Baytarlıq Xidməti müvafiq tədbirlər görməyə başlayıb. Hazırda xəstəlik müşahidə edilən heyvanlar arasında simptomatik (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizmin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən tədbirlər) müalicə tədbirləri aparılır”.

Xəstəlik haqqında məlumat verən Y.Xanvəli nodulyar dermatit xəstəliyinin virus mənşəli olmaqla qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələndiyini söyləyib: "Xəstəliyin qansorucu həşəratlar vasitəsilə-transmissiv yolla yalnız iribuynuzlu heyvanlar arasında yayılması aşkar edilib. Bu xəstəlik yalnız iribuynuzlu heyvanlar arasında yayılır. Bu xəstəlik insanlara keçmir”.

Y.Xanvəli xəstəliyin iqtisadi zərərlərindən danışıb: "Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsi, inəklərdə cinsi siklin, törədici buğalarda müvəqqəti cinsi fəallığın pozulması iqtisadi zərərin baş verməsi ilə nəticələnir”.

Onun sözlərinə görə, xəstəlik aşkarlanan rayonların heyvan bazarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb: "Kənd təsərrüfatı naziri cənab Heydər Əsədovun tapşırığına əsasən xəstəliyin qarşısının alınması məqsədilə bir sıra rayonların heyvan bazarları bağlanıb. Həmin ərazilərdə ciddi şəkildə dezinfeksiya tədbirləri aparılır. Bu işlərin yüksək səviyyədə təşkili istiqamətində yerli rayon icra hakimiyyətləri də yaxından iştirak edirlər”.

Qurum rəsmisi həmçinin heyvanların ölməsi və cəsədlərinin yandırılması ilə bağlı deyilənləri təkzib edib: "Hələlik heyvanlar arasında tələfat müşahidə edilməyib. Təsərrüfatlarda mütəmadi olaraq profilaktik baytarlıq-sanitariya tədbirləri həyata keçirilir. Xəstəliyə Dövlət Baytarlıq Xidməti tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə-profilaktik, sağlam heyvanlarda profilaktik tədbirlər, dezinfeksiya (çimizdirilmə) işləri görülür”.

Dövlət Baytarlıq Xidməti əhalinin nəzərinə çatdırır ki, heyvanlar arasında hər hansı narahatçılıq olduğu zaman yerli baytarlıq orqanlarına müraciət etsinlər, heyvanların bazara çıxarılmasına yol verilməsin, qansorucu həşəratlara qarşı dezinfeksiya tədbirləri davam etdirilsin. Bütün bu tipli xəstə iribuynuzlu heyvanlar sağalmayana qədər məhdudlaşdırıcı tədbirlər davam etdiriləcək.

Qeyd edək ki, nodulyar dermatit virus xəstəliyinin kliniki əlamətləri bir müddət əvvəl İraq, Türkiyə və İran ərazilərində iribuynuzlu heyvanlar arasında müşahidə olunub.