Bahalı, amma keyfiyyətsiz təhsil...

Özəl ali məktəblər tələbələri soymaqla məşğuldurlar
Etibar Əliyev: “Bu ali məktəbin rəhbərləri təhsil haqqını ağlasığmaz dərəcədə artırır, tətbiq edilən sərt imtahan sistemi ilə tələbələr incidilir. Kredit adı ilə onlardan külli miqdarda vəsait alırlar”


Yeni dərs ilinin başlanmasına çox az müddət qalıb. Dərslərin başlanma vaxtı azaldıqca, valideynlərin qayğısı çoxalır. Özəl ali məktəblərə ödənişli əsaslarla qəbul olunan tələbələr təhsil haqlarını ödəməlidirlər. Valideynləri kədərləndirən də məhz budur. Çünki həmin universitetlərdə qoyulan ödəniş haqları vətəndaşın orta aylıq əməkhaqqı ilə mütənasib deyil. Bu barədə illərdir müzakirələr aparılsa da, sözügedən təhsil müəssisələrinin rəhbərləri tədbir görmür.

Rektorlar cəmiyyətdəki mental düşüncələrə yaxşı bələddir. Bilirlər ki, hansı vasitə ilə olursa olsun, valideynlər "övladım yaxşı peşəyə yiyələnsin” deyə olar-olmazlarını satıb ödəniş verəcək. Əfsuslar olsun ki, bu baha ödəniş müqabilində bəzi özəl universitetlər heç də valideynlərin gözlədiyi təhsili vermir. 4 il "oxutdurduqdan” sonra onlar hansısa biliklə deyil, pulla alınmış kağız parçası ilə yola salınır. Ekspertlər isə bunun səbəbini Azərbaycanda universitetlərin, ələlxüsus da özəl təhsil müəssisələrinin sayının çox olmasında görür.

Təhsil üzrə ekspert Etibar Əliyev "Şərq”ə açıqlamasında bildirib ki, özəl ali məktəblər rəqabət mühiti yarada bilmirlər: "Ötən əsrin 90-cı illərinə qədər Azərbaycanda yalnız dövlət ali məktəbləri fəaliyyət göstərirdi. 1992-ci ildə "Təhsil haqqında” qanun qəbul olunduqdan sonra kütləvi şəkildə özəl ali məktəblər təsis edildi. Belə ali məktəblərin çoxunun maddi-texniki bazası, professor-müəllim heyətinin tərkibi zəif idi. Sonradan özəl ali məktəblərin sahibləri özləri üçün böyük və geniş tədris binaları inşa etdirdilər. Bundan sonra xeyli tələbə kütləsi cəlb etdilər. Geniş və yaraşıqlı binalar təhsilin keyfiyyətini dəyişmədi. Başqa sözlə, özəl ali məktəblər rəqabət mühiti yarada bilmədilər. Bundan istifadə edən hökumət əvvəlcə özəllərdən tibb və hüquq ixtisasını yığışdırdı, sonra isə bunların bir neçəsini bağladı”.

Ekspertin qənaətincə, Azərbaycanda özəl ali məktəblərin yaranması iki problemi həll etməli idi: "Birincisi, kəmiyyət problemidir. Azərbaycan əhalisinin hər 10 min nəfərinə düşən tələbələrin sayı postsovet məkanına daxil olan ölkələrdən və Avropa ölkələrindən geridə qalır. Bizdə hər 10 min nəfərə 156 tələbə düşdüyü halda, Gürcüstan və Ermənistanda bu rəqəm 320 nəfər, Rusiya, Belarus, Ukraynada bu rəqəm 400 nəfər, Qərb ölkələrində isə 500-600 nəfərdir. Özəl ali məktəblərə tələbə axınının xeyli azalması və onların bağlanması kəmiyyət problemini həll edə bilmədi. Keyfiyyət probleminə gəldikdə, yeni yaradılmış ali məktəblər Bakı Ali Neft Məktəbi, Azərbaycan Diplomatiya Akademiyası, İnformasiya Texnologiyaları Universiteti istisna olmaqla, özəl ali məktəblərin keyfiyyət göstəriciləri bir çox hallarda dövlət ali məktəblərindən seçilmədi. Məsələn, ABŞ-ın ən məşhur universitetləri Harvard, Yell, Prinston universitetləri özəl universitetlərdir. Türkiyənin Koç, Sabancı, Bilkent kimi universitetlərini də misal göstərmək olar. Bizdən fərqli olaraq dünyanın bir çox ölkələrində dövlətin özəl ali məktəblərə maliyyə və başqa formada dəstəyi olur ki, bu da inkişafa səbəb olur. Bir misal çəkim, vaxtilə özünə normal reytinq toplamış Xəzər və Qərb universitetlərinin reytinqi get-gedə düşməyə başladı. Səbəb nədir? Bu ali məktəbin rəhbərləri bunu bilərəkdən edir: təhsil haqqını ağlasığmaz dərəcədə artırır, tətbiq edilən sərt imtahan sistemi ilə tələbələr incidilir. Kredit adı ilə onlardan külli miqdarda vəsait alırlar. Hesab edirəm ki, keyfiyyətsiz təhsilə görə Təfəkkür Universitetinin, Bakı Qızlar Universitetinin, Bakı Biznes Universitetinin, Bakı Asiya Universitetinin də fəaliyyəti dayandırılmalıdır”.

