Ərdoğan bu dəfə Azərbaycana prezident kimi gəlir

Növbəti səfərdə biz fərqli situasiyanın şahidi olacağıq



Türkiyədə yeni seçilən dövlət və ya hökumət başçılarının ilk xarici rəsmi səfərlərini Azərbaycana etmələri artıq bir ənənəyə çevrilib. Ənənəni pozmaq niyyətində olmayan Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 3-də Azərbaycana səfər etməyi planlaşdırıb. Azərbaycana baş nazir yox, prezident kimi gələn Ərdoğanın həmkarı İlham Əliyevlə hansı məsələləri müzakirə edəcəyi isə indidən müzakirə mövzusuna çevrilib.

Çünki son bir ayda Azərbaycanla Ermənistan cəbhəsində döyüşlər intensiv hal alıb və bu vəziyyət müharibənin yenidən başlanma riskini artırıb. Təbii olaraq, belə bir dövrdə Azərbaycan rəhbərliyi Türkiyə hökuməti ilə ardıcıl məsləhətləşmələr aparmağa başlayıb. İkitərəfli əməkdaşlığı gücləndirmək qərarı alan qardaş dövlət rəhbərlərinin növbəti görüş zamanı hərbi məsələlərlə yanaşı, digər ictimai-siyasi problemlərə də münasibət bildirəcəkləri məlumdur.

Politoloq Vəfa Quluzadə deyib ki, budəfəki səfər zamanı Azərbaycan prezidenti ilə Ərdoğanın müzakirə edəcəyi xeyli mühüm məsələlər var: "Yada salaq ki, Ərdoğan sonuncu dəfə bu ilin aprelində, rəhbərlik etdiyi partiya Türkiyədəki bələdiyyə seçkilərini qazandıqdan sonra Bakıya səfər etdi. Məhz bu səfərdən sonra Azərbaycanda nurçulara qarşı sərt addımlar atıldı, bəzi məmurlar görəvindən alındı, Gülən məktəbləri qapadıldı. Amma növbəti səfərdə biz fərqli situasiyanın şahidi olacağıq. İlk olaraq Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə mövzusu olacaq. Çünki Azərbaycana zərbə endirmək üçün Naxçıvana düşmən tərəfindən hər an təhlükə ola bilər. Qəfil hücum edib əhalisini qaçqın vəziyyətinə sala, torpağını ilhaq edə bilərlər.

Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə quru əlaqəsi olmadığı üçün təhlükə çox böyükdür. Ancaq Naxçıvanın qarantı Türkiyədir. Düzdür, hazırda Putin heç kimlə hesablaşmır, istədiyini edir. Bu mənada Türkiyə ilə də hesablaşmaya bilər. Türkiyənin Rusiyadan asılı olduğunu düşünən Putin Naxçıvana göz dikə bilər. Əgər Ankara Naxçıvanın işğalına yol versə, türk xalqı üsyan edib Ərdoğanı devirər. Ona görə də, Türkiyə Naxçıvanda möhkəm dayanmalıdır. Bu mənada bizim əməkdaşlığımız üçün ciddi zərurət və eyni zamanda təhlükələr var. Hazırda Azərbaycan və Türkmənistan qazını Avropaya buraxmamaq, Azərbaycanı çökdürmək üçün Rusiya hər şeyə hazırdır. Biz də Türkiyə ilə birgə hər şeyə hazır olmalıyıq. Sözsüz ki, prezident İlham Əliyev Soçi görüşünün təfərrüatını həmkarı ilə ətraflı müzakirə edəcək. Bu mənada görüşdə daha ciddi məsələlərin gündəmdə olacağını gözləyirəm”. Politoloqun fikrincə, Ərdoğanın səfərində TANAP və TAP kimi Azərbaycandan çəkiləcək yeni kommunikasiya xətləri də müzakirə predmeti olacaq: "Azərbaycanla Türkiyə Avropanı qazla təmin etmək məsələsini müzakirə etməlidir. Habelə, kürd enerji qaynaqlarının da bu layihəyə qoşulması və İranın gələcəkdə layihələrdə yer alması müzakirə oluna bilər”. V.Quluzadənin sözlərinə görə, Ərdoğan azərbaycanlı həmkarını Ermənistanla sərhədlərin açılmasının zəruriliyinə inandırmağa çalışmayacaq: "Ermənistan Gömrük İttifaqına daxil olub və Rusiyanın bir hissəsidir, təcavüzkar dövlətdir. Bu mənada Ermənistanla sərhədlərin açılması mümkün olan məsələ deyil. Hələ Rusiya Ukraynaya təcavüz etmədiyi, Qərblə Rusiyanın əlaqələri normal vəziyyətdə olduğu zaman sərhədləri açmaq mümkün olmadı. Çünki Rusiya Ermənistana icazə vermədi. İndi də Rusiya Ermənistana bu icazəni verməyəcək. Ermənistanın Rusiyadan asılılığı azalmayıb, əksinə, çoxalıb”.

