Dörd ildi ratifikasiya olunmayan Sürix protokolları artıq zibil qutusuna atılıb

“Sarkisyan beynəlxalq tribunada ajiotaj yaratmaqla Qərb dövlətlərinin Türkiyəyə “barmaq silkələməsinə” nail olmağa çalışır”




Ermənistan hakimiyyəti Türkiyə ilə imzalanmış protokolları parlamentdən geri çəkmək istəyir. Bunu Ermənistan prezidenti Serj Sarkisyan BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxışı zamanı deyib. Sarkisyan bildirib ki, Ermənistan heç vaxt Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün "soyqırım”ın tanınması şərtini irəli sürməyib.

O, təşəbbüskarı olduqları prosesin Sürixdə protokolların imzalanması ilə nəticələndiyini, lakin bu protokolların xeyli vaxtdır Türkiyə parlamentində ratifikasiya olunmadığını söyləyib: "Rəsmi Ankara açıq bəyan edir ki, bu protokolları yalnız o halda ratifikasiya edəcək ki, ermənilər Dağlıq Qarabağı Azərbaycana versin”. Ermənistan prezidentinin "hədəsini” şərh edən Sülh və Konfliktlərin Həlli Mərkəzinin direktoru Elxan Mehtiyev deyir ki, Sarkisyan bizim düşmənimizdir. O, çıxış imkanı əldə etdiyi hər tribunadan istifadə edərək Türkiyəni və Azərbaycanı ləkələməyə çalışır: "Əslində Ermənistan rəhbərinin məqsədi başqadır. Sarkisyan özü də yaxşı bilir ki, 4 ildir ratifikasiya olunmayan Sürix protokolları artıq zibil qutusuna atılıb. Əlbəttə, bu, onu qıcıqlandırır. Ona görə də BMT tribunasından çıxış edərək göstərir ki, guya bu işi pozan Türkiyədir. Yəni Sarkisyan beynəlxalq tribunada ajiotaj yaratmaqla Qərb dövlətlərinin Türkiyəyə "barmaq silkələməsinə” nail olmağa çalışır. Çünki o, elə hesab edir ki, ABŞ və Avropa Birliyi Ərdoğana Sürix protokollarını gündəmə gətirməsi üçün ciddi təzyiq göstərə bilər”.

E.Mehtiyev onu da vurğulayıb ki, Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğandır. Ərdoğan isə elə bir siyasətçidir ki, onun davranışına zəmanət vermək olmur: "Sabah Ərdoğanın hansı addım atacağı bəlli deyil. O, bir müddətdən sonra həmin protokolları yenidən parlamentə verə və onları ratifikasiya edə bilər. Hətta 24 aprel qondarma erməni soyqırımı abidəsini ziyarət edərək heykəlin önünə çiçək də qoyar. Yəni bütün bunları Ərdoğandan gözləmək mümkündür. Bu səbəbdən hesab edirəm ki, Ermənistan prezidentini tələsik addım atmağa qoymayacaqlar”.

İsmayıl