12 min avro olmadı...

...Sözün namusunu qoruyan Adil Mirseyidi itirdik






Yəhərlədim ağ atımı, çapıb getdim dördnala,
Ağlama, sil göz yaşını, arxamca su at bala...

Uzun müddətdir qaraciyər serrozundan əziyyət çəkən tanınmış şair, rəssam Adil Mirseyid dünyasını dəyişdi. Sinəsi söz və qəmlə dolu olan istedadlı qələm adamlarından daha biri dərdli şəkildə fani dünyanı tərk etdi. Amma dünyadan gedən şairin cismidir. Onun ölməz ruhu, yazdıqları və çəkdikləri daim xalqın yaddaşında, xatirələrdə yaşayacaq.

Deməli, A.Mirseyid də heç vaxt ölməyəcək... Gələcəyə güzgü tutan mərhum sənət adamının insanların yaddaşında necə qalacağını isə şairi sevən, onunla dost və həmkar olan tanınmış ictimaiyyət nümayəndələrinin A.Mirseyid haqqında "facebook” və mətbuatda yazdıqları fikirlərdən aydın şəkildə görmək olar...

Tanınmış yazıçı Seyran Səxavət: "Heyf... Çox Heyf... Adil Mirseyid kimi adamın dünyasını dəyişməsi böyük hadisədir. Bunu qabaqlayıb ondan böyük heç nə demək olmaz. Ölüm xəbərini eşidəndə elə bildim bədənimə qarışqalar daraşdı. Tüklərim biz-biz oldu. Mərhumla mənim gözəl münasibətlərim var idi. Adil insan kimi də, şair kimi də, rəssam kimi də çox maraqlı adam idi. Ondan yoxdu. Ölümü məni çox yandırdı. Adil səhər tezdən vəfat edib. Burda da fərq var. İnsan yola çıxanda səhər-səhər çıxır. Adil də milyonların getdiyi o yola səhər tezdən çıxıb. Mən ona bu yolda uğurlar arzulayıram....”.

Şair, yazıçı, jurnalist Etimad Başkeçid: "Adil Mirseyid sözün əsl mənasında kübar əxlaqının, kübar mədəniyyətinin daşıyıcısı idi. İstər yazılarında, rəsmlərində, istərsə də həyatda. Neçə illər tanışlığımız müddətində onun nəyəsə səsini ucaltdığını, hirslənib özündən çıxdığını görmədim. Elə bil bu dünyanın adamı deyildi. Onun son müsahibələrini kövrəlmədən oxumaq olmur. Adilin çarəsiz vəziyyəti və bu şəkildə faciəvi ölümü ürək parçalayır. Rəhmətlik Şaiq Vəli ilə bağlı da yazmışdım. Biz sanki gözlənilən qətllərə şahidlik edirik. Hər necə olsa da, A.Mirseyid Azərbaycan ədəbiyyatında iz buraxıb getdi. Yaxınları, dostları və ədəbiyyatsevərlər onu həmişə rəhmətlə yad edəcəklər”.

Şair Səlim Babullaoğlu: "Adil müəllim sevdiyim, öyrəndiyim, böyük hesab elədiyim şairlərdən biri idi. 1995-ci ildə tanış olmuşduq. Bəlkə 100 kilometrlərlə piyada yol qət eləmişik, tonlarla çörək yemişik, nə bilim meqabaytlarla söhbət etmişik. A.Mirseyidlə bir kiçik həmkarı kimi ən çox ədəbiyyat, poeziya söhbəti edən adam yəqin ki, mən olmuşam. Çünki onunla söhbətimiz tuturdu. Ramazan ayında vəfat etdi... Allah rəhmət eləsin! Yeri behişt olsun! Mən Nüşabə xanıma, Ayana və Ayaza (övladları) başsağlığı verirəm”.

Yazıçı Məti Osmanoğlu: "A.Mirseyid yazıları ilə "zəmanə adamı” ola bilməyən bir insan taleyinin obrazını yaratdı və real insan ömrü yaşamaqdan imtina edərək özünə də o obrazın həyatını seçdi. Şeirlərindən birinin başlığı ilə desək, o özünü "uçurumun kənarından ulduzlara baxıb” yaşamağa məhkum etdi və həyatı çox ucuz tutdu. Adil həyatda bağlı qapının bəri üzündə qaldı... Allah rəhmət eləsin”.

