Uşaqlar evdən qaçır, intihara əl atır

İndi Azərbaycan ailəsi heç bir zaman olmadığı qədər mənəvi gərginlik içərisindədir



Ailələrdə baş verən münaqişələr, cinayət hadisələri ailədəki uşaqlara tez təsir göstərir. Valideynlər arasında yaşanan gərginlik onların övladlarına psixoliji təsir edir. Belə olan hallarda uşaqlar evdən gedir, intihara cəhd edir. Bir neçə gün öncə baş verən bir hadisə buna misal ola bilər. Xətai rayonunda Seymur adlı şəxs gecə saatlarında evdən qaçaraq özünü körpüdən atmaq istəyib. Xoşbəxtlikdən intiharın qarşısı alınıb. O, özünə sui-qəsdin səbəbini valideynləri arasındakı münaqişələri göstərib.

Baş verən hadisə ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu "Şərq”ə şərh verib.

"Belə hadisələr cəmiyyətimizdə çox olur. İndi ailə zəminində gənclərimiz bir çox xoşagəlməz hallarla rastlaşırlar. Bu, onların hərəkətlərində də özünü göstərir. Ümumiyyətlə, indi Azərbaycan ailəsi heç bir zaman olmadığı qədər mənəvi gərginlik içərisindədir. Çünki əvvəllər Azərbaycan ailəsi mənəvi amillər üzərində qurulurdu. Burada kişi və qadının rolları ənənəvi qayda müəyyənləşmişdi. Lakin son vaxtlar cəmiyyətdə gedən dəyişikliklər və dünyada baş verən qlobal proseslərin təsiri altında çox arzu olunmayan vəziyyət yaranıb”.

Ə.Qəşəmoğlunun qənaətincə, gərgin hallar ailənin ənənəvi rollar üzərində bölünməsi qaydasının pozulması deməkdir: "İndi ailələrdə maddi amillər rol oynamağa başlayıb. Ailənin daxilində olan insanların həyata baxışında və mənəvi dəyərlər yönümündə baş verən fərqliliklər maddi faktorun gücünü çoxaldıb. Ona görə də indi yerli ailələr ənənəsindən çıxaraq yeni arzu edilən bir formaya keçə bilməyib və belə bir çətin vəziyyətdə qalıb”.

Sosioloq həmçinin evin, ailənin bir neçə üstün cəhətlərini sadalayıb: "İnsan işlədiyi və gəzdiyi vaxt ona tərəf yönələn neqativ enerjilərdən evində istirahət edərək xilas ola bilir. Həmçinin ev insan xəstələnəndə sağala bildiyi məkandır. Digər tərəfdən ailə hər bir fərdi cəmiyyətə hazırlayan məktəbdir, ilham mənbəyidir. Yəni müsbət yöndə ailədə ər arvaddan, kişi qadından, uşaqlar valideynlərindən ilham almalıdır. Təəssüflər olsun ki, indiki dövrdə ailələrdə bu funksiyaların hamısı pozularaq bir-birinə qarışıb”.

Ekspert sonunda belə problemlərdən çıxış yolu kimi ölkənin ən savadlı mütəxəssisləri ilə birlikdə kompleks olaraq fəaliyyət proqramının hazırlanıb qəbul edilməsini təklif edib: "Bu fəaliyyət proqramında hansı inzibati dəyişikliklər olmalıdır, KİV-də, xüsusən televiziya kanalı necə qurulmalı olduğu öz əksini tapmalıdır. Bununla da nümunəvi ailə institutu yaratmaqla dünyaya səs sala bilərik ki, bizdə belə ailə modeli var”.

Vüqar Şahinoğlu