İsrafçılıq olmaz, səs mollalara da çatıb

“Şərq”in əməkdaşı Yasamal qəbiristanlığını gəzdi










Bir müddətdir ki, ölkədə yas mərasimlərindəki israfçılıq və təmtəraqlı qəbir daşlarına qarşı ciddi addımlar atılmağa başlanıb. Çeşidli ehsan süfrələrinə və dəbdəbəli məzar daşlarına əncam çəkilməsi üçün konkret standartlar müəyyənləşdirilib. Standartların gerçəkləşməsi üçün paytaxtda və yerlərdə icra orqanlarına müəyyən göstərişlər verilib. Yeniliyə müvafiq olaraq, hüzr mərasimlərinin yeddi gün deyil, 3 gün keçirilməsi təklif olunur. Bundan başqa, ehsan süfrələrində yalnız çay, limon, su, xurma, üç mərasimində isə əlavə olaraq, halva verilməsinin mümkünlüyü nəzərdə tutulur.

Qəbir daşları üçün isə konkret ölçü və forma müəyyənləşdiriləcək. Şübhəsiz ki, bu məsələnin gündəmə gəlməsi ictimaiyyətdə, xüsusi olaraq kasıb təbəqə arasında müsbət rezonans doğurub.

Hökumətin addımları ilə bağlı rəyləri öyrənmək üçün Yasamal qəbiristanlığına baş çəkdim. Məzarlığın girişində hansısa mərhumun qəbir daşını qoyan usta ilə söhbətləşən bir mollaya yaxınlaşdım. Salamlaşdıqdan sonra mətbuatdan gəldiyimi dedim. Mollanın adını soruşub, dini məsələlərə dair bir neçə sualımın olduğunu bildirdim. Özünü Kərbəlayi Qurban kimi təqdim edən ruhani tərəddüd etmədən cavab üçün hazır olduğunu söylədi. Məzarlıqda "Yasin” oxumaqla məşğul olan molla yas mərasimləri haqda göstəriş və standarları müsbət dəyərləndirdi.

"İsrafçılığa yol vermək olmaz”

"Hüzr yerlərində israfçılığın qarşısı alınmalıdır. Hüzr yerlərində şöhrətpərəstliyə lüzum görülmür. Hansısa bir kasıbın yaxını dünyasını dəyişəndə, bəshəbəsə düşüb və yaxud "qonşu-qohum mənə nə deyər” qorxusu ilə çoxçeşidli ehsan süfrələri açır. Bu da sonda yaşam tərzinin ağırlaşmasına gətirib çıxarır. Düzdü, ehsan süfrəsi şəriətdə qadağa olunmayıb. Amma bol çeşidli ehsan süfrəsi açıb, israfçılığa yol vermək olmaz. İslami dəyərlərə ziddir”.

"İnzibati yol elə də uğurlu deyil”

Ruhani söylədi ki, problemin çarəsi cəmiyyətdə maarifləndirmə aparmaqdır: "Ziyalılar, din xadimləri, aydınlar cəmiyyətə çağırışlar etməlidir. KİV də bu yöndə davamlı işlər aparmalıdır. Tanınmış din xadimləri, ictimai xadimlər, cəmiyyətdə söz sahibi olan insanlar mütəmadi olaraq efirlərə dəvət olunmalı və millətə tövsiyələrini verməlidirlər. Bu vasitə effektsiz olarsa, inzibati yola əl atmaq olar. Amma inzibati yol elə də uğurlu deyil. Bunu insanların təfəkkürünə, beyninə yeritmək lazımdır. Məsələ insanların beynində, şüurunda oturuşmasa, onları çəkindirmək çətin olacaq. Baxın, hansısa cinayətkarı həbsə alırlar. O azadlığa çıxanda yenə də cinayət törədir. Əməlindən əl çəkmir. Körpəlikdən mədəni və dini dəyərləri anlamış olsa, insan öldürməyin ən böyük günah olduğunu dərk etsə, bu cür yola ömür boyu getməzdi. Bu baxımdan öncə maarifləndirici təbliğatlar aparılmalıdır”.

