General: “Əsgər təsərrüfat işlərinə cəlb olunmayacaq”

Müdafiə Nazirliyində media ilə görüş keçirilib





Bu gün ölkə mediasının baş redaktorlarının Müdafilə Nazirliyinin yüksək vəzifəli rəsmiləri ilə görüşü keçirilib.
 Görüşdə media və ordu münasibətləri müzakirə olunub. Tədbirdə iştirak edən media rəhbərləri ordu ilə bağlı aktual məsələləri qaldırıb və aidiyyati şəxslər bu suallara cavab veriblər.
Görüşdə müdafiə nazirinin müavini general-leytenant Kərəm Vəliyev də iştriak edib. K.Vəliyev bildirib ki, media ilə ordu arasında əlaqələr zəifdir və bu münasibətləri gücləndirmək istəyirlər.
Qeyd edək ki, görüş Salyan kazarmasında keçirilib.

"Söhbət gəzir ki, biz köhnə proqramlara, Rusiya sisteminə qayıdırıq. Bu, yalandır”. 
Bu sözləri tanınmış media qurumları başçılarının Müdafiə Nazirliyinin rəhbərləri ilə görüşündə müdafiə nazirinin müavini general-leytenant Kərəm Vəliyev deyib.
O, nazir Zakir Həsənovun keçirdiyi kollegiya iclasında əsas tapşırıq kimi dağ şəraitində döyüş hazırlığını gücləndirməyin olduğunu bildirib:

"Azərbaycan ordusu NATO istiqamətində təlim keçir, bütün proqramlar NATO sisteminə uyğunlaşdırılıb, ordu quruculuğu davam edir”.

General-leytenant bildirib ki, bundan sonra əsgərlər təsərrüfat işlərinə cəlb olunmayacaqlar.

"Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Kəlbəcərin bütün yollarının minalanacağı barədə açıqlaması daxili auditoriyaya hesablanmış bəyanatdır”.
Bunu da  general-leytenant Kərəm Vəliyev deyib.
Nazir müavinin sözlərinə görə, xüsusilə də dağlıq ərazidə yolların minalanması məntiqli addım deyil. Dağlıq ərazidə bu tədbir heç bir effekt verməyəcək: "Ermənistanın müdafiə nazirinin bu çıxışı daxili auditoriya hesablanmış əsassız bəyanatdır”. General-leytenant Azərbaycan Ordusunun inventarında minalı sahələrdən keçid açmaq üçün müasir texnologiyaların olduğunu da vurğulayıb: "Azərbaycan Silahlı Qüvvələrinin inventarında müasir mina aşkarlayan və təmizləyən qurğular var. Odur ki, minalı sahələri təmizləyib keçmək problem deyil”.

Qeyd edək ki, "tert.am” saytının yaydığı məlumata görə, Ohanyan Ermənistan hökumətinin iclasında Kəlbəcərdə Azərbaycan "diversantlarının” hərəkətini məhdudlaşdırmaq üçün bütün yolların minalanması istiqamətində işlər apardıqlarını bildirib.