Məcburiyyət yoxdur

Vahid məktəbli geyimlərini kim hardan istəsə, ala bilər




Yeni dərs ilinin başlamasına az müddət qalsa da, təhsil həyatındakı köhnə problemlər hələ də aradan qalxmayıb. Məlumdur ki, hər dərs ili başlayar-başlamaz bütün valideynləri qayğılandıran yalnız bir problem ortaya çıxır. Bu da övladlarının geyimidir.

Paytaxt məktəblərinin vahid geyimə keçməsindən xeyli müddət ötsə də, bu məsələ ətrafında etirazlar səngimir. Demək olar ki, hər dərs ilinin astanasında valideynlər Bakı Tikiş Evinin (BTE) bahalığından, məktəb direktorlarının isə şagirdləri qanunsuz olaraq yalnız BTE -nin "uniform” larını geyinməyə məcbur etməsindən şikayətlənir. Hətta bəzi paytaxt sakinləri mətbuat vasitəsilə aidiyyəti quruma bu halın aradan qaldırılması istiqamətində dəfələrlə çağırış edib. Əlaqədar strukturdan məktəb direktorlarının BTE-dən olmayan "uniform”lara icazə verməsini tələb ediblər. Çünki valideynlər "uniform”ları BTE-dən fərqli olaraq digər tikiş evlərindən daha ucuz qiymətə əldə edə bilirlər. Məktəb rəhbərliyinin isə buna özbaşına qadağa qoyması valideynlərdə qəzəb doğurur. Amma görünür, valideynlərin səsinə hələ ki səs verən yoxdur.

Paytaxt məktəblərində vahid formaya keçidin sevindirici hal olduğunu deyən əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsrət "Şərq”ə bildirib ki, bu sistem təbəqələşməni aradan qaldırır: "Bütün şagirdlərin vahid formada olmasının çox müsbət tərəfləri var. Şagirdlər arasında geyim tərzinə görə ayrıseçkilik olmur. İmkanlı və imkansız şagirdlər fərqlənmir. Belə olan halda bütün şagirdlər yalnız dərs barədə düşünürlər. Kimin bahalı, kimin ucuz geyinməsi ətrafında müqayisələr aparılmır. Məktəblilər yalnız dərslə məşğul olurlar. Vahid geyimə keçməzdən öncə, hərə bir qiyafədə gəlirdi. Bu da neqativ hallara yol açırdı. Məktəblilərin fikri dərsdən yayınırdı. Hər həftə yeni paltar geyinmələri barədə düşünürdülər. Bu sistemə keçid bütün arzuolunmaz halları aradan qaldırdı”.

Ekspertin qənaətincə, hazırkı sistemin yalnız paytaxt deyil, bütün orta təhsil müəssisələrinə şamil olunması çox yaxşı olardı: "Bu, regionlardakı məktəblərdə də tətbiq olunmalıdır”.

Vahid geyimin hansı tikiş fabrikindən alınmasına gəlincə, A.Həsrət deyib ki, bu işdə heç bir məcburiyyət yoxdur: "Kim hardan istəsə, əldə edə bilər. Amma vahid məktəbli geyimi dəqiqliyi ilə yalnız BTE-də var”.

Ayyət Əhməd