Məmurlar örnək olmalıdır

Müsahibimiz məmurlardan da şikayətləndi: "Bəzi rəsmilər, əzizləri dünyasını dəyişəndə dəbdəbəli ehsan süfrələri açır. Halbuki onlar cəmiyyətə örnək olmalıdırlar. Təyin olunan standartlara uyğun ehsan verməlidirlər. Daha sonra da bu, ictimaiyyətə örnək kimi aşılanmalıdır. Belə olan halda maarifləndirici işlərin təsiri də çoxalar. Yəni artıq insanlar rəqabətə girməyəcəklər. Deyəcəklər ki, ölkənin naziri və yaxud deputatı rəhmətə gedəninə sadələşdirilmiş ehsan süfrəsi açıb. Örnəklər olmalıdır. Bunun da çox böyük önəmi var. Cəmiyyətin işini yüngülləşdirmək istəyənlərin özləri nümunə olmalıdırlar”.

Həmsöhbətimiz diqqətə çatdırdı ki, hüzr yerlərində bolçeşidli ehsan vermək "ənənəsini” imkanlılar qoyub: "Varlılar bundan əl çəksələr, kasıblar da onlara baxıb, buna getməyəcəklər”.

Şəriətə uyğun olaraq, müsəlmanın qəbiri itməlidir

Təmtəraqlı məzar daşlarına diqqət çəkən ruhani qeyd etdi ki, qəbirlərin əbədiləşdirilməsi günahdır. Allah yer üzünü insanın istifadəsi üçün yaradıb. Ona görə yaratmayıb ki, insan onu məzarlığa çevirsin. Ölənlərimizi bu cür əbədiləşdirəcəyiksə, bir vaxtdan sonra yer üzü qəbiristanlığa çevriləcək. Bu da heç bir şəriətə sığmır. Şəriətə uyğun olaraq, müsəlmanın qəbiri itməlidir. Qəbir daşları üçün standartlı ölçülərin hazırlanması da yaxşı haldı”.

Kərbəlayi Qurban söylədi ki, iştirak etdiyi bütün yas məclislərində israfçılığın qarşısının alınması yönündə maarifləndirici söhbətlər aparır: "Bütün məclislərdə israfçılığın günah olduğunu və islami dəyərlərə adekvat olmadığını söyləyirəm. Onlara söyləyirik ki, insanlara sağlığında qiymət vermək lazımdır. Məsələn, elə adamlar olur ki, sağlığında ata və anasını qocalar evinə qoyur. Həyatdan köçəndə dəbdəbəli ehsan süfrəsi açır və təmtəraqlı qəbir daşları qoyur. Əslində, bunun mərhum üçün heç bir xeyri yoxdur. Sağlığında onların qulluğunda dayanmaq lazımdır. Mərhum üçün kəfən, cənazə namazı və qəbrə qoyub üstünü torpaqlamaq vacibdir. Bu hökmlər yerinə yetirilməlidir. Onun məclisində, banan, alma, nar verməyin heç bir xeyri yoxdur”.

"Qonaqlar da gəlir üzümü, armudu, bananı, kişmişi və ləbləbini görəndən sonra ölü yaddan çıxır”

Müsahibimizin sözlərinə görə, yas mərasimlərində meyvə vermək heç bir dini dəyərə sığmır: "Baxın, meyvə evdə qonaq gələndə verilir. Məsələn, qonaqla çörək yedikdən sonra, meyvə doğranır və süfrəyə gəlir. Qonaqla söhbət edə-edə meyvədən yeyirsən. Yəni bir növ meyvəni məzə üçün yeyirlər. Amma hüzr mərasimi məzə yeri deyil. Orda mərhuma dualar oxunmalıdır. Qonaqlar da gəlir üzümü, armudu, bananı, kişmişi və ləbləbini görəndən sonra ölü yaddan çıxır. Özlərini toyda və şadyana bir gündə hesab edirlər”.

