Ziya Bünyadovun qatilinin həbsdən buraxılması kimlərə maraqlıdır?  - AÇIQLAMA

Həmin adam ermənilər tərəfdən də, İran tərəfdən də göndərilə bilər

“Xarici dövlətlərdən hər hansı birisi Akademik Ziya Bünyadovun qatilinin həbsdən buraxılmasında maraqlı ola bilər və buna cəhd göstərənlərin olması da şübhə doğurmur”. 


 
Bu sözləri “Şərq”ə açıqlamasında D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, Azərbaycanın dövlət müstəqilliyinin bərpasında fəal ictimai xadim olmuş Novella Cəfəroğlu bildirib.

 Xatırladaq ki, bir neçə gün əvvəl Bakı şəhəri Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikasının vətəndaşı Bağırov Akif Əlimirzə oğlunun barəsində həbs qətimkan tədbiri seçilib. Trend-in əldə etdiyi məlumata görə, işin hallarından görünür ki, akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Zeynalov Mahir Nurhüseyn oğlunun azadlığa buraxılmasına nail olmaq üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə Bağırov Akif Əlimirzə oğluna külli miqdarda pul vəsaiti göndərilib. Akif Bağırov bu istiqamətdə yollar axtarmaq üçün həmin vəsaitləri məsuliyyətə cəlb edilmiş digər Azərbaycan Respublikası vətəndaşına verib və bu vəsaitlər Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində həyata keçirilmiş tədbirlər zamanı aşkar edilərək sübut qismində götürülüb. Səbail Rayon Məhkəməsinin qərarı ilə Akif Bağırov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Akademik Ziya Bünyadovun qatilinin həbsdən buraxılması kimlərə maraqlıdır? Suala cavabında N.Cəfəroğlu tarixə qısa ekskurs etməyi məsləhət gördü: 
- Xarici dövlətlərin bu işdə maraqlı olması şübhə doğurmur. Mən sizə bir əhvalat danışım, analiz etsək, görəcəyik, bunda maraqlı ola biləcək xarici dövlətlər hansılardır. Rəhmətlik Heydər Əliyev Azərbaycan  KP MK-nın birinci katibi olanda rəhmətlik  Ziya Bünyadov ermənilər haqqında cox böyük bir araşdırma aparıb onların iç üzünü, məkrli niyyətlərini üzə cixartmışdı. Erməni lobbisi  Moskvadan alimləri yiğib  Bakıya göndərmişdi ki, Bünyadovu  həbs etsinlər, guya o, ermənilər haqqında  düzgün məlumatlar yazmayıb.  H. Əliyev bunu bilib bütün bizim akademik alimləri cağırıb və deyib ki, Ziyanı qorumalıyıq,  3 gün sizə vaxt verirəm, ermənilərin tarixi ilə bağlı yazılmış bütün kitabları, kitablardakı  məlumatları toplayırsınız və məruzə hazırlayırsınız, Ziyanın yazdıqlarını  təsdiqləyirsiniz ki o, düz yazıb. Bunu bizə dostumuz, akademik İqrar Əliyev danışmışdı. Deyirdi ki 3 gün onları Akademiyada saxlayıblar, yeməklə təmin ediblər, hər cür şərait yaradlblar ki binadan cıxmasınlar, materialları toplayıb, məruzə hazırlasınlar. Akademiklər də bunu edib. Bütün sübutları H.Əliyevə təqdim ediblər, Heydər Əliyev də materailları Moskvadan gəlmiş akademiklərin önünə qoyub ki baxın,  Ziya Bünyadovun yazdıqları nəinki düzdü, hələ az yazıb, daha cox materiallar var! O zaman Heydər Əliyev cıxış edib demişdi ki, bizim alimlərimiz cox bilikli və savadlıdırlar və biz heç zaman onları  darda qoymarıq, biz hər bir alimimizə dəyər veririk. Moskvadan gələnlər bundan sonra suyu süzülə-süzülə qayıdıblar geri. Mən onun üçün deyirəm ki həmin göndərilmiş adam ermənilər tərəfdən də, İran tərəfdən də göndərilə bilər, cünki nə ermənilər, nə də farslar hec nəyi yaddan çıxarmır.  Mən bunu bilirəm, çünki 42 yaşlı atamı  Moskvada Kremlyovskiy xəstəxanasında əməliyyat edən erməni qəsdən öldürmüşdü. Ermənilər də, farslar da tarixən Azərbaycana - türkə qarşı olublar və hər fürsətdə intiqam almağa çalışırlar.