“Mülki təyyarənin məhv edilməsi, Kremlin qərarına oxşamır”

Fərhad Mehdiyev: “Əminliklə deyirəm ki, əgər separatçılar təyyarənin Malayziyaya məxsus olduğunu bilsəydilər, qətiyyən onu vurmazdılar”


Hazırda dünya gündəmində iki məsələ müzakirə olunur. Ukraynada kim tərəfindən, hansı məqsədlə vurulduğu bəlli olmayan Malayziyaya aid sərnişin təyyarəsinin məhv edilməsi və dünya ictimaiyyətinin gözü önündə İsrail hərbi hava qüvvələrinin sivil Qəzza əhalisini bombalaması.. Hər iki olayla bağlı onlarla versiyalar, iddialar və proqnozlar irəli sürülsə də, proseslərin tam olaraq hansı məqsədə qulluq etdiyi barədə konkret fikir yoxdur.

Dünyada baş verənlərlə bağlı "Şərq”in suallarını cavablandıran Qafqaz universitetinin professoru, tanınmış politoloq Fərhad Mehdiyev təyyarənin müəyyən yerlərə "göz dağı” vermək üçün vurulduğunu deyib. Amma politoloq iddia edib ki, Malayziyaya məxsus sərnişin təyyarəsi "səhvən” vurulub. Professor Qəzza qətliamına da münasibət bildirib. F.Mehdiyevin sözlərinə görə, fələstinlilər öz acı taleləri ilə baş-başa buraxılıb. Hazırda İsrailə "dur” deyə biləcək potensial güc yoxdur.

- Sizcə, Ukraynada baş verən təyyarə qəzasında günahkar kimdir, Rusiya əleyhinə "kozur” axtaran Qərb, yoxsa Kremlin dəstəklədiyi separatçılar?

- Fikrimcə, Ukrayna hava məkanına daxil olan təyyarə separatçılar tərəfindən vurulub. Separatçıların istifadə etdiyi raket qurğusu da onlara Rusiya tərəfindən verilib. Bu qurğunun radarı havada uçan cihazın nə olduğunu göstərir və avtomatik olaraq kilitlənir. Daha sonra raketləri göndərir və uçan obyekti məhv edir. Amma problem orasındadır ki, həmin raket qurğusundakı radarlar havadakı obyektin növünü göstərmir. Yəni qurğu başında dayanan mütəxəssis obyektin qırıcı döyüş təyyarəsi və ya sərnişin təyyarəsi olduğunu müəyyən edə bilmir. Ehtimal budur ki, separatçılar həqiqətən Ukrayna təyyarəsini vurmaq istəyiblər. Görünür, onlar hətta mülki təyyarəni belə vurmağa razı olublar. Zənnimcə, belə bir hərəkət etməklə terrorçular beynəlxalq aləmə Ukrayna hava məkanının təhlükəli olduğunu göstərmək məqsədi güdüblər. Onların məqsədi xarici ölkələrdən Ukraynaya olan uçuşların qarşısını almaq, bir növ başqa ölkələri təhdid etmək olub. Separatçıların yeganə "səhvi” vurduqları təyyarənin içində ukraynalıların olduğunu zənn etməkdir.

- Təyyarəni ruspərəst separatçıların vurması Kremli nə dərəcədə suçlu edir?

- Birbaşa Rusiyanı günahlandırmaq düzgün olmaz. Çünki Qərblə soyuq münasibətdə olan rəsmi Moskva heç vaxt belə siyasi səhvə yol verməz. Yəni başqa ölkəyə məxsus mülki təyyarənin məhv edilməsi Kremlin qərarına oxşamır.

- Dediyiniz kimi, separatçılar "səhv” etməsəydi, yəni vurulan sərnişin təyyarəsi Ukraynaya məxsus olsaydı, proses hansı formada cərəyan edəcəkdi?

- Separatçıların Ukrayna mülki təyyarəsini vurmaq istəməsi sadəcə bir versiyadır. Mütləq şəkildə belə olduğunu söyləmirəm. Ancaq separatçıların özləri də deyir ki, onlar ayın 25-də uçmalı olan təyyarəni vurmaq istəyiblər. Həmin gün hava məkanında Ukraynaya aid yükdaşıyan təyyarə uçmalıymış. Əslində separatçıların 300 nəfərlik mülki təyyarəni bilərəkdən vuraraq

özlərini haqsız duruma salmaları inandırıcı deyil. Əminliklə deyirəm ki, əgər separatçılar təyyarənin Malayziyaya məxsus olduğunu bilsəydilər, qətiyyən onu vurmazdılar.

