Siyavuş Novruzov haqlıdır, amma...

“Hər şeyi jurnalistlərin ayağına yazmaq da yanlış yoldur”



"Ordu barədə yanlış məlumatlar yayan media quruluşları cəzalandırıla bilər”. Bu barədə parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, Azərbaycan parlamenti Silahlı Qüvvələr haqda dezinformasiya dərc edən mətbuat orqanlarının cəzalandırılmasına dair qanunvericiliyi müzakirə edəcək:

"Milli Məclisin payız sessiyası başlayanda bununla bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edəcəm. Çünki son vaxtlar ayrı-ayrı mətbuat orqanları Azərbaycan ordusu və təhlükəsizlik haqqında düzgün olmayan məlumatlar yayırlar. İnformasiyaların bu formada yayılması, yoxlanılmadan, şayiə şəklində çatdırılması valideynlər və cəmiyyətdə narahatlıq doğurur. Bu baxımdan hərbi qanunvericiliyə və "Kütləvi informasiya vasitələri haqqında” qanuna da əlavə və dəyişiklər oluna bilər.”

Həmkarının bəyanatını dəyərləndirən millət vəkili Fazil Mustafa "Şərq”ə açıqlamasında qeyd edib ki, məsələyə bu formada yanaşmaq doğru deyil: "S.Novruzov bildirsə idi ki, "məqsədli şəkildə yanlış informasiya yayan media quruluşları cəzalandırılmalıdır” bunu dəstəkləyərdim. Çünki elə məlumatlar olur ki, jurnalist onu səlahiyyətli mənbələrdən əldə edə bilmir.

Media nümayəndələri çox hallarda aidiyyəti qurumla əlaqə saxlaya bilmir. Jurnalist neyləməlidi? O da ordusunu və vətənini sevir. Problem müşahidə edəndə onu qabartmağa çalışır ki, həllini tapsın. Hər şeyi jurnalistin ayağına yazmaq yanlış yoldur”.

S.Novruzovun narahatlığının anlaşılan olduğunu söyləyən millət vəkili deyib ki, onun da fikirlərində haqlılıq payı var: "Ordunu yanlış xəbərlər içində müəyyən təhlükəli məcraya yönləndirmək olmaz. Ordu həssas qurumdur. O barədə verilən informasiyalar kifayət qədər səhih və əsaslandırılmış olmalıdır. Bununla yanaşı, jurnalistin də hüququ ətrafında düşünülməlidir. Media ilə doğru-dürüst münasibətlər qurulmursa, mətbuata vaxtında məlumat verilmirsə, mətbu orqanlar da neqativ cəhətləri araşdırırsa, hansısa məlumatı qərəzli formada yaymırsa, ucdantutma hamını cəzalandırmaq doğru addım deyil”.

F.Mustafanın qənaətincə, bütün media orqanları cəzalandırılarsa, orduda yaşanan neqativ hallardan cəmiyyətin xəbəri olmaz: "Düzdü, ordu qapalı qurumdu. Anladıq. Amma çoxunun övladı, yaxını orduda xidmət edir. Onun taleyi və haqları da vacib məsələdir. Bir nəfərin yanlışına görə hamını cəzalandırmaq olmaz”.

Müsahibimizin fikrincə, ordu haqda kimlərsə qəsdən yanlış məlumatlar tirajlayarsa, həmin media quruluşlarının cəzalandırılması qaçılmaz olar: "Mən də bunun tərəfdarıyam. Məsələ barədə qanunvericilikdə həssas tənzimlənmə aparmaq lazımdır ki, bu, bir cəza vasitəsinə çevrilməsin”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli vurğulayıb ki, ölkə qanunvericiliyində cəmiyyətdə təşviş yaradan, təxribat xarakterli məlumatlar yayan şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət qədər müddəa var: "Bilərəkdən jurnalistlər yox, şəxslər sözünü işlətdim. Çünki peşəkar jurnalistlər və onların çalışdıqları media qurumları adətən belə səhvlərə yol vermirlər. Bu baxımdan, elə qanunvericiliyin indiki tələbləri səviyyəsində də müvafiq addımların atılması mümkündür. Doğrusu, konkret bir faktla bağlı, indiki halda hərbi məlumatların xüsusi icazə olmadan, yaxud təhrif olunaraq yayılması ilə əlaqədar ayrıca bir qanunun qəbulunu təsəvvür etmirəm. Çünki bu istiqamətdə qəbul edilmiş "Dövlət sirri haqqında”, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunlar mövcuddur. Həmin qanunların təkmilləşdirilməsinə ehtiyac varsa, adıçəkilən qanunlara əlavə və dəyişikliklər edilə bilər. Bu istiqamətdə yeni bir qanunun qəbulu isə hüquqi ziddiyyət yarada bilər ki, bu da arzuolunmazdır”.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, S.Novruzovun bu qanunun mövcudluğundan xəbəri yoxdur. Sadəcə, qanunu lazım olanda özləri bildiyi kimi işlədirlər, lazım olmayanda da o, kağız üzərində qalmaqda davam edir: "Dövlət sirri haqqında” qanunun 5-ci maddəsinin müəyyən bəndlərində hərbi sirri təşkil edən maddələr sadalanıb. Həmçinin, informasiya əldə etmək barədə qanun var. Azərbaycanda hər şey mövcuddur. Günahı jurnalistlərin üzərinə niyə atırlar? Jurnalistlərə lazım olan məlumatları vaxtında vermirlər. Onlar da məlumatı düzgün yazmayanda düşmən dəyirmanına su tökən damğası vurulur. Kökündən yanlış yanaşmadır. Millət vəkilləri qanunlarda olan boşluqlar üzərində işləsə, daha yaxşı olar. Siyavuş Novruzovun bu təklifinin heç bir əsası və məntiqi yoxdur”.

Ü.Cəfərov diqqətə çatdırıb ki, hərbi sirr anlayışına hörmətlə yanaşan jurnalist Müdafiə Nazirliyindən müvafiq informasiyanı ala bilmirsə, burda onu qınamaq olmaz: "Jurnalistləri

qınamaq və onlara qarşı sanksiya tətbiq etməkdənsə, müvafiq qurumlar onlarla düzgün formada işbirliyi qurmalı və mətbuatı yetərincə məlumatlandırmalıdır”.

Ayyət Əhməd