Biz sahib çıxa bilmirik, onlar Suriyaya gedir

Ekspertlər gənclərimizin sərhədlər aşmasının qaranlıq məqamlarına işıq salır



Azərbaycan gənclərinin Suriyaya axını ölkəmiz üçün ciddi problem olaraq qalır. Ən pisi də odur ki, gənclərimizin muzdlu olaraq, Suriya döyüşlərində iştirakının qarşısını almaq müşkülə çevrilib. Artıq ictimai qınaq da heç bir effekt vermir. Hətta problemin parlament səviyyəsində müzakirəyə çıxarılması da, səmərə vermədi. Fakt odur ki, ölkəmizdə gənc nəslin itkisi prosesi gedir. Amma bu prosesin səbəbi hələ heç kimə məlum deyil.

Cəmiyyətin maarifləndirici tədbirlərdən, təbliğatdan əli üzülüb. Az qala hər gün bir valideynin "övladım Suriyaya gedib” harayı və ya "döyüşdə daha bir azərbaycanlı qətlə yetirilib” kimi qara, üzücü xəbərlər eşidirik. Bu halın dayandırılması istiqamətində aparılan tədbirlərə baxmayaraq gənclərimizin Suriya "sevdası” bitib, tükənmir. Ora gedən gənclərin sayına hər gün ən azı bir

nəfər əlavə olunur. Belə ki, bu günlərdə Salyanın Şorsulu kəndindən Zülfüqarov Kamran Azər oğlu adlı şəxs də döyüş bölgəsinə "cihad”a yollanıb. Bu barədə "Axar”az-a rayon icra başçısının müavini Rəşad Cəbrayılov bildirib. İcra nümayəndəsi hadisə barədə rəsmi məlumatın olduğunu da etiraf edib: "Həmin şəxs ruhi xəstə idi. Suriyada öldü-qaldısından bir xəbər yoxdur. Salyanda bu faktdan başqa Suriyaya döyüşməyə gedən heç kim yoxdur. Bizim rayon dinə bağlı bölgədir, möminlər diyarıdır. İnsanların böyük əksəriyyəti inanclıdır”.

Gənclərimizin döyüş bölgəsinə axınına münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və südafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib ki, Suriyanın qanlı və qaynar hərb meydanlarında üz-üzə gələn qardaş azərbaycanlılar üçün həqiqi məqsəd bəlkə də heç yoxdur: "Onlar üçün önəmlisi vuruşmaq, öldürmək, özünü güclü saymaq, nəyə qadir olduğunu sübuta yetirməkdir. Təbii ki, kisəmizdən getdiklərinin fərqindəyik. O insanlara cənnətin harada olduğunu göstərə bilməmişik. Əslində onlar cənnət deyil, qazanc arxasınca qaçırlar. Amma bir aylıq döyüşlə ailəsini sosial rifahın ən yüksək mərtəbəsinə qovuşdurmağa bəslənən ümidlər Türkiyə sərhəddini keçən kimi puça çıxır”.

Sosioloq Əhməd Qəşəmoğlunun qənaətincə, gənclərin bu cür yönlənməsində psioxoloji məsələlər daha çox rol oynayır. Bundan başqa, ölkədə gənclər, uşaqlarla iş sahəsində müəyyən boşluq var: "Gənclərimizlə lazımi qaydada məşğul ola bilmirik. Ölkədə uşaq, gənclərlə işləyən təşkilatlar olmalıdır. Sovet dövründə pioner, komsomol təşkilatı da məhz bu funksiyanı yerinə yetirirdi. İndi də adını dəyişib, yeni təşkilatlar yaratmalıyıq. Gənclərin bu cür müxtəlif təsirlər altına düşməsində məktəbin, gənclərlə işləyən təşkilatların da rolu var. Gənclər həyatdan təcrid olunmuş şəkildə qaldıqlarından müəyyən qüvvələrin təsiri altına düşürlər. İnsan təhsildə, ideoloji məsələdə zəif olduqda onları cəlb etmək asan olur”.

Sosioloqun sözlərinə görə, həmin gənclərin əksəriyyəti təmiz qəlblidir, onların məqsədləri terror olmur. Psixoloji və sosioloji cəhətdən təhlil edildikdə, hətta xüsusi qabiliyyətləri ilə seçilirlər. Lakin bu qabiliyyətləri dəyərləndirilmədiyinə görə, müxtəlif qruplara üz tuturlar: "Bu işlə formal deyil, ciddi məşğul olmaq lazımdır. Gəncləri doğru ideyalar ətrafında birləşdirən təşkilatlar olmalıdır. Hətta dindar qisim də dini dəyər ətrafında birləşib, dövlətçilik, mənəviyyata kömək edə bilər. Bu sahədə elmi təminat əsasında ciddi fəaliyyət proqramları hazırlanmalıdır. Problemin qarşısı alınmazsa, ciddi problemlərin, xoşagəlməz halların sayı artacaq. Üstəlik, sadəcə danışmaqla məsələ həll edilmir, bunun üçün ciddi iş görülməlidir”.