Mərasim evlərindən söz açan həmsöhbətimiz bəyan etdi ki, orda da bəzən çox israfçılıq olur: "Orda az qala qızıl balığa qədər verirlər. Düzgün deyil. Bir növ yas mərasimləri qeybət ocaqlarına çevrilir. Qabaqlarında bol yeməklər, otururlar qeybətləşirlər. Ruhaninin dediklərinə də qulaq asan olmur. Belə insanlar var. Odur ki, ehsan süfrələri sadələşdirilməlidir”.

"Ruhani geyimlə tanınmır”

Mollaların vahid geyiminə toxunan ruhani bildirdi ki, buna ehtiyac yox idi: "Ruhani geyimlə tanınmır. İslam ölkəsində yaşayırıq. 20 ildən artıqdır ki, ölkəmiz və dinimiz azadlığına qovuşub. Bu illər ərəfəsində çoxsaylı ruhanilərimiz yetişib. Etiraf edək ki, savadsız mollalar da var. Amma onlar da zaman-zaman sıradan çıxacaqlar. Bu işlə Qafqaz Müsəlmanları İdarəsi məşğul olmalıdır. Düzdü, hazırda molla sözü insanlarda müəyyən mənada qıcıq doğurur. Bəziləri mollaları şarlatan kimi dəyərləndirir. Bu rəy nöqsanlı mollalara görə formalaşıb. Əslində keçmişdə molla sözü hər şeyi bilən, hər şeydən dərin məlumatı olan adama deyərlərmiş. Quran əhli olan insanlara molla deyilib. Hesab edirəm ki, geyimlərə deyil, mollaların savadına diqqət yetirmək lazımdır. Geyimin dəyişməsinə heç bir lüzum yoxdur”.

"Yas yerlərində əvvəlki dəbdəbə yığışdırılıb”

Kərbəlayi Qurbanın qənaətincə, hökumətin tədbirləri artıq effektini verib: "Artıq yas mərasimlərində israfçılığa yol verilmir. Son günlər bir neçə hüzr yerində olmuşam. Demək olar ki, əvvəlki dəbdəbə yığışdırılıb. Müəyyən olunmuş standartlara müvafiq süfrələr açılır. Təbliğatlar öz işini görməyə başlayıb. Maarifləndirici təbliğatlar mütəmadi xarakter almalıdır. Millətin beyninə yeriyənə qədər bu tədbirlər davam etdirilməlidir”.

O, mərasimlərin sadələşdirilməsinin sosial şəraitə təsir etmədiyini vurğuladı: "Dolanışığımıza heç bir təsiri yoxdur. Kimlərsə dədbdəbəli ehsan süfrəsi açır. Olan pulunu ona xərcləyir. Ruhaniyə verməyə pulu qalmır. Yas mərasimi elə bir şeydir ki, hüzr sahibindən pul istəmək olmur. Konkret qiymət danışılmır. Bəzən elə olur ki, kasıb adamlardan heç pul almırıq. Bunun ruhaniyə iqtisadi cəhətdən heç bir təsiri yoxdur. Ruzini verən Allahdır”.

Kərbəlayi Qurbanın fikrincə, cəmiyyətdə dini problemlərin aradan qaldırılması üçün fundamental addımlar atılmalıdır: "Orta məktəblərdə heç olmasa, həftədə bir dəfə dini dərslər tədris olunmalıdır. İlahiyyatı bitirmiş şəxslər məktəblərə cəlb olunmalıdır. İnsanlar dini bilməlidirlər. Bunu biləcəklərsə, israfçılıq özü-özünə yığışacaq. Çünki bunun günah olduğunu bilənlər pis əməllərə getməyəcəklər. Belə olan halda ölkədəki qeyri-ənənəvi dini cərəyanlar və onların gətirdiyi bəlalardan qurtulmaq olar. Hər gün bir neçə gəncin Suriyadan və İraqdan cənazəsi gəlir. Niyə? Çünki onlar dini bilmirlər. Cavanları din adı altında, təsirlərinə salıb döyüşlərə aparırlar. Müsəlman müsəlman qardaşını öldürüb, adını cihad qoyur. Cəmiyyətdə islam düzgün təbliğ olunsa, bu kimi amillər də həllini tapar. Gənclər də dini bilməlidirlər ki, terror qruplaşmalarına qatılmasınlar”.
Bu arada söhbətimizə qardaşını ziyarətə gəlmiş Qasım dayı müdaxilə edir.

