Bakıda çayın qiymətinə etiraz dəstək qazandı

Ramin Hacılı: “Həmin məbləğ kirayədə yaşayan tələbənin bir aylıq kirayə haqqının yarısıdır”



Paytaxt gəncləri bulvarda çayın çox baha olmasına qarşı qeyri-adi şəkildə etiraz ediblər. Onlar Bulvarda "Termosuma toxunma” adlı flaşmob keçiriblər. Aksiyaçılar bildiriblər ki, şəhərin mərkəzi küçələrindəki kafelərdə çay içmək həddən artıq bahadı. Şəhərdə oturub çay içmək yemək yeməkdən baha başa gəlir. Xüsusilə bulvarda. Bir də istəmədiyimiz halda bizə gətirib mürəbbə, şirniyyat qoyurlar.

Bu məsələni ictimailəşdirmək məqsədilə gənclər ötən gün termosla Bakı bulvarındakı "Mirvari” kafesinin yanında toplaşıblar. Elə küçədəcə çay dəstgahı quraraq hər kəsi çaya qonaq ediblər.

Aksiya ilə bağlı Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının "Şərq”ə açıqlaması bu cür ənənənin onlar tərəfindən qoyulduğunu bildirib: "7-8 il əvvəl ilk dəfə biz ölkədə flaşmob keçirəndə insanlar bunu qəribə qarşılayırdılar. Amma bu gün gənclər digər şəxslərin istirahətinə mane olmadan belə sivil metodlardan istifadə edərək öz mesajlarını çatdıra bilirlər. Cəmiyyəti maraqlandıran mövzulara toxuna bilirlər. Bu çox sevindirici və təqdirəlayiq haldır. Buna görə də çox sevinirəm ki, bu ənənəni Azərbaycanda yarada bilmişik”.

Milli Dənizkənarı Parkda kafe və restoranlarda verilən çayların qiymətlərinin həqiqətən baha olduğunu söyləyən R.Hacılı bunun ictimaiyyəti çox narahat edən məsələ olduğu qənaətindədir: "Bakı şəhərinin mərkəzində gənclərin asudə vaxtlarını keçirməsi imkanları sıfıra bərabərdir. Gənclər yalnız gəlib parkda gəzə bilərlər və ya ictimai oturacaqlarda əyləşə bilərlər. Bundan başqa onların, xüsusən tələbələrin həmin kafelər və restoranlarda çay içməyə, yemək yeməyə maddi imkanları çatmır. Çünki həm bulvarda, həm də şəhərin digər mərkəzi küçələrində çay xidmətləri çox bahadır”.

R.Hacılı Amerikada qiymətlərin standart olduğunu və orada belə baha qiymətlərə rast gəlmədiyini də söyləyib: "Bu onu göstərir ki, Azərbaycanda monopoliya hökm sürür. Qiymətləri süni şəkildə şişirdirlər. Məqsəd xidmətdən savayı daha çox gəlir əldə etməkdir. Bu vəhşi kapitalizm insanı düşünməyərək yalnız sahibkarın öz maraqlarını düşünməsidir. Buna etirazlar digər formada da davam edir. Sosial şəbəkələrdə müxtəlif kafelər boykot olunmağa başlanılıb. Hətta bununla bağlı elanlar da var, insanlar narazılıqlarını bildirirlər. Xüsusən də futbol üzrə dünya çempionatı keçirilərkən gənclərin futbol oyunlarına baxması üçün şəhərin mərkəzində məkan tapa bilməməsi çox böyük problemə çevrilmişdi. Dəhşətli məbləğdə
qiymətlər təyin olunmuşdu. Həmin məbləğ isə kirayədə yaşayan tələbənin bir aylıq kirayə haqqının yarısı idi”.

R.Hacılı düşünür ki, dövlət bu qiymətlərin tənzimlənməsi ilə bağlı tədbirlər görməlidir: "İqtisadiyyatda liberallaşmanın tərəfdarı olsam da, kenes nəzəriyyəsinə üstünlük verirəm. Yəni əvvəlki kapitalizm aradan qaldırılaraq iqtisadiyyatın liberal şəkil alana qədər hökumət tərəfindən tənzimləyici addımlar atılmalıdır. Məsələn, gənclər üçün bununla bağlı yerlər müəyyən edilməlidir. Digər sahibkarların bazarlarına toxunmadan imkanı olan insanlarla bərabər gənclərin də gedə biləcəyi kafelər və ictimai obyektlər yaradılmalıdır”.

Vüqar Şahinoğlu