Nizami Cəfərov: "Millətimiz həqiqətən müsibətdi"

“Televiziyalarda mövzular peşəkar səviyyədə qoyulmur”
“Dəvət olunan ekspertlər subyektiv mülahizələrlə çıxış edirlər”



Ölkə telekanallarının "fəaliyyəti” ictimaiyyət tərəfindən zaman-zaman kəskin tənqid olunur. Əfsuslar olsun ki, iradlardan nəticə hasil olunmur. Ona görə də kanallarımız ictimai şüurun formalaşmasında heç bir gücə malik deyil. Maarifləndirmə əvəzinə, efirlərdə toyxana proqramları hazırlanır. Bu da cəmiyyətin zövqünü korlayır. Belə ucuz proqramlar ucbatından vətəndaşlar yerli kanalları açmaq istəmir.

Bir çox teleməkanlarda canlı debatlar, kütləvi tamaşaçının marağını əks etdirən, real problemlər üzərində qurulmuş verilişlər yox dərəcəsindədir. Bayağı və şit verilişlərə üstünlük verilir. Bu da bir faktdır ki, Azərbaycan tamaşaçı auditoriyası yerli deyil, əcnəbi, Rusiya və Türkiyə kanallarını izləyir. Fikirlərimizin təsdiqi kimi binaların damlarında və divarlarında quraşdırılan çoxsaylı peyk antenalarını göstərə bilərik. İlk baxışdan bu məsələlər aktual görünməyə bilər. Ancaq məsələ daha ciddidir. Bu cür davam edərsə, gələcəkdə çox ciddi fəsadların baş verməsi qaçılmazdır. Söhbət, cəmiyyətə mənəviyyatsızlıq aşılanması səbəbindən ölkəyə dəyə biləcək ağır zərbədən gedir. Dəhşət doğuran məqamlardan biri də odur ki, bəzi televiziyalar baş verən ailə faciələri üzərində şou qurub, reytinq qazanır. Reytinq, qazanc naminə Zaurlar, Mikayıllar, Elgizlər kimilərinə geniş meydan verilir. Onlar çoxsaylı tamaşaçı topladıqlarına görə kanal rəhbərlərinə sərf edirlər. Burada qazanan telekanallar, uduzan isə cəmiyyətimiz olur. Kanallarımız sanki aşağı kütlənin səviyyəsinə enmək üçün yarışa giriblər. Halbuki onlar mənasız verilişlər yayımlamağa deyil, tamaşaçının səviyyəsini qaldırmağa çalışmalıdırlar. Kanalları cılız göstərən bir amil də telejurnalistlərin hələ də məişət dilindən yaxa qurtara bilməməsidir. Onların dil normaları barədə dəfələrlə həyəcan təbili çalınsa da, vəziyyət olduğundan da pis məcraya yönəlib.

Televiziyalardakı nöqsanlarla bağlı "Şərq”ə müsahibə verən filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bunu peşəkarlıq səviyyəsinin aşağı olması ilə izah edib. Onun sözlərinə görə, teleproqramlar aktuallıq kəsb etmir: "Kifayət qədər aktual mövzular tapmaq olar. Amma bu, edilmir. Başqa bir problem odur ki, mövzular və müzakirələr peşəkar səviyyədə qoyulmur. Dəvət olunan ekspertlər subyektiv mülahizələrlə çıxış edirlər. Bəzən şərh verilməli olan mövzular olur. Məsələn, cinayət işi verilişləri var. Kifayət qədər populyardı. Cinayət hadisəsi barədə məlumat verilir. Məlumatı verən aparıcı hadisəni doğuran səbəb və nəticələri aydınlaşdırmır. Olay ümumiləşdirilmir. Belə olan təqdirdə danışılanlar söz yığınına çevrilir. Sonda da deyilir: "çalışın salamat qalın”. Belə olmaz axı”.

- Son zamanlar daha çox şahidi olduğumuz gülünc hal odur ki, verilişlərdə hansısa bir ailə dramı üzərində şou qurulur. Bunu necə dəyərləndirirsiniz?

