56 il soyadsız yaşayıb

Etibar adlı şəxs indi Rusiyada “ilişib”



Rusiya mətbuatı 56 il soyadsız yaşayan azərbaycanlı haqqında məlumat yayıb. 1957-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olan Etibar adlı şəxs əvvəl Azərbaycanda, köçdükdən sonra isə Rusiyada indiyə qədər soyadsız yaşayıb. Lakin vərəsəlik hüququnu rəsmiləşdirmək istəyərkən lazımi sənədlərdə soyadının qeyd olunmaması səbəbiylə, o, problemlə qarşılaşıb.

Azərbaycanlının valideynləri çox az rast gəlinən milli ənənəyə uyğun olaraq ona öz soyadlarını verməyiblər. Bakıda ona doğum haqqında şəhadətnamə, 20 ildən sonra isə rayon hərbi komissarlığından hərbi bilet təqdim olunub. Daha sonra Murmanska gələn azərbaycanlı 2003-cü ildə Rusiya Federasiyasının vətəndaş pasportuna sahib olur. Onun xarici pasportunda da həmin şəxsin soyadı haqqında heç bir məlumat yoxdur.

Etibar yalnız 2013-cü ildə həyat yoldaşı dünyasını dəyişdikdən sonra ona mənzil və əmanət qoyduğuna görə soyadının olmaması səbəbindən problemlərlə üzləşib. Vərəsəliyin təsdiq edilməsi məsələsinə baxan notarius hesab edir ki, pasportda və nikah haqqında şəhadətnamədə şəxsin soyadı olmadığına görə, bu sənədlər mövcud qanunvericiliyə uyğun gəlmir. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olub.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov "Şərq”ə deyib ki, istisnalar şəklində də olsa, bəzi hallarda Rusiya ərazisində yerləşən insanların öz ad və ya soyadlarını istifadə etmək istəmədiyinin müşahidə edildiyini deyib: "Hətta Rusiya mətbuatı da bu barədə məlumat verərək, daha çox federasiyanın şərq ərazilərində sənədi olmayan insanların yaşadığını bildirib. Amma istənilən halda bu elə də dolaşıq, aydınlaşdırılması çətin məsələ deyil. Rusiya Federasiyasının qanunvericiliyi bu məsələnin həllində müəyyən mövqe ortaya qoyaraq, vətəndaşın hüquqlarına əsasən problemi həll edə bilər”.

Həmin şəxsin isə indiyə qədər soyadı olmadan yaşamasının təəccüblü olduğunu bildirən ekspertin sözlərinə görə, hüquqi cəhətdən o insanın lazımi sənədlərlə, əsasən də hərbi biletlə təmin olunması məsələyə ciddi yanaşılmasını diqqət mərkəzinə çəkir: "Düzdür, keçən əsrin ortalarında müharibə səbəbilə belə hadisələr çox olurdu. Həmin problemdən çıxış yolu kimi hər hansı hüquqi sənəd təqdim edilən zaman şəxsin özünə soyad seçməsinə və ya adına uyğun soyadının tərtib olunmasına şərait yaradılırdı. İndi də bir insanın müxtəlif səbəblərdən soyadını təsdiq edəcək sənədin olmaması halı baş verdikdə sonrakı sənədlərin verilmə prosesində problem həllini tapmalıdır. Hətta bu şəxs nikaha daxil olduğu insanın soyadını da götürə bilər”.

A.Allahverənov bu kimi məsələlərlə bağlı Azərbaycan qanunvericiliyində də müəyyən maddələrin qeyd olunduğunu diqqətə çatdırıb.

Vətəndaşın şikayətinə baxan Rusiya məhkəmə orqanı isə soyadı olmayan şəxsi müdafiə edib. Belə ki, məhkəmə uşaq hüquqları haqqında konvensiyaya əsaslanaraq belə qərar verib. Həmin sənədə əsasən bu konvensiyaya qoşulan və uşaq hüquqlarını müdafiə edən dövlətlər həmin şəxslərin vətəndaşlığı, adı, soyadı və digər məlumatlarının fərdiliyini saxlamalıdır.

Aysel Aslan