Bu gün Müsavatın başqanı bəlli olacaq

Mübarizə əsasən Qubad İbadoğlu və Arif Hacılının arasında gedəcək



Bu gün Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət sarayında Müsavat Partiyasının VIII Qurultayı keçiriləcək. Artıq başqanlığa namizədlər təşviqat-təbliğat kampaniyasına son veriblər. Kampaniya çərçivəsində bölgələrə səfər edən hər dörd namizəd seçkiqabağı proqnozları ilə öz şanslarını yüksək dəyərləndirirlər.

Başqan kreslosuna ən iddialı namizəd olan Qubad İbadoğlunun sözlərinə görə, seçkidə o qələbə qazanacaq: "Hesab edirəm ki, qalib olacam. Çünki qələbə əhval-ruhiyyəsi ilə seçkiyə gedirəm. Partiyadaşlarımın mənə olan münasibəti də optimist olmağa əsas verir. Rəsmi olaraq gənclər birliyi və qadınlar birliyi məni dəstəkləyir. Sıravi Müsavatçılar arasında da böyük dəstəyim var. Yəni bu seçkidə mənim rəqibim yoxdur. Düzdü, alternativlərimin də şansı var. Amma öz şansımı onlardan yüksək dəyərləndirirəm”.

Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da başqanlıq yarışında özünə rəqib görmədiyini bildirib: "600 nəfər qurultay nümayəndəsinin hər biri ilə şəxsən tanışam. Ona görə də seçkilərin nəticələri indidən mənə aydındır”.

Müsavat başqanlığına namizəd, Divan üzvü Tural Abbaslı bəyan edib ki, əgər seçilmək şansının olmadığını düşünsəydi, namizədliyini verməzdi. O, seçkidən 50 faiz qalibiyyət gözlədiyini bildirib: "Müsavat Partiyasında seçkilərin nəticələrini öncədən heç kəs hesablaya bilməz. Seçicilər son ana qədər öz fikirlərində qala və dəyişə bilərlər. Müsavatdakı seçicilərin fikirlərinə təsir etmək şansı çox azdır. Mən digər namizədlərin də şanslarını yüksək qiymətləndirirəm. Hamını bərabərhüquqlu dəyərləndirirəm. Özümü isə onlardan nə üstün, nə də aşağı tuturam. Nəticələr yalnız seçkidən sonra bilinəcək. Şəxsən mən 50 faiz qələbə, 50 faiz məğlubiyyətlə gedirəm. Birinci turda uda da bilərik, uduza da. Üz-üzdən utanar prinsipi var. Elə üzvümüz var ki, 4 namizədin hər birinə "sənə səs verəcəm” deyib”.

Ajiotajlı seçki kampaniyasının əleyhinə olan başqanlığa namizəd Səxavət Əlisoy ümidli olduğunu desə də, uduzmağa hazır olduğunu bildirməkdən də çəkinməyib: "Kimin seçilməsindən asılı olmayaraq, ömrümüzün 20 ilini Müsavat Partiyasına vermiş insanlarıq. Mənim üçün bu seçkidə rəqib deyilən söhbət yoxdur. Kim seçilsə, şəxsən özüm onun əlini sıxıb təbrik edəcəm. Tribunadan namizəd olaraq çıxış edəcəm və sözlərimi deyəcəm. Hesab edirəm ki, hər kəs mənim çıxışımdan razı qalacaq”.

İsmayıl