Mədinə Gülgünün Azərbaycan “davası”...

Ürəyi susuncaya qədər dilinin əzbəri Təbriz oldu



Bir torpaq üstündə doğulmuşuq biz,Bir qolum Bakıdır, bir qolum Təbriz.

Azərbaycançılıq ideyasının coşqun daşıyıcılarından və təbliğatçılarından biri də Vətən həsrətinin simvoluna çevrilmiş görkəmli şairə, əməkdar incəsənət xadimi Mədinə (Gülgün) Nurulla qızı Ələkbərzadədir.

Həyatı

M.Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olub. Burada ibtidai məktəbi bitirən Mədinə 1938-ci ildə qanlı sovet rejiminin repressiyaları nəticəsində ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçüb. Daha sonra Təbriz şəhərində yaşayıb və toxuculuq karxanasında əmək fəaliyyətinə başlayıb. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olub. Gənc şairə dərk edib ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb və fars dilini öyrənib. Sonralar Təbriz Dram Teatrında çalışan M.Gülgün "Azərbaycan” qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışaraq 1945-1946-cı illər Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı olub. Öz mübariz şeirləri ilə ömrü boyu inqilaba carçılıq edib. Şairə 1948-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olub və 1952-ci ildə həmin fakültəni bitirib. "Şərəf Nişanı” ordeni, "21 Azər”, "Əmək veteranı” kimi medallarla təltif olunan vətənpərvər şairə 17 fevral 1991-ci ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

Yaradıcılığı

M.Gülgün uşaq yaşlarından ədəbiyyata böyük həvəs göstərib. Xüsusən Aşıq Ələsgəri, M.Ə.Sabiri və Natəvanı sevərək mütaliə edib. O, məktəb səhnəsində göstərilən kiçik tamaşalarda da rol alıb. Bəzən isə göstərilən bu tamaşalara özünün yazdığı kiçik şeir parçalarını da əlavə edib. Mədinənin ilk qələm sınaqları 1940-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlayıb. O, şeirlərini 1945-ci ildə Təbrizdə "Vətən Yolunda” və "Azərbaycan” qəzetində çap etdirib. M.Gülgünün "Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanıb. Şairənin ilk yaradıcılığı Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda mübarizə apardığı illərə təsadüf edir. Milli-azadlıq hərəkatının geniş vüsət aldığı və İkinci Dünya müharibəsi dövründə ədəbiyyata gələn şairənin ilk şeirlərində nəzərə çarpan cəhət bu şeirlərin xalqın həyatı və mübarizəsi ilə bağlı olması idi. Coşqulu Vətən sevgisi və azadlıq həsrəti onun yaradıcılığının əsas motivlərini təşkil edib. Şeirlərində başlıca yer tutan hicran, həsrət motivləri də əsasən Vətən yanğısından irəli gəlirdi. Vətəndən, doğma torpaqdan uzaqlıq şair ürəyi döyünən hər sənətkarda təzə-təzə şeirlər, mahnılar doğurur. Məşhur bir filosofun dediyi kimi, mühacirətdə yaşamalı olan qələm sahibi iki qəlsəməyə malik olmalıdır. Onların biriylə ayrıla bilmədiyi doğma yerlərin ab-havasını tənəffüs etməli, digəriylə düşdüyü ayrılıq mühitindən bəhrələnməlidir. M.Gülgün də məhz belə yaşayıb həyatını. Onun əsərləri bir sıra xarici ölkələrin dillərinə tərcümə olunub. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyən şairə kəsərli sözləri ilə onların harayına səs verib. Şairənin Bakıda və Moskvada "Savalanın ətəklərində”, "Sülhün səsi”, "Təbriz qızı”, "Dünyamızın sabahı”, "Durnalar qayıdanda”, "Dünya şirin dünyadır”, "Arzu bir ömürdür”, "Yora bilməz yollar məni”, "Könlümü ümidlər yaşadır” və s. şeir kitabları dərc olunub. Bu kitabların başlıca mövzusu Vətən, xalq, azadlıq, Təbriz həsrəti, insanlara canı yanan bir ana qəlbinin arzu və istəkləridir.

