Kredit qalmaqalı...

Məktəb direktoru ilə bağlı yayılan məlumatlar araşdırılır



Məktəb direktorlarının özbaşınalığı və yarıtmaz fəaliyyəti ilə bağlı hadisələrə biri də əlavə olunub. Budəfəki hal rüşvətxorluq və korrupsiyanın ənənəvi "təcrübəsindən” tamam fərqlidir. Məktəb rəhbərləri əvvəllər süpürgə, "8 mart”, süfrə və imtahan pulu adı ilə "dolya” yığırdılarsa, yığımın əhatə dairəsini genişləndirmək üçün indi başqa metoda keçiblər. Vəzifələrindən sui-istifadə edərək müəllimləri kreditə salırlar.

Bir sözlə, müəllimlərin bədbəxtliyi üzərində xoşbəxtliklərini qururlar. Ölkəmizdə bu utancverici tendensiyanın "banisi” Xətai rayonundakı 171 saylı orta məktəbin direktoru İradə Murğuzova sayılır. O, banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə təqsirləndirilir.

Direktor barəsində iddiaların müəllifi, məktəbin müəllimi Mədinə Tağıyeva bildirib ki, İ.Murğuzova direktor təyin olunandan bütün sinif rəhbərlərinə pul yığdırır. Bu da narazılıqlara gətirib çıxarır: "Hiddətimin səbəbi müəllimlərin adına banklardan götürdüyü külli miqdarda kredit məsələsi ilə bağlıdır. Bütün müəllimlər kredit götürüb ona verib. Krediti ödəmədiyindən müəllimlər uşaqlardan pul yığıb kreditə ödəyir. Mən kredit götürmədiyimdən belə edir. Direktor deyir ki, arxamda duran var. Tələbim odur ki, töhmət yazdırıb uşaqları üstümə qaldırmasın. Yanvardan bu yana 5 töhmət verib mənə. İlboyu dərsə gəlməyən uşağa qiymət yazdırmağı tələb edir. Uşaq üçün pul təklif edir, mən də rədd edirəm”.

Müəllimin ittihamlarına cavab verən İ.Murğuzova isə düşmənlərinin və kreslosuna göz dikənlərin çox olduğunu söyləyib: "Məmnuniyyətlə, buradan rədd olub gedərəm. Amma Mədinəyə görə getməyəcəm. Özümü min kişidən üstün sayıram. Qaçan kişilərdən deyiləm. Bir Mədinənin xarici görkəminə baxın, görün elə müəllimə olar? Uşaqları zəifdir, özü tərbiyəsizdir”.

Direktor Təhsil Nazirliyində olduğunu da əlavə edib: "Dedilər ki, nə istəyir yazsınlar. İslanmışın yağışdan nə qorxusu. Olmayan şeyi yazıblar haqqımda”.

"Qafqazinfo” məsələ ilə əlaqədar Təhsil Nazirliyinə sorğu göndərib. Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır. Bütün təfərrüatlar məlum olduqdan sonra məlumat veriləcək.

Sözügedən təhsil müəssisəsində xoşagəlməz halların əvvəllər də baş verdiyini deyən təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında vurğulayıb ki, məktəb direktorlarının əksəriyyəti arxalı adamlardı. Ona görə də vəzifələrindən sui-istifadə edərək istədikləri kimi davranırlar: "Direktorların hər cür oyundan çıxmalarının şahidi olmuşdum. Amma sonuncu hadisə korrupsiya sistemində yeni "nəfəs”dir”.

Ekspert hesab edir ki, bəzi direktorlar belə ucuz işlərlə məşğuldur. Ekspert onu da diqqətə çatdırıb ki, məktəb direktorları bəzən icra başçılarının tapşırıqlarını yerinə yetirməli olur: "Məsələn, icra rəhbərləri direktora 100 kitab göndərir ki, bunu almalısan. O da müəllimlərə olduğundan yüksək qiymətə satır. Qalan pulu da cibinə qoyur”.

Əməkdar müəllim Almaz Həsrət isə həmin məktəbdən indiyə qədər neqativ hadisə eşitmədiyini qeyd edib: "Subyektiv fikir sürətlə yayılır. Buna inanmaq düzgün deyil. Jurnalistikanın zəif tərəflərindən biri də odur ki, bəzən məlumatlar dəqiqləşmədən ictimaiyyətə ötürülür”.

Xanım direktoru tanıdığını deyən ekspert bəyan edib ki, onun bu cür işlərlə məşğul olması inandırıcı deyil: "İnanmıram. Ola bilsin, hansısa anlaşılmazlıq baş verib. Bu, böhtan da ola bilər. Hadisə araşdırılmalıdır. Öncədən hansısa mühakimə yürütmək doğru deyil. Bir daha qeyd edirəm ki, İradə xanımın o cür hərəkətlərə yol verməsinə inanmıram”.