Erməni əsiri qaytardıq, bəs Kəlbəcər əsirlərinin taleyi necə olacaq?

Ailə əzizlərini gözləyir, millət vəkili də ümidlidir


Dinc insanların, öz yurdlarına gedən insanların hansısa terrorçu şəxs adı ilə girov götürülməsi beynəlxalq hüquq normalarına ziddir. Buna baxmayaraq, təcavüzkar Ermənistan Kəlbəcərdə əsir aldığı iki həmyerlimizi hələ də geri qaytarmayıb. Və çox təəssüflər olsun ki, Azərbaycanın girov düşmüş iki vətəndaşı Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni əsirliyindən azad olunması istiqamətində heç bir irəliləyiş də yoxdu.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə bildirib ki, BQXK-nin öz mandatına uyğun olaraq, tərəflərlə dialoqu davam edir:

"Ümumiyyətlə, BQXK neytral vasitəçi roluna uyğun olaraq, Qarabağ münaqişəsi ilə əlaqədar saxlanılan hərbi əsirlərə və mülki şəxslərə baş çəkir. Onların saxlanma şəraiti ilə maraqlanır və ailə əlaqələrini bərpa etməkdə yardımçı olur. Saxlanılan şəxslərə ailə məlumatları çatdırılıb və onlardan ailələrinə çatdırılması üçün məlumat alınıb”.

Girov götürülən şəxslərin durumuna gəlincə, İ.Hüseynova qeyd edir ki, BQXK saxlanılan şəxslərlə görüşdən sonra onların vəziyyəti ilə bağlı açıqlama yaymır: "Saxlanılan şəxslərin geri qaytarılmasının həyata keçirilməsi üçün tərəflər razılığa gəlməlidir. Yəni ki, saxlayan tərəf onu qaytarmağa, digər tərəf onu qəbul etməyə, əsir düşən şəxslər isə qayıtmaq haqqında arzularını bildirməlidir. Bu üç hal üst-üstə düşdüyü təqdirdə BQXK neytral vasitəçi olaraq, saxlanılan şəxslərin qaytarılma əməliyyatında iştirak edir”.

"Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova da deyib ki, son girov götürülənlərin işi ilə dövlət səviyyəsində məşğul olunur. Onun sözlərinə görə, məsələ birbaşa prezidentin nəzarətindədir: "Deməli, sonu müsbət nəticələnəcək”.

O ki qaldı girov götürülən şəxslərin ailələrinin vəziyyətinə, Esmira Orucova bildirib ki, gərginlik içində gözləyirlər: "Əzizləri neçə aydır erməninin əlindədir. Bir-birlərindən yalnız məktublar vasitəsilə xəbər ala bilirlər. Psixoloji çətinlik içindədirlər. Həqiqətən də çox çətindir”.

Millət vəkili Elman Məmmədov da Dilqəm Əhmədov və Şahbaz Quliyevin geri qaytarılması istiqamətində Azərbaycan hökumətinin lazımi addımları atdığını vurğulayıb: "Proses yüksək səviyyədə davam etdirilir. Ancaq Azərbaycanın çalışması hər şey demək deyil. Beynəlxalq təşkilatlar da onların qaytarılması üçün ciddi-cəhd göstərməlidir. Onların qaytarılması ilə bağlı guya ki, BQXK məşğul olur. Azərbaycan tərəfdən isə Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər yüksək səviyyəli qurumlar məşğuldur. Hər halda görülən işlərin nəticə verəcəyinə ümidim var. Məsələ şəxsən ölkə başçısının diqqət və nəzərindədir. Əslində həmin şəxslərin erməni əsirliyində saxlanılması ədalətsizlikdir. Çünki onların əməllərində cinayət tərkibli heç nə yoxdu. Onlar Ermənistanın dövlət sərhədlərini pozmayıblar. Kəlbəcər Azərbaycan ərazisidir. Onlar öz doğma kəndlərinə, yurd-yuvalarına baş çəkiblər. Onlar Ermənistan ərazisinə keçməyiblər ki, ermənilər onları sərhəddi pozan cinayətkar kimi həbs eləsin? Əksinə, Azərbaycan sərhədlərini pozub, torpaqlarımızda işğalçılıq siyasəti yeridən ermənilər özləridir. Bütün beynəlxalq hüquqi normalar da sübut edir ki, Dilqəm Əhmədovla Şahbaz Quliyevin əməlində cinayət tərkibli heç nə yoxdu. Hansı qanunda yazılıb ki, öz doğma yurduna gedən adam cinayətkar sayılmalıdır? Ermənistan ta əvvəldən işğalçı, təcavüzkar, beynəlxalq hüquq normalarına məhəl qoymayan bir dövlət, bir çox beynəlxalq qurumların və dövlətlərin havadarlığı ilə fəaliyyət göstərən cinayətkar qurum olduğu üçün qanunlara tabe olmur. Bütün bunlara rəğmən Azərbaycan tərəfi hər zaman öz humanist mövqeyində qalır. Bir ay əvvəl Qazax rayonunda saxlanılan erməni, Ananyan Sarkis Norikoviçi iki gün öncə Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində qarşı tərəfə qaytarıb.

Həm də qeyd-şərtsiz... Biz də erməni tərəfindən qarşılıqlı addımı gözləyirik”.

"Azərbaycan erməni əsiri qeyd-şərtsiz qaytarmaqdansa, Dilqəm Əhmədov və Şahbaz Quliyevlə dəyişdirsə, daha yaxşı olmazdımı” sualına gəldikdə isə Elman Məmmədov bu məsələnin onun səlahiyyətləri xaricində olduğunu deyib: "Ola bilsin ki, ortada mənim bilmədiyim bəzi məqamlar var. Sözün açığı, Azərbaycanın erməni əsiri qarşılıq tələb etmədən qaytarması mənim üçün də qaranlıqdır. Düşünürəm ki, Azərbaycan Ermənistan qarşısında hansısa tələb qaldıra bilərdi”.

Şəymən