20 Yanvar etirafı...

Bakıya qoşun yeridilməsi haqqında qərar Qorbaçovun kabinetində verilib



SSRİ qoşunlarının törətdiyi Bakı qırğınından 20 il vaxt ötməsinə baxmayaraq, olaya artıq tarixin arxivinə verilmiş SSRİ-nin hüquqi varisi Rusiya dövləti tərəfindən siyasi qiymət verilməməsi Azərbaycan xalqının ciddi narahatlığına səbəb olan bir məsələdir.

Rusiya tərəfindən cinayət faktının etiraf olunmamasının gələcəkdə bu tipli qanlı olaylar üçün bir presedent kimi qalacağı da xüsusi vurğulanan məsələlərdəndir. Birmənalı şəkildə 20 Yanvar faciəsi "böyük Ermənistan” xülyası ilə yaşayan Aqanbekyanların, Şahnazarovların, Balayanların əlində oyuncağa çevrilmiş Qorbaçov kimi ləyaqətsiz dövlət rəhbərlərinin Azərbaycan xalqına qarşı öncədən hazırlanmış planı olduğu artıq öz təsdiqini tapıb.

Bu hadisələri törədənlərin başda M.Qorbaçov olmaqla ona rəvac verənlərin cinayət məsuliyyətinə cəlb olunması gərəkdiyi halda bu istiqamətdə heç bir addım atılmayıb. 20 Yanvar cinayətinə rəvac verən imperiya cəlladı Mixail Qorbaçovun dünya qarşısında ifşasının məntiqi sonluğa çatdırılması üçün Azərbaycan ziyalıları dəfələrlə bəyanat yayıb. Hətta Azərbaycan vətəndaşlarının hüquq və qanuni mənafelərini müdafiə edən ali orqan kimi qanlı qırğının səbəbkarlarının və əli Azərbaycan xalqının qanına batan cəlladların Haaqa beynəlxalq məhkəməsinə verilməsi üçün vəsatət qaldırılması tələbini irəli sürənlər də olub. Amma istənilən halda ortada heç bir nəticə yoxdur. Həm də Qorbaçovun birbaşa 20 Yanvar qırğınlarını törətməsinə dair ortada bu qədər fakt varkən. Qeyd edək ki, "İzvestiya” qəzetinə müsahibəsində SSRİ-nin keçmiş baş naziri, hazırda Rusiya Federasiya Şurasının Belqorod vilayətindən olan üzvü Nikolay Rıjkov 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı açıqlamalar verib və etiraf edib ki, o vaxt Bakıya qoşun yeridilməsi haqqında qərar Qorbaçovun kabinetində birlikdə verilib. Orda Lukyanov (SSRİ Ali Sovetinin sədri), Yazov (müdafiə naziri), Kryuçkov (Dövlət Təhlükəsizlik Komitəsinin sədri), Bakatin (daxili işlər naziri) və şəxsən Rıjkovun özü iştirak edib: "Yazov əmrin verilməsini xahiş elədi. Qorbaçov Medvedyevə Bakıya qoşun yeridilməsi ilə bağlı mətnin hazırlanmasını və gecə yarısına qədər KİV-də yaymağı tapşırdı. Lakin Medvedyev həmin mətni gecikdirdi və onu ancaq səhər çap etdirdi. Qoşun isə Bakıya Qorbaçovun keçirdiyi iclasdan dərhal sonra yeridildi. Medvedyevin əmri sabotaj elədiyinə şübhə edirəm. Ya da bu, əvvəlcədən düşünülmüş addım idi ki, baxsınlar vəziyyət necə inkişaf edir. Saat 23:00-da mənə Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Vəzirov zəng etdi və yalvararaq ordunun şəhərə girişinin dayandırılmasını xahiş etdi. Gecə Yazov zəng edib (o da Qorbaçova zəng edə bilmirdi) dedi ki, qoşuna atəş açırlar, əsgərlərdən ölən var. Soruşdu ki, nə etmək lazımdır. Cavab verdim ki, atəşə atəşlə cavab versinlər. Gecə Qorbaçov mənə 3 dəfə zəng etdi. Ona vəziyyətlə bağlı məruzə etdim, o cümlədən atışma və ölənlər barədə. O isə cavabında "nu, delay, delay” deyirdi”.

