Qızıl Xaç Komitəsinə xəbərdarlıq edildi

Kəlbəcərdə əsir düşən azərbaycanlılardan bir xəbər alınmasa, təşkilat ölkədən çıxarılacaq




Bir həftə keçməsinə baxmayaraq, Kəlbəcərdə ermənilərə əsir düşən Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun taleyindən xəbər tutmaq mümkün olmur. Azərbaycan dövləti ilə yanaşı, bir sıra beynəlxalq təşkilatlar da məsələni diqqətdə saxlayacaqlarını deyirlər.

Ermənistan tərəfi azərbaycanlı əsirlər haqqında informasiya əldə edilməsinə mane olmağa çalışsa da, Azərbaycan dövləti xarici əlaqələrini işə salaraq girovların sağ-salamat geri qaytarılması üçün ciddi səy göstərir. Ancaq erməni tərəfinin əsirləri "diversantlıqla”, cinayətlə ittiham etməsi girovların xilas edilməsinə maneçilik törədir. D.Əsgərovun rus vətəndaşı olması onun geri qaytarılmasını bir qədər asanlaşdırsa da, digər iki azərbaycanlının durumu qaranlıq olaraq qalır. Əsirlərdən H.Həsənovun öldürülməsi xəbəri də hələ dəqiqləşməyib. Ermənistan müdafiə naziri Ohanyan azərbaycanlı əsirlərdən danışarkən deyib ki, hər üç azərbaycanlı əməliyyat nəticəsində həbs edilib. Ohanyan onlardan hər hansının öldürüldüyünü deməyib. Məlumat üçün bildirək ki, artıq girov düşmüş şəxslərin hüquqlarını müdafiə komitəsi də yaradılıb. Komitə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edərək əsirlərin geri qaytarılması və ya dəyişdirilməsi ilə bağlı məşğul olmalarını istəyib. Ermənilərə girov düşmüş şəxslərdən danışan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və baş nazirin müavini Əli Həsənov Prezident

İlham Əliyevin məsələ ilə əlaqədar xüsusi tapşırıq verdiyini bildirib: "Məsələ birbaşa cənab prezidentin nəzarəti altındadır. O, öz tapşırıqlarını verib. Gündəlik bu işlə məşğuluq. Məlumat dəqiqləşən günü ölkəmizdə fəaliyyət göstərən Qızıl Xaç Komitəsini dəvət etdim və dedim ki, təcili olaraq İrəvanda, yaxud Xankəndində olan ofisləri ilə əlaqəyə girsinlər. Çünki ermənilərin vəhşiliklə məşğul olduğunu bilirik. İnsanlara qarşı yüz cür hərəkətlər edirlər. Ermənistanın özünün də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə müqaviləsi var. Ancaq Ermənistan həmin müqaviləni pozaraq nizamnaməyə əməl etmir”.

Ə.Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə ciddi xəbərdarlıq edildiyini bəyan edib: "Girov götürülənlərlə qısa müddətdə görüş alınmasa, komitənin ölkəmizdəki nümayəndəliyi haqqında ciddi tədbirlər görüləcək, hətta ölkədən çıxarılma həddinə qədər. Bir həftə ərzində əsirlərlə görüşün alınmaması komitənin fəaliyyətini şübhə altına alır”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə deyib ki, Azərbaycan öz vətəndaşlarının azad edilməsi üçün lazımi addımlar atır: "Əsirlərin durumunu nəzarət altında saxlamaq və işgəncəyə məruz qalmamaları üçün nə lazımdırsa ediləcək. Təbii ki, onların azad edilməsi üçün də işlər görüləcək və görülür də. Hər iki mülki vətəndaşımız erməni əsirləri ilə dəyişdiriləcək”. Deputat vurğulayıb ki, Ermənistanda əsir olan iki azərbaycanlının hüquqları kobud şəkildə pozulur: "Əsirlərlə davranma qaydaları ilə bağlı xüsusi konvensiya var. Amma ermənilər buna əməl etmir. Yayılan videogörüntülərdən də bunu görmək mümkündür”.

Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edib ki, azərbaycanlıların girov götürülməsi onların "kəşfiyyatçı” kimi mühakimə olunmasına rəvac vermir: "Beynəlxalq hüquqi normalara uyğun olaraq bu, yolverilməzdir. İşğalçı tərəf girovlarla münasibətdə diqqətli olmalıdır. Əvvəla, beynəlxalq humanitar hüququn prinsipləri var. Cenevrə Konvensiyasına görə, mülki əhali müdafiə olunur. Bundan başqa, girov götürülən kəlbəcərlilər öz vətənlərinə gediblər. Ona görə, girovlar mühakimə oluna bilməz. Əgər mülki şəxs sərhədi qeyri-qanuni keçsəydi, bu, başqa söhbət olardı. Bizim həmvətənlərimizin məsələsi isə fərqlidir. Əsir düşən mülki şəxslər isə dərhal geri qaytarılmalı və ya dəyişdirilməlidir”.

Hərbi ekspert, polkovnik-leytenant Üzeyir Cəfərov soydaşlarımızın öz torpaqlarına getmək haqqını tanısa da, bu cür addımların daha düşünülmüş və ehtiyatlı formada həyata keçirilməsinin tərəfdarıdır: "Elə etmək lazımdır ki, sonradan hansısa ciddi problem ortaya çıxmasın. Burda çoxlu məsələlər var ki, onlar haqqında geniş yazmaq və fikir bildirmək bir sıra səbəblərdən lazım deyil. Yəqin ki, söhbətin nədən getdiyini başa düşənlər nə demək istədiyimi anladılar. İstənilən halda soydaşlarımız hər hansı qanun pozuntusunda, hüquqi müstəvidə onlara problem yaradan bir əməldə ittiham edilə bilməzlər. Onlar Azərbaycan vətəndaşlarıdır və öz doğma el-obasına baş çəkməyə gediblər. Yeganə problemli məsələ budur ki, onların səfər etdikləri ərazilər hazırda düşmən nəzarətindədir. Əgər beynəlxalq qanunlar doğru tövsif edilərsə, əsirlər tezliklə azad edilməli və Azərbaycana qaytarılmalıdırlar. Dövlət öz vətəndaşına lazım olan şəkildə hərtərəfli dəstək olmalıdır”.

İsmayıl