Bu iş monopoliyadan çıxarılmalıdır

Dərslikləri akademiklər deyil, orta məktəb müəllimləri yazmalıdır


Yeni dərs ili yaxınlaşsa da, dərsliklərdəki köhnə problemlər hələ də qalmaqdadır. Uzunmüddətli müzakirə predmetinə çevrilən bu məsələ ilə bağlı ötən günlərdə Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası monitorinq keçirib. Və yoxlama zamanı müəyyən nöqsanlar üzə çıxıb. Bu sahədəki çatışmazlıqlar haqda Təhsil Nazirliyi (TN) də həyəcan təbili çalıb. Sözügedən qurum yeni dərsliklərin hazırlanması üçün hökumətdən əlavə səlahiyyətlər istəyib.

Bu barədə nazirliyin tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev deyib. Onun sözlərinə görə, dərslik müəlliflərinin seçimində TN səlahiyyətli deyil: "Hazırda dərsliklərin hazırlanması müsabiqə yolu ilə həyata keçirilir. Bəzən bu işə yaxın gələn olmur. Məsələn, bu il fransız dili dərsliyi müəlliflərin nəşriyyata gec cəlb olunmasından, tender komissiyasına vaxtında cəlb edilə bilmədi. Bu mənada nazirlik hesab edir ki, ehtiyat vasitə kimi gələcəkdə nazirliyə vacib dərsliklərə əvvəlcədən sifariş vermək səlahiyyəti verilməlidir. Sabah müsabiqəyə, Tender Komissiyasına heç bir iş təqdim olunmasa, həmin ehtiyat dərslikdən variant kimi istifadə edilsin. Bu istiqamətdə işlər gedir. Türkiyədə dərsliklərin bir hissəsi dövlətin sifarişi ilə yazılan dərsliklərdir. Onlar dövlət dərslikləri kimi qeyd olunur. Digər dərsliklər isə özəl şirkətlər tərəfindən müsabiqə yolu ilə yazılır. Hər ikisi dövlətin hazırladığı standart və alt standartlar əsasında yazılır”.

Dərsliklərdəki çatışmazlıqlar və problemdən çıxış yolları barədə "Şərq”ə danışan tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov qeyd edib ki, dərslikləri akademiklər deyil, orta məktəb müəllimləri yazmalıdır. Onun sözlərinə görə, indiki professorların əksəriyyəti həmin dərəcəni SSRİ dönəmində alıb. Və bu baxımdan onların yeni konsepsiya ortaya qoyması mümkünsüzdür: "Sovet hakimiyyəti illərində dərsliklər Moskvada yazılırdı. Müttəfiq respublikaların dillərinə tərcümə olunurdu. Həmin dərsliklər fənnindən asılı olmayaraq ideoloji baxımdan Rusiyaya köklənirdi. Adı SSRİ tarixi olsa da, Qafqaz haqqında bir, Mərkəzi Asiya barədə isə yarım səhifə məlumat olurdu. Azərbaycan istiqlaliyyət qazanandan sonra bu konsepsiya kökündən dəyişməli idi. Lakin dəyişmədi. Sovet hakimiyyəti illərində Azərbaycan tarixində hansı konsepsiya mövcud idisə olduğu kimi götürülüb, eybəcər formaya salınıb, təzə dərsliklər yazıldı. Bu dərsliklərdə konkret konsepsiya deyilən bir anlayış yoxdur. Müstəqil Azərbaycanın konsepsiyasından söhbət gedirsə, tarix sahəsində bütöv Azərbaycan tarixi öz əksini tapmalıdır. Bütöv Azərbaycan tarixi öz əksini tapmalıdırsa, orda respublikamızın sərhəddindən kənarda qalmış ərazilərin də tarixi verilməli idi. Təəssüf ki, bunu görmürük. Üstəgəl, 10-cu sinifdə birdən-birə Kəngərlilərin adı çəkilir. Kəngərli sözünün yanında yazılır ki, bunlar qədimdə Azərbaycanda yaşamış türk tayfalarıdı. Azərbaycanın qədim dövründən bəhs edən tarix kitablarında kəngərlilər haqda heç bir məlumat verilməyib. Bu da uşaqlarda axsaqlıq yaradır”.

Müsahibimiz diqqətə çatdırıb ki, bu sahədəki nöqsanların tamamilə aradan qalxması üçün rəqabət mühiti formalaşmalıdır: "Ən azı 6-7 dərslik yazılmalıdır. Həmin dərsliklər müstəqil ekspertlər tərəfindən təhlil edilməlidir. O ekspertlər müstəqil olmalıdır. İndiki halda isə həmin ekspertlər kitab müəlliflərindən bu və ya digər formada asılıdırlar. Onlar da istər-istəməz subyektivizmə yol verirlər”.

Həmsöhbətimizin qənaətincə, dərsliklərin yazılması inhisara alınıb: "Tarix üzrə monitorinq qrupunun sədri mənəm. Monitorinq zamanı müəlliflərin bir neçəsi ilə müzakirələr aparmışam. Konkret bir misal deyim. 11-ci sinfin Azərbaycan tarixində Xalq Cümhuriyyətinin süqutundan bəhs edən paraqrafda belə bir cümlə var. "Nahaq qan tökülməsini istəməyən Xalq Cümhuriyyəti parlamenti hakimiyyəti bolşeviklərə təhvil verdi. Anlaya bilmirəm bu qan nə vaxt tökülməlidi istiqlal uğrunda tökülməyəcəksə? Bu cümlə uşaqlara müsbət hisslər aşılamır”.

Ayyət Əhməd