Şəxsi heyətin sayı azaldılmalıdır

Zahid Oruc: “Daha effektli hərbi birləşmələrin formalaşdırılmasına ehtiyac duyulur” Üzeyir Cəfərov: “Qeyri-peşəkarlardan ibarət yüz min ordu saxlamaqdansa, 70-80 min peşəkarlardan ibarət ordu saxlamaq daha effektivdir”



Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc ordu ilə bağlı maraqlı təklif irəli sürüb. Deputat Azərbaycan Silahlı Qüvvələrində şəxsi heyətin sayının azaldılması məsələsini gündəmə gətirib. Parlament üzvü bildirib ki, müdafiə sahəsində ciddi islahatların davam etdirilməsinə baxmayaraq, proses şəxsi heyətin sayında özünü ehtiva etmir.

Ona görə də, bu barədə qanuna yenidən baxılmalıdır: "Orduda şəxsi heyətin saxlanılmasına külli miqdarda vəsait xərclənir. Fikrimcə, daha ciddi mobil ordunun qurulmasına ehtiyac var. Bu, həm də xərclərin daha az olmasına gətirib çıxarar. Təbii ki, bu cür təklifdən sonra bəzi şəxslər məni qınayacaqlar. Əsasən ölkəmizin müharibə şəraitində olmasını misal çəkəcəklər. Lakin məlumdur ki, istənilən müharibədə yalnız peşəkar ordunun qalib gəlmə şansı yüksəkdir. Dünyanın əksər ölkələri, xüsusən də qərb dövlətləri, məcburi çağırışla olan ordudan, mobil silahlı birləşməyə keçir. İlkin dövrdə buna külli miqdarda vəsait tələb edilsə də, yaxşı təchiz edilmiş mobil orduya keçidin tam zamanıdır. Şəxsi heyətin sayının çoxluğuna deyil, daha effektli hərbi birləşmələrin formalaşdırılmasına ehtiyac duyulur”.

Deputatın təklifini müsbət dəyərləndirən hərbi-ekspert Üzeyir Cəfərov "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, Z.Orucun deputatlığı dövründə ən uğurlu təkliflərindən biridir: "Dəfələrlə bəyan etmişik ki, güc strukturlarının bu qədər şəxsi heyətin çağırılmasına lüzum görülmür. O qədər hərbi hissələr var ki, onların mövcudluğu və ya fəaliyyəti hiss olunur. Onlar SSRİ zamanı yaradılan hərbi birləşmələr idi. Müəyyən məqsədlərə xidmət edirdi. SSRİ dağıldı, amma onlar qaldı. Həmin hərbi birləşmələr aradan götürülməli idi. Azərbaycan balaca ölkədir. Çoxlu sayda hərbi hissələrə ehtiyacımız yoxdu. Ona görə də Z.Orucun təklifini təqdirəlayiq sayıram”.

Ekspertin qənaətincə, elə hərbi birləşmələr var ki, əsgərlər yeyib-yatmaqla məşğuldur: "Bəzi işbazlar həmin hərbi hissələrə çağırışçılar cəlb etməklə, müəyyən maraqlarını təmin edirlər. Anlamaq lazımdır ki, qeyri-peşəkarlardan ibarət yüz min ordu saxlamaqdansa, 70-80 min peşəkarlardan ibarət ordu saxlamaq daha effektivdir. Ordu peşəkarlardan ibarət olmalıdır. Plan doldurmaq naminə hər kəsi xidmətə cəlb etmək düzgün deyil. Baxın, hazırda o qədər adam var ki, hərbi xidməti bitirib, amma silahla davranmanı bilmir. Heç silahın adını tanımır, üzünü görməyib. Biz kimi aldadırıq? Bu cür insanlar minlərlədi. Onların yeməyinə, geyiminə, yatmağına xərclənən vəsait peşəkarlara sərf olunsa, nəyi pis olar ki? Ordumuzun güclənməsini istəyirlərsə, Z.Orucun təklifi dəyərləndirib, nəticə çıxarmalıdırlar”.

Ekspert hesab edir ki, deputatın təşəbbüsü dövlətçilik və xalqın mənafeyi baxımından çox önəmlidir: "Zahid bəy meydanda təkdi deyə, təklifinə əhəmiyyət verilmir. Əslində, bu ideya orduya sərf olunan vəsaitə qənaət baxımından da səmərəlidir”.

Ü.Cəfərov onu da bəyan edib ki, bu təklifdən çəkinmək lazım deyil: "Buna peşəkarlıq nöqteyi-nəzərindən yanaşılmalıdır. Müxtəlif bəhanələr gətirirlər ki, ölkə müharibə şəraitindədir. Baxın, min nəfər qeyri-peşəkarı döyüşə aparmaqdansa, 6 yüz nəfər peşəkarı göndərmək daha yaxşı olar. Həmin 600 nəfər min nəfərdən də uğurlu nəticə ortaya qoyar. Çünki onun təcrübəsi var. Təlim keçib. Silahla davranmanı, əməliyyatı, atışma zamanı tutacağı mövqeni bilir. Belə şeylər nəzərə alınmalıdır. Bir daha vurğulayıram ki, Z.Oruc haqlıdır”.

Ayyət Əhməd