Azadlıq mübarizəsi

Ürəyi susunca dilinin əzbəri Təbriz olan, əbədi yerini onun sinəsində görən, çeşmələrindəki bircə içim suyunu belə hər dərdin dərmanı sayan şairə Azərbaycan poeziyasının Vətən həsrətindən nəğmələr qoşan susmaz bülbülü idi. O, ömrü boyu bircə yol seçib - "Vətənə sarı gedən yol”. Dövrün və quruluşun amansızlığı bu çətin yolun yolçularını elə çətinliklərlə üzləşdirib ki, arzuların çiçəklənən yazı qışa dönüb. M.Gülgün min bir həvəslə, istəklə "vüsal köçünü” Təbrizdə açmaq niyyəti ilə yaşayıb yaradırdı. Hələ 12 yaşı olanda Mədinənin Təbrizdə, Ərdəbildə üzləşdiyi zillətlər getdikcə balaca qızcığazın ürəyinə ağrılar salırdı. Kiçik şairə elə bu illərdən başlayaraq, haqsızlığa, ədalətsizliyə qarşı çıxmağa başlayıb. Bu səbəbdən də milli demokratik hərəkata qoşulub. Tez-tez mətbuatda şeirləri dərc edilib, kitabları çap olunub. 1945-ci il azadlıq uğrunda mübarizə aparan cənubi azərbaycanlıların, o cümlədən M.Gülgünün həyatında dönüş ili olur. Məşhur "21 Azər” hərəkatından sonra Mədinə işlədiyi karxanadan çıxıb azadlıq mübarizlərinin çap etdikləri "Azərbaycan” qəzetinin xüsusi müxbiri olaraq fəaliyyət göstərir. Gənc şairə qəzet müxbirliyi ilə yanaşı, təşkilati işlərdə də yaxından iştirak edir. M.Gülgün o zaman Təbrizdə təşkil olunan "Azərbaycan Qadınlar Cəmiyyəti”nin, "Azərbaycan Yazıçılar və Şairlər Cəmiyyəti”nin və "Təbriz Teatr Cəmiyyəti”nin idarə heyətinin üzvü seçilir. Cənubi Azərbaycanda milli hökumət yarandığı dövrdə Təbriz Dram Teatrında, "Azərbaycan” qəzetində, Təbriz qadınlar klubunda çalışır. Lakin ömrünün bahar çağında azadlıq carçısı olması bəxtəvər günlərini yenidən "göy əskiyə” bürüyür. Könlünü bağladığı Təbrizdə də doyunca yaşaya bilmir.

Döyüş asan gəldi ge0ndən baxana,

Qaldı bostanımız yağış yağana.

Qəfil tufan düşdü Vətən bağına,

Yəqin bu ömrü mən yaşamalıydım.

1946-cı ildən məsləkdaşları ilə birlikdə Arazın bu tayına keçən Mədinə Gülgünün sevinci çox sürmür. Çünki şairənin anası Təbrizdən çıxa bilmir. Sonralar Mədinə xanım ailə qurur, ana və nənə olur. Ancaq yenə də gözləri yollarda qalır. Varlığını əzən ana və Təbriz həsrəti onun dincliyini ömürlük əlindən alır.

Gözüm qaldı Arazda,

Dedim, gəlləm bu yazda.

Ana, səbr et bir az da,

Söyləməyə üzüm yox.

Gücünü torpaqdan alan, doğma Azərbaycanın hər qarışına məftun olan, səhərlərini ümidlə açan M.Gülgünün həsrəti ömründən uzun olur. Zaman onun məmləkətini və millətini amansız sınaqlara çəkir. Arzuları ömür yolunda çıraq olan azadlıq şairəsi Azərbaycan torpağının əsil nəğməkarı kimi bir-birindən sanballı, maraqlı əsərlər yaradır.