- "Qara qutunun” yoxa çıxmasını necə dəyərləndirirsiniz? Sizcə, qutunun oğurlanması hadisədə qaranlıq məqamların oldğuna dəlalət edirmi?

- Əgər təyyarə havada birbaşa dağıdıcı və yandırıcı raket vasitəsilə vurulubsa, partlayış nəticəsində uçan obyektin hissələri geniş əraziyə səpələnə bilər. Deyilənə görə, təyyarənin qalıqları 4-5 kilometrlik bir radiusa səpələnib. Yəni "qara qutunun” konkret kimdəsə olması barədə söylənilənlər həqiqət deyil. Ola bilsin ki, ümumiyyətlə, qutunu tampaq mümkün olmayıb. Ya da ən yaxşı versiya odur ki, separatçılar "qara qutunu” tapıb və gizlədib. Çünki həmin ərazi separatçıların əlindədir. Ukrayna ordusunun və ya beynəlxalq müşahidəçilərin orada dəqiq və əhatəli araşdırma aparmaq imkanları məhduddur.

- İstənilən halda təyyarə faciəsindən dolayı Qərb şiddətlə Rusiyanı ittiham edir və Moskvanın sərt şəkildə cəzalanacağını deyir. Necə düşünürsüz, həqiqətən, təyyarə olayı Putinin "sonunu” gətirəcəkmi?

- Əslində, problem mülki təyyarənin vurulması və 300 nəfərin ölməsi deyil. Əlbəttə, bu, böyük faciədir. Ancaq əsas problem ondadır ki, separatçıların təyyarəni vurarkən istifadə etdikləri silahı onlara Rusiya verib. İşğalın nə olduğuna dair BMT-nin ortaya qoyduğu təriflər var. İşğal faktı ya hansısa ölkənin birbaşa başqa dövlətin ərazisinə qoşun yeritməklə, ya da ölkəni işğal edənlərə silah-sursat yardımı etməklə olur. Separatçılara verilən raket qurğusu çox ciddi silahdır. Əgər bu silah "Kalaşnikov” avtomatı olsaydı, bu qədər rezonans doğurmazdı. Amma Rusiyanın Ukraynadakı separatçıları raket qurğusu ilə təchiz etməsi Moskvanın işğalçılıq faktını dəstəkləyir. Qərbin Kremli kəskin ittiham etməsi də bununla bağlıdır. Proseslərin nəticəsini zaman göstərəcək.

- Putin Malayziya rəhbərliyinə verdiyi başsağlığında dedi ki, "əgər Poroşenko separatçılara qarşı hərbi əməliyyatlar aparmasaydı, belə bir hadisə baş verməzdi”. Rusiyanın olayda Ukrayna hökumətini ittiham etməsi Kremli təmiz çıxarırmı?

- Yox. Çünki Poroşenkoya bağlı hərbi qüvvələrin belə bir hadisəni törətməsi inandırıcı deyil. Buna əsas da yoxdur. Poroşenkonun ölkəsində separatçılara qarşı silahlı mübarizə aparmasına legitim əsası var. Heç bir ölkə rəhbərliyi öz ərazisinin parçalanmasına göz yuma bilməz. Ukrayna ordusunun hərbi əməliyyatlar aparması təbiidir və buna görə, hökuməti ittiham etmək yersizdir. Amma digər məsələ var. Ukrayna hakimiyyət orqanlarının həmin ərazi üzərində Malayziya təyyarəsinin uçmasına imkan verməsi qəbahət sayılırmı? Əgər Ukrayna hökuməti separatçıların əlində raket olduğunu bilirdisə, ən azı başqa ölkələrin hava şirkətlərinə xəbərdarlıq mesajı göndərə bilərdi. Yəni xarici ölkələrə məxsus təyyarələrin separatçıların nəzarətində olan ərazi üzərindən uçmamalarını tövsiyə edərdi. Görünür, separatçıların belə bir addım atacağı Ukrayna hakimiyyətinin ağlına gəlməyib. Hər halda mülki təyyarəyə qarşı silah tətbiq etmək çox böyük bir səhvdir. Bunun nəticələri həddindən artıq mənfi olacaq.

- Dünya ictimaiyyətinin müzakirə etdiyi xoşagəlməz proseslərdən biri də İsrailin iki həftə ərzində Qəzzanı viran qoyması, günahsız sivil müsəlmanları "terrorist” adı ilə məhv etməsidir. Sizcə, yəhudi dövlətinin məqsədi nədir?

