Allergik xəstəliklər yayılıb

Onun simptomları, əsasən özünü burun, boğaz və gözlərdə göstərir




Son günlər əhali arasında allergik xəstəliklər yayılıb. Məlumdur ki, allergik xəstəliklərə tutulmalar adətən daha çox yaz aylarında baş verir. Buna əsasən ağacların tozlanmasının və hava dəyişkənliyinin təsir etdiyi bildirilir. Yay aylarında isə allergik xəstəliklər daha çox tarlada, əkin sahələrində çalışanları yaxalayır.

Taxıl, ot biçini zamanı allergiyadan əziyyət çəkənlərin də sayı artır. Kənd camaatının sağlamlığına etinasız yanaşması isə sonradan müxtəlif fəsadların ortaya çıxmasına səbəb olur. Tibb mütəxəssisləri tarlada, sahədə çalışan, biçinlə məşğul olanların sağlamlıqlarına ciddi fikir vermələrini tövsiyə edirlər. Çünki bronxların tozlanması, biçin zamanı ətrafa yayılan toz hissəciklərinin orqanizmə düşməsi astma, ağ ciyər, mədə xərçəngi kimi ağır xəstəliklər yarada bilər.

Mövzu ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla təkcə, biçin zamanı deyil, ümumiyyətlə, istehsalat prosesində yaranan tozların nəfəs yollarına daxil olmasının qarşısının alınması vacibliyindən danışdı:

- 1 kub.santimetr havada toz hissəciklərinin sayı 1 nanoqramdan artıqdırsa, ağ ciyər xəstəliklərinin yaranması ehtimalı da yüksəkdir. Toz hissəcikləri bronx epitellərini qıcıqlandırır, nəticədə ağciyər və eləcə də kanserogen xəstəliklərin baş qaldırmasına şərait yaranır. Ona görə də həm tarlada, əkin sahələrində, həm də istehsalatda çalışanlar mütləq qoruyucu maskalardan istifadə etməlidirlər. Əgər havadakı toz hissəciklərində radioaktiv maddələr olduğu şübhəsi varsa, burada artıq əleyhqazlardan istifadə edilməlidir. Çalışanlara xüsusi respiratorlar paylanmalıdır. Amma bizim camaat, təəssüf ki, belə ciddi məsələlərə barmaqarası baxır. Tarlada, əkində çalışan birisinin, nəinki qoruyucu maska, heç adi dəsmalla da ağzını örtdüyünü görməzsiniz. Halbuki, əkində, biçində çalışanların hamısı bu vacib məqama diqqət etməlidirlər. İnsanlar var ki, öz həyətyanı sahəsində çalışır, amma yenə də bu qaydalara riayət etmir. Havadakı tozcuqlar insan orqanizmi, xüsusən də nəfəs yolları üçün çox təhlükəlidir. Ona görə də mən məsləhət görərdim ki, insanlarımız sağlamlıqlarına fikir versinlər.

Əkin sahələrində qoruyucu maskalar olmadan çalışmasınlar.

A.Qeybulla qeyd etdi ki, allergiya deyiləndə, adətən əksəriyyət meyvə, qida allergiyalarını və bir də ağac tozlanmasından yaranan allergiyaları düşünür. Amma allergik xəstəliklərin bir neçə növü vardır:

- Allergiya "allergen” adlandırılan bəzi faktorlarının - kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.-nin təsiri ilə əlaqədar orqanizmin qeyri-adi, qabarıq cavab reaksiyasıdır. Alimlərin tədqiqatlarına əsasən, planetimizin hər yeddi adamından biri allergiyaya düçardır. Başqa sözlə, gündəlik həyatda rast gəlinən hər hansı bir təsirə qarşı yüksək hissiyyata malikdir. Ən çox yayılmış təsiredici amillər - qida məhsulları, bitki mənşəli tozcuqlar və ev tozudur. Bununla yanaşı, yüzlərcə digər allergen adlandırılan amillər mövcuddur ki, bunlara dəri məmulatları, heyvan yunu, kəpək, quş lələyi, kosmetika, məişət kimyası, dərmanlar, bəzi bitki yağları, günəş şüası aiddir. Allergenlərin orqanizmə daxilolma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər. Allergiya selikli qişaların güclü qıcıqlanması, dəri səpkiləri, ümumi zəifliklə özünü büruzə verir. Bronxial astma kimi ağır xəstəliyin əsasında allergiya dayanır.

Allergiya simptomları, əsasən özünü burun, boğaz və gözlərdə göstərir. Burnun axması, gözlərin acışması və sulanması, tez-tez asqırmaq, dərinin qızarması və qaşınması, başağrısı, nəfəsalmanın çətinləşməsi, təngnəfəslik allergiyanın əlamətləridir.

Allergik xəstəliklərə pollinoz, allergik rinit, bronxial astma, atopik bronxial astma, qida allergiyası və dərman allergiyası aiddir. Pollinoz bitki tozu allergiyası deməkdir. Bəzi ağaclara, otlara, güllərə, çiçəklərə qarşı insanın nəfəs yollarında baş verən allergik reaksiyadır. Buna fəsli xəstəlik də deyilir. Pollinozun əlamətləri ilin müxtəlif fəsillərində gözlərin ətrafının, burnun qaşınması, çoxlu sayda asqırma, burnun tutulması kimi özünü göstərir. Bu xəstəlik əsasən yaz, yay və payız aylarında üzə çıxır, qışda isə yox olur. Həmin fəsillər başlananda xəstəlik də yenidən baş qaldırır.

Allergiya elə bir xəstəlikdir ki, allergenlərlə təmasda olanda xəstəlik baş qaldırır, onlardan uzaq olduqda xəstəliyin əlamətləri də keçib gedir.

İyul və avqust aylarında alaq otlarının səbəb olduğu allergiyalar ön plana çıxır. Buna mövsümi xəstəliklər deyilir. Xüsusən kənd camaatı biçin zamanı allergik xəstəliklərin yaranmasını önləməlidir. Mövsümi allergiyalar zamanı allergik simptomları azaldan meyvə və tərəvəzlərdən bol-bol istifadə edilməlidir. Məsələn, C vitamini ilə zəngin sitrus meyvələri, xüsusən də kivi allergik xəstəliklərə qarşı əsl dərmandır. Tərəvəzlərə rəng verən kversetin maddəsi də yuxarı tənəffüs yollarının narahatlığı və göz yaşarmasının qarşısını alan təsirli vasitədir. Rəngli tərəvəzlər həm də antioksidanla zəngin olduqlarından zərərli maddələrin orqanizmdən tez xaric edilməsinə yardımçı olur. Ona görə də qidada rəngli tərəvəzlərə - qırmızı bibər, gül kələmi, brokoli, soğan, brüksel kələminə, həmçinin ağartı məhsullarına üstünlük verilməlidir.

Məlahət Rzayeva