Tanınmış yazar Şərif Ağayar: "O, olduqca maraqlı adam idi. Həm insan kimi, həm şair kimi, həm də rəssam kimi. Bizdə adətdir, hamı öləni tərifləyir. Ancaq mən doğrudan da bu fikirdəyəm və dediklərim əsla tərif deyil. Vəziyyətinin ağır olduğunu bilirdik. Ölüm xəbərinə hazır idik. Amma yenə də böyük itki olaraq bizi ağrıdır. Bir yana baxanda da canı qurtardı. Çünki şair təkcə fiziki yox, həm də mənəvi cəhətdən əzab çəkirdi. Bu gerizəkalı cəmiyyət onun üçün deyildi. O heç vaxt bu cəmiyyətlə dil tapa bilmədi. Ruhu şad olsun. Allahın hüzuru belə insanlar üçün ən gözəl yerdir”.

Şair Fərid Hüseyn: "Dağların ötəsində yar dediyim gülüm var, dünyaya bel bağlama bu dünyada ölüm var..” deyirdi Adil Mirseyid”.

Professor Elçin İsgəndərzadə: "Xoşbəxtlikdən bu gözəlim məmləkətin belə bir şairi var. Bədbəxtlikdən "biganəlik iqlimində” yaşamağa məhkum... O, elitar şair idi, sürrealist və mistik idi. A.Mirseyid poeziyası əzəli və əbədi həqiqətlərə tapınır. Şair zaman dışında ölümlə oyun oynayır. Onun poeziyası zamanüstü poeziyadır.

"Ay süvarisi” yola çıxıb, uğurlar olsun. Arxasınca su atın...”

Gənc yazar Emil Rasimoğlu: "Müqəddəs Ramazan ayında Haqqa qovuşan şair, yerin cənnət olsun. Nə qədər ədəbiyyat var, "Adil Mirseyid” imzası yaşayacaq”.

Yazıçı-publisist Əziz Rzazadə: "Adil Mirseyidlə yaxınlığım yox idi. Amma tanışlığımız vardı. Bu adamı görmək xoşdu, ziyansızdı. Çünki o, acıdil deyildi. Təkəbbürlü olması mümkünsüzdü. İçi söz-söhbətlə doluydu. Onu hər görəndə xəyalən Parisin latın məhəlləsini gətirirdim göz önünə. Əsl o dövrün personajıydı. Amma çox az adam bilir ki, zamanında Bakının ən məşhur hippilərindən biri olub. Özü mənə danışmışdı... Mən o illərdə bütün yaşıdlarım kimi o uzunsaç oğlanlara həsədlə baxanlardan idim. İndi Adil Mirseyid haqq dünyasındadır... Bu da bir həsəd.. Lənətə gəlsin fani dünyanı. Allahdan sənə rəhmət diləyirəm. Gənclik eşqini sonadək içində saxlaya bilmiş şair-rəssam”.

Tanınmış yazar Kənan Hacı: "Adil Mirseyid ruhunu həmişə təmiz saxlayan, öz içindəki işığı başqaları ilə paylaşan, təmənnasız bir ömür yaşayan, sözün namusunu qoruyan bir kişi idi. Təpədən-dırnağa qədər bütün yaşam tərziylə, görkəmiylə şair idi. Onun tərki-dünyalığı da bu xüsusiyyətlərindən irəli gəlirdi. Mütəvazi görkəmi ilə müqəddəs bildiyi sözün ərazilərində gəzib-dolaşırdı. Adil kimi insanlar heç vaxt ölmürlər. O, sözün yaddaşına köçdü, sözün yaddaşı isə dünya qədər qədimdir. Ruhu şad olsun. Adil bizim canımızdan qopdu sanki...”

Gənc yazar Kəramət Böyükçöl: "Adil Mirseyid son müsahibəsində demişdi ki, 12 min avro olsa, sağalaram. Amma 12 min avro olmadı və Adil müəllim bu səhər dünyasını dəyişdi. Allah Adil Mirseyidə rəhmət eləsin, 12 min avroya da "can sağlığı” versin”.

Yazıçı-jurnalist Məmməd Süleymanov: "Adil Mirseyid çıxıb getdi. Boşluq hissi... Başının üstündən Stalinin şəklini asan 77 yaşlı bir köhnə kişini torpağa tapşırıb qayıdandan sonra keçirdiyim yuxusuz bir gecə və səhərə yaxın Adil Mirseyidin beynimdə uğuldayan misraları: "Evim yox, işim yox, ağzımda dişim yox. Sənin nəyin çatmır, atəşböcəyi...”

Jurnalist İradə Sarıyeva: "Tanrıdan ölüm yatağında olan Adil Mirseyidin sağ qalmasını dilədik, ancaq niyyətimiz hasil olmadı. Sübhü Adil Mirseyidin ölüm xəbərilə açdıq...Təəssüf... Adil Mirseyidin ölüm xəbəri sözə könül verən hər kəsi yandırdı”.

İsmayıl