- Belə hallara doğrudan da çox rast gəlinir. Faciələr üzərində çox yüngül şou qurulur. Ailə hadisələrini maraqlı bir əsər kimi təqdim edirlər. Faciəvi hadisəni təhlil etmək və açmaq lazımdır. Qarşılığı olan başqa nümunələr vermək olar. Ölkəmizdə o qədər gözəl ailələr var ki. Bəzən o gözəl ailələr barəsində olan verilişlər də yaxşı hazırlanmır. Məzmunu ortaya çıxarılmayan, təhlil aparılmayan proqrama çevrilirlər. Veriliş zallarındakı dekorasiyanı gücləndirməklə iş bitmir.

- Keçirilən sosial sorğulardan da məlumdur ki, sakinlərimiz daha çox xarici telekanallara üz tuturlar. Yerli kanallara maraq azdır. Sizcə, səbəb nədi?

- Bu günlərdə Bakıdan Astaraya gedib, qayıtdım. Millətimiz həqiqətən müsibətdi. Düzdü, saraya bənzər evlər var idi. Amma üzərində 2-3 "krosnu” olan uçuq-sökük evlər də mövcuddur. Qabaqlar qaçqın yataqxanaları vardı. O yataqxanaların üzərində çoxlu sayda peyk atenaları görmək olardı. Gedib ev-eşiyini qaydaya salmaq, özünə bir yurd-yuva qurmaq əvəzinə, antena alır. İş burasındadır ki, bəzi xarici verilişlər bizimkilərdən heç də fərqlənmir. Orda da şou dalınca getmək meyilləri var. Amma peşəkar televiziyalar da mövcuddur. Etiraf etmək lazımdır ki, indiki halda Xoşqədəm Hidayətqızının təqdimatında baş tutan "Səni axtarıram” verilişinə demək olar ki, paytaxt sakinlərinin əksəriyyəti maraqla baxırlar. "Telekanallarımıza baxılmır” məsələsini ümumiləşdirmək düzgün olmazdı.

- Televiziyaların ağrılı yerləridən biri də telejurnalistlərin dil faktoru məsələsidir. Düzdü, bunun ətrafında ciddi müzakirələr aparılıb. Lakin problem olduğu kimi qalır. Niyə nəticə çıxarılmır?

- Bu barədə çox fikirlər səslənib. Hətta Milli Televiziya və Radio Şirkəti (MTRŞ) ilə birgə məsələ ətrafında geniş fikir mübadiləsi aparıldı. Böyük dilçilər də iştirak edirdilər. Aydındı ki, dil daha çox KİV-də inkişaf edir. Xalq dilindən və dünyanın müxtəlif dillərindən yeni sözlər gəlir. Bu, canlı prosesdi. Bu məsələdə də peşəkarlığın üstünə qayıdıram. Dil peşəkarlığı və normalarına əməl olunmur. Ən ciddi bəla məişət dilinin efirlərə gəlməsidir. Bu çox arzuolunmaz haldı. Çoxlu söz danışılır, amma içində heç bir məntiq olmur. Baxırsan ki, dil boşuna işləyir. Dil enerjisi yoxdu. Yaddaqalan fikir söylənilmir. Dedi-qodu təfəkkür məhsulu sayılmır. Belə olan halda dil inkişaf edə bilməz.

- Bu problemin həlli üçün hansısa təklifiniz olubmu?

- Bəli, belə bir təklif irəli sürmüşük ki, TV-lər müasirlik və yüksək keyfiyyət istəyirsə, öz nəzdində nitq mədəniyyəti və ya başqa adla şöbə yaratmalıdır. Bu sahə daha ciddi nəzarətə götürülməlidir. Belə olan halda nəsə əldə etmək mümkündür. Bu fəsadların qarşısını administrativ səviyyədə almaq olmaz.

- Bu günlərdə MTRŞ sədri Nuşirəvan Məhərrəmli yerli telekanalların fəaliyyətini pisləyərək qeyd edib ki, ölkəmizdə uşaq verilişləri sahəsində səviyyə və keyfiyyət baxımından inkişaf yoxdur. Bunu necə izah edərsiniz?

- Bir də qayıdıram o fikrimin üstünə ki, hamısı peşəkarlıq səviyyəsinin aşağı olması ilə əlaqədardır.

Ayyət Əhməd