Bu cür etiraflardan qaynaqlanaraq, Azərbaycan dövlətinin 20 Yanvar hadisəsini törədənlər haqqında ölçü götürülməsinə dair beynəlxalq məhkəməyə müraciət etməsinin nə dərəcədə mümkün olub- olmadığına dair münasibətini öyrənmək məqsədi ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ilə əlaqə saxladıq.

20 Yanvar hadisələrinin əsas baiskarının birbaşa Qorbaçov olduğunu vurğulayan KXCP sədri bildirib ki, etiraf oldu-olmadı, hər kəs bunu bilir: "O ki qaldı Qorbaçovun törətdiyi qırğınlara, axıtdığı qanlara görə cinayət məsuliyyətinə cəlb olunmasına, Azərbaycan dövləti maraqlı olduğu təqdirə bu məsələ özünün müsbət həllini tapar. Amma çox təəssüflə qeyd etməliyəm ki, bu məsələ sizin suallarınız və bizim cavablarımızdan o tərəfə keçmir. Doğrudur, Qorbaçovun havadarları kifayət qədər güclüdür və biz onların qarşısında aciz ola bilərik. Lakin buna cəhd də yoxdu axı! Məsələ sadəcə güc, ayrı quruluş, köhnə dövr söhbəti deyil. Ortada Qorbaçovun cəzalandırılmasına dair yetərli istək də yoxdu. Azərbaycan dövləti adından müraciətlər, şikayətlər olarsa, Qorbaçovun beynəlxalq hüquq məhkəmələri tərəfindən məsuliyyətə cəlb olunmasına nail olmaq mümkündür”.

YAP-çı millət vəkili Eldar İbrahimov isə hesab edir ki, Azərbaycan dövləti Qorbaçovu həbs etdirmək iqtidarında deyil, çünki onun "arxası” sağlamdır: "20 Yanvar hadisəsi xalqımızın azadlıq mübarizəsinin şanlı səhifəsidir. Həmin gün millətimizin övladları imperiyaya qarşı hansı iradəyə malik olduğunu sübut etdi. Lakin 20 Yanvar eyni zamanda xalqımızın başına gətirilən ən böyük faciələrdən biridir. Bunun tək səbəbkarı isə Qorbaçovdur. Biz bütün bunları bilsək, hətta sübuta yetirsək belə, onun həbsinə nail olmağımız müşkül məsələdir. 20 Yanvar hadisələrinin müəllifi olan və axıdılan qana görə məsuliyyət daşıyan Mixail Qorbaçov, təəssüf ki, bu gün Qərbdə "soyuq müharibə”yə son qoyan qəhrəman kimi tanınır və o, "Nobel” mükafatı laureatıdır. Sözsüz ki, bir azərbaycanlı olaraq, əli Azərbaycan övladlarının qanına bulaşan Qorbaçov haqqında lazımi tədbirlərin görülməsinin tərəfdarıyam. O, əliqanlı qatil olduğu üçün hər cür cəzaya layiqdir, onun haqqında ən sərt hökm çıxarılsa belə, yenə də azdı deyərəm”.

Konkret olaraq, Azərbaycanın Qorbaçovun cəza almasına müvəffəq olmaq iqtidarına gəldikdə isə millət vəkili deyib ki, Azərbaycan bununla bağlı dəfələrlə məsələ qaldırıb: "Sadəcə ədalətsiz dünyadan ədalət axtarıb-tapmaq çox çətin məsələdir. Konkret ölkəmizin hansı addımları atacağını deyə bilməsəm də, müəyyən qədər çətinliklər olduğu açıq-aşkardır. Onu məsuliyyətə cəlb etmək bizim əlimizdə olan bir şey deyil. Azərbaycanda yaşasa idi, törətdiyi qırğınlara görə ona ölüm hökmü də kəsərdik. Amma bu gün Qorbaçovu müdafiə edən qüvvələr çoxdur. Həmin qüvvələrin qarşısını almaq isə bizim üçün asan deyil. Qorbaçovun cəzasını, qoy, Allah versin!”.

Şəymən