Müdaxilə edə bilmərik?

Bakıdakı Rusiya səfirliyi təxribatla məşğuldur


Rusiya Azərbaycanda anti-Ukrayna təbliğatı aparır. Bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu öz facebook səhifəsində yazıb. Bakının mərkəzində - Rusiya səfirliyinin tam qarşısında Krımdan, Ukraynanın Şərqindən yekə şəkillər yapışdırıldığını qeyd edən politoloqun qənaətincə, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya səfirliyindən həmin şəkilləri yığışdırmağı tələb etməlidir:

"Krım Rusiya ərazisi kimi göstərilib, qaçqınlar isə Ukrayna ordusunun qurbanları kimi qələmə verilib. Bu təxribatdır. Əlbəttə, səfirlik həmin ölkənin ərazisidir, ora müdaxilə etmək olmaz, daxildə nə istəsələr edə bilərlər, keflənib bir-birini pəncərədən də ata bilərlər, ancaq səfirliyin qarşısından Azərbaycan vətəndaşları keçir və şəkillərə baxırlar. Azərbaycan vətəndaşları isə Kremldən fərqli olaraq Krımı Ukrayna ərazisi sayır, Ukraynanın ərazi bütövlüyünə hörmət edirlər. Ona görə də Azərbaycan XİN Rusiya səfirliyindən həmin şəkilləri yığışdırmağı tələb etməlidir. Buna seyrçi qalmaq olmaz. Əks halda, sabah da Ermənistanın hansısa ölkədəki səfirliyi binasının qarşısında Qarabağı öz ərazisi kimi göstərən şəkillər yapışdıracaq. Necə ki, buna kəskin reaksiya verəcəyik, eləcə də Rusiya səfirliyinin başqa dövlətin ərazi iddiasını əks etdirən şəkillərinin reklamına qarşı da qətiyyətlə çıxmalıyıq...”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə isə heç bir halda Azərbaycanın Rusiya səfirliyinə müdaxilə səlahiyyətlərinin olmadığını deyib:

"Səfirlik təmsil etdiyi ölkənin ərazisi hesab olunduğu üçün toxunulmazdır. Həmin ərazidə səfirlik nümayəndələri istədikləri addımı ata bilərlər. Onun Rusiya səfirliyinin öz lövhələrinə vurduğu şəkillər Azərbaycanın ərazi bütövlüyünə və Konstitusiyasına zidd olmadığı üçün bizim onlara hər hansı bir formada xəbərdarlıq etmək və ya birbaşa həmin şəkilləri cırıb, atmaq kimi bir səlahiyyətimiz yoxdur. Hər hansı bir ölkəni təmsil edən səfirlik qarşısında asılan lövhələr həmin ölkənin mövqeyidir. Bu gün Rusiya səfirliyinin qarşısında asılan lövhələrin Azərbaycanla heç bir əlaqəsi yoxdur. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bunu da beynəlxalq aləm qarşısında elan edib. Rusiya səfirliyi qarşısında Krımın Rusiya ərazisi kimi göstərilməsi və qaçqınların Ukrayna ordusunun qurbanları kimi qələmə verilməsi bizim üçün xoşagələn hal olmasa da, müdaxilə imkanlarımız çox məhduddur. Hətta səfirliyin divarından asılan lövhə belə onların ərazisinə daxildir. Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən heç bir ölkənin diplomatik nümayəndəliklərinə xəbərdarlıq edə bilməz, o cümlədən də Rusiya səfirliyinə həmin şəkilləri cırıb, atın deyə bilməz”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də bildirib ki, xarici ölkələrin Azərbaycandakı səfirlikləri, eləcə də Azərbaycan Respublikasının xaricdəki səfirliklərinin statusu məsələsi diplomatik münasibətlər haqqında Vyana konvensiyası ilə tənzimlənir. Səfirlik ərazisi həmin ölkənin qanunları ilə tənzimlənir: "Bu halda ex-territorial yurisdiksiya adlanan beynəlxalq hüquqi anlayış tətbiq edilir. Odur ki, hökumətin xarici ölkələrin Azərbaycandakı səfirliklərinə müdaxiləsi yolverilməzdir”.

Şəymən