Psixoloq Elnur Rüstəmovun fikrincə, bu məsələdə, sosial, mənəvi, maddi, mənəvi məsələlərin hamısı səbəb ola bilər. Lakin ən asası islami vəhdət, bir-birinə qardaş kimi baxaraq dəstək olmaqdır. Bir çoxları isə səhv təbliğatın nəticəsində aldanırlar”.

Psixoloq gənclərin bu cür istiqamətlənməsini yalnız dini deyil, həm də psixoloji amillərlə izah edib: "İnsanın təbiətində özünü təsdiq eləmək xüsusiyyəti var. Hər bir insanın qəhrəmanlıq sevdası olur. "Mən bir dəfə yaşayıram, insan ömrü çox azdır. Yadda qalmaq üçün bu az ömürdə nə etməliyəm?” kimi düşüncələr həmişə olur. Bu da bəzi hallarda psixoloq, hətta psixatrik məsələdir”.

E.Rüstəmov onu da diqqətə çatdırıb ki, gənclər cəmiyyətdə qabiliyyətlərinə uyğun yer tapa bilməyəndə, özlərini qəhrəman kimi göstərmək üçün başqa yol axtarırlar: "Onlar əbədiyyətə qəhrəman kimi qovuşmaq istəyirlər. Amma bacarığına görə qiymətləndirilməyən gənclər psixoloji impulslara tabe olaraq xaricə üz tuturlar. İnsan öz bacarıqlarını realizə edə bilməyəndə bəzi fəsadlar üzə çıxır. Fizioloji, bioloji istəklərini həyata keçirmək imkanı olmayanda insanlar mənfi təsir altına asanlıqla düşə bilirlər. Üstəlik, gənclər pis təsirlərə daha çox meyilli olur. Bu məsələlər dövlət üçün siqnal olmalıdır. Ona görə də, gənclərin təhsil və asudə vaxtlarının keçirilməsinə diqqətli yanaşmalıyıq”.

Suriyaya gedən gənclərin daha çox sosial şəbəkələr vasitəsilə çağırış etməsini nəzərə alıb, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzdən şəbəkələrdə onlara nəzarət etməyin mümkün olub-olmamasını öyrəndik.

Forum prezidenti söylədi ki, problem ailədə, cəmiyyətdə yaranıbsa, sosial media günahkar deyil: "Düzdür, internetdən müxtəlif məqsədlər üçün istifadə edilir. Ona görə də, ailə və məktəblərdə internetin faydalı tərəflərindən istifadəyə yönləndirilməlidirlər. Problemi bu istiqamətdə

axtarmaq lazımdır. İnterneti günahlandırmaq yox, ondan faydalı istifadəni öyrətmək barədə düşünməliyik. Valideynlər bilməlidirlər ki, məktəb yaşlı uşağın internetdə oturmaq üçün 5-10 dəqiqədən artıq vaxtı olmamalıdır. Övladı bir saat internet qarşısında olanlar da bu barədə ciddi düşünməlidirlər. İşsizlik, sosial, maddi problemlər də insanları sosial şəbəkəyə yönləndirə bilər, amma onların sayı çox deyil”.

O.Gündüz qeyd edib ki, övladlarını təhlükələrdən qorumaq üçün valideynlər filtirdən keçmiş internetdən istifadəyə üstünlük verməlidir: "Bir çox xarici ölkələrdə olduğu kimi, bizdə də uşaqlar üçün zərərli proqramların monitorinqi aparıla bilər. Artıq kompyuterlər üçün ödənişli və ödənişsiz proqramlar var. Təhsil Nazirliyinin nəzarətində olan bütün kompyuterlərdə interneti filtrasiya edən proqram var. Eyni proqramı evlərdə də qurmaq olar. Bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmişdik ki, bir provayderin çeşidlənmiş internet təqdim etməsini bildirmişdik. Uşaqlı ailələr də evlərində məhz bu provayderin xidmətindən istifadə edə bilərlər. Bütün ölkəni əhatə edən provayderlərdə bu sistem qurula bilər. Çünki ailələrin çoxu bu proqramdan istifadə edə bilmir. İstifadə edə bilənlər isə özləri quraşdırmalıdırlar”.

Forum sədri onu da əlavə edib ki, Suriyaya gedən gəncləri qınamaqla yanaşı, səbəblər barəsində də düşünülməlidir: "Onların getməsində əsas səbəbkar bəlkə də, bizik. Övladına din, mənəviyyatı uşaqlıqdan aşılamayan valideynlər. Onların bacarıqlarını qiymətləndirməyən məktəb və cəmiyyət, yaxud da uşaqlar və gənclərlə "məşğul olan” təşkilatlar. Hər kəs günahkardır.

Məsələ Suriyaya getmək deyil, məsələ bizim onlara sahib çıxa bilməməyimizdir”.

Ayyət Əhməd