Vətən sevgisi

M.Gülgünün könül rübabının sarı simi Vətəndir. Bu mövzuda onun qələmə aldığı şeirləri milliliyi, torpağa bağlılığı ilə seçilib. Misralarındakı fikir tutumu, poetik deyim tərzi onu həmişə həmkarlarından fərqləndirib. Şairənin yazdığı "Dəniz, sahil, mən”, "Bağların bar vaxtı”, "Payız”, "Göy-göl, "Ağ badam çiçəkləri” və digər şeirlərindən ana torpağımızın ürək döyüntüsü eşidilir. Onun şeirləri qırılmaz zəncir ilə öz el-obasına bağlıdır. Mədinəyə ilham verən yurdu, ana dili, bir də doğma elidir. Bu da bir həqiqətdir ki, ədəbiyyat xalqa xidmət etdikdə əbədiyyətə çevrilir. Onun yaradıcısı inanır ki, xalq onu unutmayacaq. Bu baxımdan Mədinə Gülgün də gözəl bilirdi ki, o taylı-bu taylı Azərbaycan onu heç zaman unutmayacaq. Ona görə də, şeirində oxucusuna "Mənim kimliyimi, mənim adımı Vətənimdən soruş, elimdən soruş” deyirdi. Şairə yaxşı bilirdi ki, elini, Vətənini tərənnüm edən insan xalqın ürəyində həmişəlik yaşayacaq. M.Gülgün keçdiyi ağır sınaqlarla dolu yaradıcılıq yollarının sadəcə bircə ilini həsrət və ayrılığın yaxıb-yandırdığı nəfəsindən uzaq keçirib. Şair bu həqiqəti etiraf etməkdən, qələminə ilham və qüdrət verən qüvvənin ünvanını dəqiq tərənnümdən xüsusi qürur duyub:

İndi mənə ilham verən

Bir müqəddəs vətənim var.

Azad dilim, azad sözüm,

Gül-çiçəkli çəmənim var.

Bir nəğməkar bülbül kimi

Azad oldum qəfəsdən mən.

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Bəxtiyar Vahabzadə Mədinə xanımın yaradıcılığını həmişə ustad və qələm dostu kimi qiymətləndirib. Vətənin və xalqın mənafeyi keşiyində bir mücahid əzmi ilə döyüşə hazır olduğunu mərd-mərdanə elan edən M.Gülgünün yaradıcılığına B.Vahabzadə bir fədai qətiyyəti ilə cavab verib: "Mən məhəbbət dediyim zaman Mədinənin yalnız bu mövzuda yazdığı şeirlərini və qəzəllərini nəzərdə tuturam... Şairin tutduğu yolu, məsləki, əqidəsi, andı, sənət eşqi də bu böyük duyğu ilə yaşayır”.

M.Gülgün milli-demokratik poeziyanın görkəmli nümayəndəsi kimi şöhrət tapıb. Bu poeziyanın nümayəndələri döyüş meydanlarındakı səngərləri xalqın onlara bəxş etdiyi ən qiymətli və etibarlı dayaq nöqtəsi hesab ediblər. Keçirdikləri səksəkəli gecələr və düşmən atəşləri altında keçən gündüzlər onlar üçün əsl sınaq meydanı olub. Xalqın fədai oğul və qızları bu mücadilədən başı uca çıxıblar. Onların zəfərini təmin edən amillər sırasında xalq aparıcı rol oynayıb. M.Gülgünün çox məqbul səslənən baxışı ondan ibarət olub ki, azadlıq mücahidləri və onların dəstəkçiləri həmişə müqəddəs hesab edilməlidir. Şairin qələmindən süzülüb gələn misraları da bu həqiqəti dönə-dönə təsdiq edir:

Şair, ağ günlərin eşqilə yarat,

Hünər meydanıdır anamız - həyat.

Şeirin pərvazlanıb açmazdı qanad

Onda xalqın səsi, bil, olmasaydı.

Zəmanəsinin "şair anası” kimi şöhrət tapan M.Gülgünü təkcə öz xalqının, öz ölkəsinin deyil, bütün cəmiyyətlərin taleyi düşündürürdü. Onun bəsirət gözü, ərəb şərqində, Afrika səhralarında, Avropanın müxtəlif nöqtələrində öz mənafeləri naminə odlu silah sahiblərinin axıtdıqları nahaq qanlara biganə qala bilməzdi. Şairə sual verirdi ki, "Yaşıl planet” hesab edilən bir dünyanı insanlar üçün dinc yaşamaq diyarına çevirmək mümkün olduğu halda onun hər bucağında nigarançılıq ocağı yaratmaq kimə və nəyə lazımdır.


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb