Qarabağ azad olunsa, sülhməramlılar da gələ bilər

Bu məsələdə İran hökumətinin etirazları nəzərə alınmayacaq




İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi Dağlıq Qarabağdan danışıb. Səfir ölkəsinin sözügedən ərazidə xarici sülhməramlıların yerləşdirilməsinin əleyhinə olduğunu bildirib. "Rəsmi Tehran belə təşəbbüslərə qarşı çıxış edir. Məsələnin həlli Ermənistandan, Azərbaycandan və ATƏT-in Minsk Qrupundan asılıdır.

Lakin yad qüvvələrin yerləşdirilməsi regionun təhlükəsizliyini təhdid altında qoyacaq. İraq və Əfqanıstan buna parlaq nümunədir”.

Məlumat üçün bildirək ki, bir müddət öncə ATƏT-in həmsədr ölkələri münaqişənin tənzimlənməsi üçün Laçın dəhlizi istisna olmaqla 7 rayonun Azərbaycana qaytarılması və Dağlıq Qarabağda xarici sülhməramlı qüvvələrin yerləşdirilməsi təşəbbüsü ilə çıxış ediblər. Sözsüz ki, Azərbaycan hökuməti bu təklifdən imtina edərək, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tələb edib.

Səfirin açıqlamasını şərh edən Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin (ATSAM) rəhbəri, politoloq Hatəm Cabbarlı "Şərq”ə bildirib ki, münaqişənin həlli barədə danışıqlar başlanandan etibarən İran problemin çözülməsi istiqamətində müəyyən təşəbbüslər göstərir. Amma o təşəbbüslərin tərəfsiz vasitəçilik baxımından həyata keçirilməsinin şahidi olmuruq: "Torpaqlarımızın itirilməsində cənub qonşumuzun "xidmətlərindən” xəbərimiz var. Bu faktlar ölkəmizdə İranın vasitəçiliyinə qarşı inamsızlıq yaratdı. Son 20 ildə cənub qonşumuz məsələnin dinc yolla həlli barədə müxtəlif səpkili fikirlər səsləndirsə də, ATƏT-in Minsk Qrupu fəaliyyətə başladıqdan sonra İran bu prosesdən uzaqlaşdırıldı”.

Ekspertin sözlərinə görə, İran səfirinin açıqlamasını bölgədə cərəyan edən hadisələrin müstəvisində dəyərləndirmək daha doğru olar: "Son zamanlarda postsovet ölkələrində yaşanan gərgin hadisələr, xüsusilə Rusiyanın Krımı ilhaq etməsi və Moskvanın Ukraynanın cənub-şərqindəki separatçıları dəstəkləməsi İranı da narahat edir. Səfir münaqişədə hansısa irəliləyişin olması ehtimalını düşünərək bəyanat verib. Əslində, tərəflər problemin sülh yolu ilə nizamlanması istiqamətində ortaq məxrəcə gələrlərsə, buraya sülhməramlıların yerləşdirilməsi də baş tuta bilər. Belə olacağı halda Ruhani hökumətinin etirazları nəzərə alınmayacaq. Ona görə də İran təşvişə düşüb”.

Ayyət Əhməd