- İndiyə qədərki tendensiyaya nəzər yetirsək görərik ki, İsrail silahlı qüvvələri öldürülən hər 1 nəfər yəhudiyə görə, ən azı 100 müsəlman ərəbi məhv etməyi qarşılarına məqsəd qoyublar. Görünür, indi də yəhudi dövlətinin məqsədi bir müddət əvvəl naməlum şəkildə qətlə yetirilən 3 yəhudiyə qarşılıq sivil 300 nəfər ərəbi məhv etməkdir. İsrail dövləti qanlı şəkildə "göz dağı” verməyi çox sevir.

- Sivillərin öldürülməsindən dolayı "Həmas” təşkilatını ittiham edənlər də var...

- Bu qırğında əsas məsuliyyəti İsrail daşıyır. Düzdür, mən də hesab edirəm ki, "Həmas” əvvəlcədən İsrailə raket zərbəsi endirməli deyildi. Çünki istənilən halda əsas faciəni mülki fələstinlilər yaşayır. İtirən sivil və günahsız insanlar olur. İsrail və "Həmas” münaqişədən heç nə itirmir. Ancaq təkcə "Həmas”ın suçlanması düzgün deyil. Çünki "Həmas” İsrailə "fişənglərdən” başqa heç nə atmaq imkanında deyil. Onların əlində "oyuncaq” silahlar və bir də "Hizbullah”dan aldığı zəif raketlər var. Amma İsrail güclü hərbi texnikaya malikdir. Əvvəlcə "dəmir qübbənin” necə işlədiyini sınamaq istəyən İsrail sonradan həddini aşdı və Qəzzaya quru qoşunlarını yeritdi. Bəlkə də, keçən müddət ərzində Qəzzanın dirçəlməsi Təl-Əviv hökumətini narahat edib. Ona görə də Qəzzanın infrastrukturuna ciddi zərbə vuraraq, Fələstini yenidən bərbad günə salmaq istəyir.

- İsrailin baş naziri Netanyahu "sona qədər gedəcəyik” dedikdə Fələstinin tamamilə məhv olmasınımı nəzərdə tutur?

- Yox, zənn etmirəm. Daha əvvəl İsrail nə edirdisə, yenə də onu edəcək. Yəni Qəzzanı dağıdıb viran qoyandan sonra şəhərdən çıxacaq.

- Niyə ərəb və müsəlman dövlətləri İsrailə etiraz etmir?

- Özləri xoşagəlməz durumda olan ərəb dövlətlərinin İsrailə qarşı çıxmaq ehtimalı çox azdır. Çünki müsəlman ölkələrin imkanları məhduddur. Birincisi, onların arasında birlik yoxdur, ikincisi, kifayət qədər güclü hərbi texnikadan məhrumdurlar.

- Bəs, müsəlman dünyasının ümid yeri olan Türkiyə hökuməti niyə səssizdir?

- Əslində Türkiyə də eyni durumdadır. Sadəcə iddia edilən odur ki, Türkiyə hakimiyyəti yəhudi təyyarələrinə benzin doldurur. Müxalifət deyir ki, AKP hökuməti bundan imtina edərək İsrailə qarşı iqtisadi sanksiya tətbiq edə bilər. Əlbəttə, Ərdoğan bunu edə bilər və bu sanksiya İsrailə müəyyən qədər ziyan vurar. Amma hələlik AKP hökuməti götür-qoy edir. Çünki hökumət bundan pul qazanır. Ərdoğan yəhudilərə sanksiya tətbiq etsə, hakimiyyət pul itkisinə məruz qalacaq”.

- İddialardan biri də odur ki, İsrail Qəzza vasitəsi ilə Türkiyəni hərbi əməliyyatlar meydanına çəkməyə çalışır?

- İsrail çox gözəl bilir ki, Türkiyə onun "yemləri” ilə hərbi əməliyyat meydanına gəlməyəcək. Ona görə də, bu iddianı real qəbul etmirəm.

- Qərbin açıq şəkildə İsraili dəstəkləməsinə səbəb nədir?

- ABŞ və Avropa ölkələrinin birbaşa İsrailin maraqlarını müdafiə etməsinin səbəbi odur ki, Qərb dünyasının Yaxın Şərqdəki ən etibarlı dövləti İsraildir. Bu səbəbdən İsrailin Fələstindəki qırğınlarını xoş qarşılamasa da, Qərb aləmi heç vaxt açıqdan-açığa yəhudi dövlətinə qarşı getməyəcək. Super dövlət olan ABŞ da hər zaman İsraili dəstəkləyib. Qəzzanı bombalayan İsrailin müdafiə ordusunda xeyli sayda amerikalı əsgər döyüşür. Yəni sözün həqiqi mənasında fələstinlilər öz acı taleləri ilə baş-başa buraxılıb. Hazırda İsrailə "dur” deyə biləcək potensial güc yoxdur.

İsmayıl