“Mən 2 uşaqla onun- bunun qapısında qalmışam”

Nuriyyə Əhmədova: “Yorulmuşam, indi ikiotaqlı ev istəyirəm ki, balalarımla ora yığışım”

Xalq artisti, Prezident təqaüdçüsü Nuriyyə Əhmədova yenə sərt danışdı. Hazırda Maştağada rəfiqəsi Tamilla Abdullayevanın evinə məskunlaşıb. O, yayın sonuna qədər rəfiqəsigildə qalacağını bildirdi. Aktrisa bir neçə rəfiqəsindən istirahət təklifi alsa da, indi evində məskunlaşdığı rəfiqəsi onu heç yerə buraxmayıb.

Aktrisa "Şərq”ə açıqlamasında evsizliyindən danışarkən kəskin ittihamlar səsləndirdi: "Düzünü deyim, indi bir balaca ayağım düzəlib. Az-çox yeriyə bilərəm. Amma təzyiq mənə əziyyət verir. Müalicə alsam da, özümü narahat hiss edirəm. Nə qədər xəstəxanada yatım? İnanın bezmişəm. Xəstəxanada qalanda məcbur olub oğlumu da yanımda saxlayırdım. O uşaq xəstəxana qapılarında dərslərinə hazırlaşırdı. Hazırda iki oğlumla rəfiqəmgilə sığınmışam. Bu barədə danışanda xəcalət çəkirəm. Özümə də hərdən qəribə gəlir ki, bu vaxta qədər evsiz-eşiksizəm. Bütün həyatımı sənətə qurban vermişəm. Amma 57 ildi əziyyət çəkirəm. Çox müraciət etmişəm. Mehriban xanıma da, Prezidentə də məktubla müraciət edib evsiz olduğum barədə məlumat vermişəm. Amma bilirəm ki, mənim məktubum prezidentə çatmayıb. Çatsaydı, bu günə qədər evlə təmin olunardım. O, sənətə, sənətkara dəyər verir. Mənə Xalq artisti adını da prezidentimiz verib. Mən 2 uşaqla küçələrdə, onun-bunun qapısında qalmışam. Səsimə səs verən yoxdu. Abrıma bükülüb susurdum. Nə qədər susum? Xəcalətimdən danışmaq istəmirdim ki, Xalq artistiyəm, başımı salacaq evim yoxdu. Amma daha susmaq istəmirəm. Xəstəxanada yatanda Mehriban xanıma məktub göndərdim. O vaxt mənə baş çəkməyə Qənirə Paşayeva da gəlmişdi. Qənirə xanım da bildirdi ki, kömək edəcək, bu barədə Mehriban xanıma məlumat verəcək. Mən Nazirliyə də müraciət etmişəm, Bakı Şəhər İcra Hakimiyyətinə də. İcra Hakimiyyətindən mənə bildirildi ki, sizə ev verməyə ixtiyarımız yoxdu. Siz dövlət adamısız, Xalq artistisiz, prezident təqaüdçüsüz. Sizə dövlət tərəfindən ev verilə bilər. Yaxşı, mən bu yaşda nə etməliyəm? Nə qədər onun-bunun qapısında qalım? Mənim kiçik oğlumun 16 yaşı var. İncəsənət Gimnaziyasında təhsil alır. Nağaraya, rəqsə gedir. İstedadlı uşaqdı. Amma bu uşağın normal evi yoxdur ki, dərsdən sonra gəlib, öz otağında dərsləri ilə məşğul olsun. Bu il 11-ci sinfə keçdi. Bu uşaq ali məktəbə bu qapıdan o qapıya keçə-keçə necə hazırlaşa bilər? Böyük oğlum da xəstədir. O qədər nəm yerlərdə yaşadıq, uşağım xəstəlik tapdı. Mənə sual verirsiz, qızım, danışanda xəcalət çəkirəm. İllərini sənətə verən insan da evsiz olar. Mən bilirəm ki, dövlət sənətkarlara diqqət yetirir. Ev alan o qədər sənətçilərimiz var ki. Eləsi olub iki dəfə ev alıb. Mən villa istəmirəm, bağ istəmirəm. Mən 2 otaqlı ev istəyirəm ki, balalarımla ora yığışım. İnanın ki, yorulmuşam. Amma məcburam ki, bir az birinin evində qalım, bir az bir başqasının. Hərənin öz dərdi var. Mən də onlara yük oluram. Amma neyləyim? O qədər imkanım da yoxdu ki, kirayədə yaşayım. Dərs vaxtı oğlumun məktəbinə görə bir müddət kirayədə yaşadım. Amma çatdıra bilmədim kirayə pulunu. Nə qazanıram ki? Bunu ağlamaq kimi qəbul etməyin. 46 ildir kirayələrdə yaşayan Xalq artisti olub görəsən? Nə qədər dözüm? Deyirəm danışmayım, ayıbdı. Amma susanda da mənim halıma yanan olmur. Mənə deyirlər sənin indi "Şöhrət” ordeni alan vaxtındı, sus. Mən mətbuat vasitəsilə də deyirəm ki, mənə "Şöhrət” ordeni adı lazım deyil. Onsuz da xalq məni sevir. Mənə ev verin, buna ehtiyacım var. Qarşıdan Milli Kino Günü gəlir. Ümid edirəm ki, bu günlə əlaqədar mənə də şad xəbər verilər. Hər kəs bilir ki, buna çox ehtiyacım var. Birotaqlı ev belə mənə kifayət edir”, - deyə aktrisa son dəfə səsləndi.