“Qobustan”da nə baş verir?

Məhbusların özlərini doğraması ilə bağlı ziddiyyətli xəbərlər gəlir




Qobustan həbsxanasında 6 nəfər intihar məqsədilə özünü doğrayıb. Həbsxananın yeni rəisinin sərt davranışlarına etiraz edənlər əsasən qarın və qol nahiyələrini kəsici alətlərlə kəsib və doğrayıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Özlərinə qəsd edənlərdən yalnız ikisinin adı məlumdur. Bunlar Mirzə Əliyev və Şahin Məlikovdur.

Qeyd edək ki, Qobustan həbsxanasının rəisi keçən ay dəyişdirilib. Məhbus yaxınlarının bildirdiyinə görə, yeni rəis Fikrət Qafarov məhbuslarla sərt şəkildə davranır. Onun hətta məhbusların üstünə tez-tez itləri qısqırtdığı da deyilir.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə hadisədən xəbərsiz olduğunu deyib: "Qobustanla əlaqəni Eldar Zeynalov saxlayır. Mən ona zəng vurdum, amma o da mənə heç nə demədi. Odur ki, məhbusların intihar xəbərinin həqiqətə uyğun olub-olmadığı ilə bağlı sizə dəqiq məlumat verə bilmərəm”.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev Qobustan həbsxanasında bir qrup məhkumun özünü doğraması məsələsinə toxunarkən bildirib ki, məhkumların bu addımı yeni rəisə öz tələblərini qəbul etdirməklə bağlıdır: "Hər dəfə Qobustan qapalı həbsxanasına yeni rəis təyin olunan zaman oradakı narazılıqlar, aksiyalar, intiharla bağlı cürbəcür məlumatlar Kütləvi İnformasiya Vasitələrinə sızır. Bu da bir növ həmin müəssisədəki məhkumların yeni rəisə təzyiq variantıdır. Qobustandakı məhkumlar bu yolla özlərinə xüsusi şəraitin yaradılmasına nail olmaq və ya mövcud olan xüsusi şəraitlərini qoruyub saxlamaq istəyirlər. Bu bir növ məhkumlar üçün ilkin sığortalanma metodlarıdır. Hətta bəzi vaxtlar yeni rəisin "Qobustan”da yeni qaydalar yaratması, qeyri-qanuni hərəkətləri, məhkumlara əziyyət verməsi kimi məlumatlar bilərəkdən KİV-ə sızdırılır. Onlar hesab edir ki, yeni rəis haqqında mediada mənfi rəy formalaşacağı təqdirdə rəhbərlik həmin məhkumlarla danışıqlar aparacaq və yanlış məlumat yaymamaları üçün onlara xüsusi şərait yaradılacaq”.

Fikrət Qafarovun Qobustan qapalı həbsxanasında qeyri-qanuni hərəkətlərinə dair söyləntilərin əsassız olduğunu vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, Qafarov bütün bunları edəcək biri deyil. Nuriyev Qafarovun bir ədliyyə işçisi olaraq, kifayət qədər peşəkar və qanunauyğunluqlara yetərincə bələd olduğunu vurğulayıb.

Qobustan qapalı həbsxanasının xüsusi rejimli bir cəzaçəkmə müəssisəsi olduğunu vurğulayan Ə.Nuriyevin sözlərinə görə, orada ömürlük və ya daha uzun müddətə azadlıqdan məhrum edilmiş, həmçinin digər cəzaçəkmə müəssisələrində qanunsuz hərəkətlərə yol verən və edilən xəbərdarlıqlardan nəticə çıxarmayan məhkumlar var: "Ən qatı cinayətkarlar orada saxlanıldığı üçün "Qobustan”da iş rejimi çox ağırdır. Ora elə bir yerdir ki, hər şey nizamnamə tələblərinə uyğunlaşdırılmalı və qanundankənar heç bir hərəkətə yol verilməməlidir. Hesab edirəm ki, Fikrət Qafarov da məhz bu istiqamətdə labüd olan addımlar atdığı üçün bir qrup məhkumların narazılığına səbəb olub. Hansı ki, onların narazılığının heç bir əsası yoxdu, hamısı xüsusi şərait tələb edənlərdir”.

Penitensiar Xidmətin mətbuat xidmətindən "Şərq”ə verilən məlumata görə, Qobustan qapalı həbsxanasında 6 nəfər məhbusun intihar məqsədilə özünü doğraması barədə yayılan informasiya əsassızdır: "Qobustan”da ümumiyyətlə belə bir hadisə baş verməyib. Yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Şəymən