“General bilir ki, mediaya göstəriş vermək olmaz”

Natiq Məmmədli: “Əgər dövlətin əsas generallarından biri bunu etiraf edirsə, sağ olsun, böyük şeydir”



İyulun 18-də Müdafiə Nazirliyi ilə Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin görüşü keçirilib. Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbirdə ordu və media arasında qeyri-rəsmi anlaşma olub. Anlaşmaya əsasən, bundan sonra milli maraqlar və dövlətçilik əleyhinə dəqiq olmayan məlumatlar mətbuatda getməyəcək.

Müdafiə Nazirliyinin idarə rəisi, polkovnik Rauf Kişiyev, polkovnik Rüfət Əmirov və mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı media ilə əlaqələrin qurulması məsələləri barədə fikirlərini bölüşüb və qonaqları maraqlandıran suallara aydınlıq gətirib. Məlumat üçün bildirək ki, 10-dək qəzet və internet portalının rəhbərlərinin qatıldığı tədbirdə televiziya və radiolar iştirak etməyib. "Yeni Müsavat” və daha bir neçə müxalifyönlü qəzetlərin rəhbərləri dəvət olunsalar da, tədbirə qatılmayıblar.

Müdafiə Nazirliyi ilə keçirilən görüş barəsində fikirlərini "Şərq”lə bölüşən "Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli deyib ki, Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alaraq, medianı müdafiə məsələləri ilə bağlı informasiyalara həssas, peşəkar və milli maraqlara uyğun yanaşmağa çağırıb. Baş redaktor görüşdə tərəflər üzərinə hər hansı öhdəliyin qoyulmadığını bildirib: "Baş redaktorlarla müdafiə nazirinin müavinləri və digər rəhbər şəxslər arasında qarşılıqlı, maraqlı və səmimi dialoqlar oldu. Müəyyən fikir mübadilələrinin hamısı hərbi işlə bağlı materialların peşəkarcasına hazırlanması ətrafında getdi. Nazir müavini, general-leytenant Mətbuat Günü münasibəti ilə media nümayəndələrini təbrik etdi. Onun mətbuatın missiyasını çox gözəl şəkildə dəyərləndirməsi şəxsən mənə maraqlı gəldi. General söylədi ki, "mən sizə deyə bilmərəm, nəyi yazın, nəyi yazmayın, çünki bu, birbaşa özünüzdən asılıdır”. Yəni general bilir ki, mediaya göstəriş vermək olmaz. Əgər dövlətin əsas generallarından biri bunu etiraf edirsə, sağ olsun, böyük şeydir”.

Media ilə ordu arasındakı münasibətlərə toxunan N.Məmmədli deyib ki, hər sahənin peşəkar maraqları var: "Mətbuat istəyir ki, xəbəri operativ şəkildə işıqlandırsın və eksklüziv informasiyalar verərək rəqiblərindən qabağa düşsün. Müdafiə Nazirliyi isə istəyir ki, ölkənin müdafiə infrastrukturu ilə bağlı olan xəbərlər operativ yox, daha çox mötəbər olsun”.

Baş redaktor zaman-zaman nazirlik tərəfindən tənqid edilən jurnalist-hərbi ekspert münasibətlərinə də toxunub: "Hərbi ekspertlərlə iş təkcə Müdafiə Nazirliyi və mətbuatla bağlı deyil. Nazirlik hərbi ekspert yaratmır. Media da özündən hərbi ekspert uydurmur. Ekspert konkret həmin sahə üzrə çalışmış bir mütəxəssis sayılır. Bu baxımdan düşünürəm ki, müvafiq material jurnalist etikasına və prinsipinə uyğun hazırlanarsa, hər hansı anlaşılmaz məqamlar qalmaz. Yox əgər, "hərbi ekspert” dedikdə görülən müsbət işlərə gölgə salan qaragüruh şəxslər nəzərdə tutulursa, onda əlbəttə, özümüz də başa düşürük ki, bu açıqlamalar reallıqdan xəbər vermir və şəxsi ambisiyalara xidmət edir. Belə məqamları da media rəhbərləri özü tənzimləməlidir”.

Dəvət olunduğu halda görüşə getməyən müxalifyönlü media qurumları haqqında N.Məmmədlinin görüşü belə olub: "Bilmirəm hazırda Azərbaycanda müxalif mətbu orqan adına iddia edənlər kimlərdir, amma o görüşdə həqiqi jurnalistlər iştirak edirdilər. Tədbirə dəvət olunanlar da ölkədə ictimai-rəyin formalaşması prosesində iştirak edən tanınmış media qurumları idi”.

İsmayıl