Nazir: "12 illik təhsilə keçidlə bağlı birmənalı qərar yoxdur"




"Dünya ölkələrinin tam əksəriyyəti 12 illik təhsil sistemini tətbiq edir. Lakin biz bunu kor-koranə şəkildə tətbiq etməməliyik”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib. O qeyd edib ki, bununla bağlı mütəxəsislər tərəfindən dərhal işə başlanılmalıdır. "Bu işin kökündə son siniflərdə ixtisaslaşmanın fəlsəfəsini ortaya qoymaq durur. İcbari fənlərin sayının son siniflərdə azaldılması qarşımıza bir məqsəd kimi qoyulub. 12 illik təhsilə keçid planını ilk növbədə Təhsil Nazirliyinin tabeliyində olan məktəblərdən başlamaq lazımdır. Yəni bu, pilot şəkildə həyata keçiriləcək”.

Nazirin sözlərinə görə, iki ildən sonra həmin təhsil müəssisələrində son siniflərdə ixtisaslaşma imkanını verən və beləliklə, son siniflərdə icbari fənlərin sayını azaldan tədris proqramları hazırlanıb təqdim olunmalıdır. "Yəni, yuxarı sinifdə oxuyan şagirdlər üçün seçim olmalıdır. Analoji şəkildə öz ixtisasını seçən və gələcəyini texniki, humanitar ixtisaslarda və ya tibb elmlərində görən şagirdlər ixtisaslaşmış proqram ilə təmin edilməlidir”.

M. Cabbarov vurğulayıb ki, 12 illik təhsilə keçidlə bağlı birmənalı qərar yoxdur. "12 illik təhsilə keçid Təhsil Strategiyasında qarşıya qoyulmuş hədəfdir və bununla bağlı TQDK, eyni zamanda müvafiq dövlət orqanları ilə birgə iş aparılacaq. 12 illik təhsilə keçmə müddəti əvvələcəən elan olunacaq”.