Ermənilər Qarabağa yezidi kürdləri köçürmək istəyirlər





"İşğalda olan ərazilərimizə Ermənistanın əcnəbi vətəndaşları yerləşdirməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır”.

Bunu "Şərq”ə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı separatçı rejimin İraq vətəndaşı olan yezidi kürdləri Dağlıq Qarabağa dəvət etməsi faktına münasibət bildirərkən deyib. Təşkilat sədri bildirib ki, Cenevrə konvensiyasına görə, işğal olunmuş ərazilərdə demoqrafik vəziyyəti dəyişdirmək qəti qadağandır: "Ermənistanın qanunsuz davranışlarını dayandırmaq üçün Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq əlaqədar təşkilatlara müraciətlər ünvanlamalıdır. Beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə çəkməlidir. BMT, Avropa Şurası və ATƏT-ə rəsmi müraciət olunmalıdır. Bədnam düşmənimiz beynəlxalq hüquqa əməl etməyən bir ölkə kimi təqdim olunmalıdır”.

Təşkilat rəhbərinin sözlərinə görə, Ermənistan Dağlıq Qarabağda yerli əhalini saxlaya bilmir: "Çıxıb gedirlər. Bu baxımdan separatçılar digər ölkələrdən olan insanları işğaldakı torpaqlarımıza yerləşdirmək istəyirlər. Fəlakətə düşmüş insanların çətin anlarından da sui-istifadə edirlər. Bu da ermənilərin qeyri-insani keyfiyyətlərindən və məkrli niyyətlərindən irəli gəlir”.

A.Nağının qənaətincə, ermənilər bu köçürmələrlə Azərbaycanı qıcıqlandırmağa çalışır: "Amma hiylələri özünü doğrultmur. Bir müddət öncə Suriyadan da qaçqın köçürmüşdülər. Çıxıb getdilər. Yezidi kürdləri də gəlib orda yaşayan deyillər”.

Ayyət Əhməd