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə düşünür ki, indiki şəraitdə Ərdoğan öz ənənəvi istəklərindən bir qədər uzaqlaşacaq: "Düzdür, onun xarici səfərlərində daim iqtisadi maraqların təmin olunması məsələsi öndə olub. Ancaq bu gün Azərbaycan və Türkiyə hər tərəfdən geosiyasi məngənədə sıxılmaqdadır. Bu mənada Ərdoğanın səfərində prioritet məsələlər məhz regional təhlükəsizlik, üçtərəfli regional əməkdaşlıq və s. ola bilər. İqtisadi baxımdan bu ölkələr artıq sıx bağlıdır. Yəqin ki, bundan sonra hərbi əməkdaşlıq da nəhayət, prioritetə çevriləcək”. Ə.Oruclu hesab edir ki, tərəflər kənar təsirlərdən çəkinməyərək öz aralarında münasibətləri daha səmimi müstəvidə qurmağa çalışacaqlar: "Çünki bunu region dövlətlərinin təhlükəsizliyi tələb edir”.

Politoloq Orxan Qafarlının fikrincə, Ərdoğanın prezident kimi ilk rəsmi xarici səfərini Bakıya etməsi Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin dərinləşməsinə səbəb olacaq: "Bu səfər Rusiyaya, İrana və Avropa Birliyinə Azərbaycan-Türkiyə münasibətlərində strateji əməkdaşlığın önəmini göstərən mesaj olacaq. Həmçinin, səfər zamanı Cənubi Qafqazda regional və enerji məsələləri də müzakirə olunacaq. Regional məsələ dedikdə, əsasən Ermənistanın cəbhə xəttində atəşkəsi pozması və Soçi görüşündə müzakirə olunan məsələlər barədə məsləhətləşmələr olacaq”. Ekspertin zənnincə, səfər zamanı Ərdoğanla İ.Əliyev arasında əsas müzakirə mövzularından biri 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı iki ölkənin ortaq fəaliyyət strategiyasının müzakirəsi olacaq: "Bu məsələdə Azərbaycan tərəfi daha çox maraqlı görünür. Çünki Ərdoğanın ermənilərə başsağlığı mesajı Bakıda narahatlıqla qarşılanıb. Bundan başqa, Türkiyənin Ermənistanla sərhədlərinin açılması layihəsi, Türkiyənin bu məsələ ilə bağlı net mövqeyi müzakirə olunan mövzular siyahısına daxil ediləcək. Eyni zamanda Bakıda Ərdoğanla müzakirələrdə Azərbaycanın Avrasiya İttifaqı və ya Avropa Birliyinə üzvlüyü ilə bağlı siyasəti müzakirə oluna bilər. Eyni zamanda İsraillə münasibətlərin də Bakıda müzakirə olunacağı gözlənilir. Ehtimal olunur ki, Ərdoğanın prezidentliyi dönəmində Türkiyənin İsraillə münasibətləri tamamən qırıla bilər”.

İsmayıl