E.Əliyev onu da əlavə edib ki, özəl ali məktəblərin bağlanması prosesi dövlət ali məktəblərinə də şamil oluna bilər: "Elə dövlət ali məktəbləri var ki, ixtisaslarının yarısının fəaliyyəti dayandırılmalıdır. Keyfiyyətsiz təhsil verilir. Bir çox ali məktəblərdə ali məktəbin profilinə uyğun olmayan ixtisaslar açılıb. Bunlar özbaşınalığın nəticəsində baş verib. Gələcəkdə ali məktəblərin, yaxud ixtisasların fəaliyyətinin dayandırılması akkreditasiya vasitəsilə olsa, onda dövlət ali məktəblərindəki təhsilin keyfiyyəti ilə özəllərdəki keyfiyyətin arasındakı fərqlərin bir o qədər çox olmadığına rast gələcəyik”.
İqtisadçı-ekspert Zahid Məmmədov isə ali təhsil ocaqlarında təhsilin keyfiyyətinin yüksəldilməsini bəzi universitetlərin birləşdirilməsində görür: "Universitetlərin standartlarına baxılmalıdır. Lazım gələrsə, birləşmələr olmalıdır. 2000-ci ildə çox ciddi addım atıldı. Bir neçə universitet İqtisad Universitetinə birləşdirildi. Bundan sonra universitetin reytinqi xeyli artdı. Bu metoddan istifadə edərək, əmək bazarının ehtiyacını qarşılamayan ali məktəblər ya birləşdirilməli, ya da qapanmalıdır”.

Ekspert digər çıxış yolunu universitetlərdə tələbələrin bilik səviyyəsinə görə qruplaşdırmaqda görür: "Dərs deyən müəllimlər də tələbələrin bilik səviyyəsinə uyğun məvacib almalıdır. 700 bal toplayan tələbəyə dərs deyən professor, 200 bal toplayan tələbəyə dərs deyən müəllimlə eyni maaş almamalıdır. Bu zaman universitetlərdə təhsilin keyfiyyəti yüksələ bilər”.

Millət vəkili Əli Məsimli deyib ki, problem universitetlərin çox olması deyil, onların necə xidmət göstərməsindədir: "Azərbaycanda özəl universitetlərə münasibət mənfidir. Hesab edirəm ki, bu proses getdikcə düzələcək. Avropanın bir çox ölkələrində dövlət universitetləri pullu xidmətdən imtina etməyə başlayıblar. Bizim ölkədə də bir neçə ildən sonra bu proses gedəcək. Rəqabət mühiti yarandıqca, təhsilin keyfiyyəti də artacaq. Neqativ halların qarşısını almaq üçün dövlətin qanunları var. Lazım gələrsə, qanunlar da təkmilləşdirilməlidir”.
Ə.Məsimlinin szölərinə görə, dövlət universitetlərini pulsuz bitirən məzunlar sonra iş tapa bilmirlər: "Gənclərin layiqli işlə təmin olunması üçün bir konsepsiya hazırlanmalıdı. Bu tək Bakını yox, bütün regionları əhatə etməlidir. Rayonlarda da iş yerləri açılmalıdır. Regionlarda yeni investisiya layihələri hazırlamaq olar. Həmin layihələr, xarici kapital və dövlət hesabına müştərək müəssisələrdən başlamaq olar. Sonra tədricən bu prosesi özəl "əllər”ə vermək olar. Psixoloji baryeri aradan qaldırmaq lazımdır. Gənclərin regionlarda işləməyə marağını artırmaq üçün dövlət dəstəyilə yeni bir konsepsiya işlənməlidir”.

Ayyət Əhməd