Dindən qaçanda hoqqabazların sayı artır

"Dinsiz cəmiyyət məhvə məhkumdu. Son vaxtlar deyirlər ki, cəmiyyət korlanıb. Cəmiyyət artıq mədəniyyət istehlak etmir. Dinlə mədəniyyət sıx əlaqəlidir. "Qurani- Kərim” insanları mədəni və humanist olmağa çağırır. Sağlam həyata səsləyir. Biz isə dindən qaçırıq. Bu səbəbdən cəmiyyətdə hoqqabazların sayı getdikcə artır”.

Qasım dayı yas mərasimlərinin standartlaşmasına dair fikirlərini bölüşüb. "Əlbəttə, kasıblar üçün çox yaxşı haldı. Dəstəkləyirəm. Çoxdan atılmalı addım idi. Onu da qeyd edim ki, artıq bu istiqamətlərdə atılan addımlar nəticə verir. Paytaxtda və regionda bir neçə hüzr yerində olmuşam. Çoxçeşidli ehsan süfrələri ləğv olub. Sadələşdirilmiş qaydada verilir”.

Qasım dayı ilə sağollaşıb, Kərbəlayi Qurbanın köməkliyi ilə digər ağsaqqal molla Məşədi Etibarı tapdım. Yas mərasimləri haqda onun da münasibətini öyrəndik. O da bildirdi ki, bu addımlar cəmiyyətimizə müsbət töhfələr verəcək: "Teleməkanlarda da bu məsələlər ətrafında müzakirələr açılır. Yaxşı haldı. Milləti maarifləndirirlər. Hətta özümüz də yas mərasimlərinə gedirik. Bu yöndə söhbətlər aparırıq. Amma biz hüzr sahiblərinə deyə bilmərik ki, bu yeməyi ver, bunu vermə. İnsanlara çatdırırıq ki, israfçılığa yol vermək şəriətdə günahdı. Quran da, Peyğəmbərimiz də bunu sübut edir. Biz təbliğat aparırıq”.

Məşədi Etibar da bildirdi ki, qəbir daşı itməlidir: "Bununla belə, bizdə sanki abidə ucaldırlar. Düşünmürlər ki, qəbir daşı "mərhumun yeri behiştdir” anlamına gəlmir. O insan sağlığında əməli saleh işlərlə məşğul olubsa, məkanı cənnətdir. Yoxsa ona 4-5 metr hündürlüyündə abidə uclatmaqla ona cənnət bəxş etmək olmaz. Bu cür düşüncələrdən uzaq durmaq lazımdır. Bu, cəhalətin təzahürüdür”.

Kim sadə ehsan süfrəsi açır, onu qohum-əqrəbası, az qala, top atəşinə tutur

Müsahibimizin qənaətincə, hüzrlərlə bağlı dözülməz vəziyyətin aradan qalxması üçün maarifləndirmə və ictimai qınaq olmalıdır: "Öncə insanlar arasında maarifləndirici tədbirlər aparmaq lazımdır. Daha sonra bir ictimai qınaq formalaşdırmaq olar. Kimsə bolçeşidli ehsan süfrəsi açırsa, onu qınamaq lazımdır. Bizdə isə tərsinədi. Kim sadə ehsan süfrəsi açır, onu qohum-əqrəbası, az qala, top atəşinə tutur. Bax, bu təfəkkürü dəyişmək lazımdır. Bunun üçün ziyalılar ortaya çıxmalıdır. Tanınmışlar da örnək olmalıdırlar. Onlar da yaxınlarının hüzrlərini sadə qaydada təşkil etməlidirlər. Millətə örnək olmalıdırlar. Belə olarsa, daha ciddi effektin şahidi olarıq.

Bu arada dayanıb, söhbətimizə qulaq verən, həyat yoldaşının ziyarətinə gəlmiş 60 yaşlı, Bakı sakini Həsənov Hidayət söhbətimizə qoşuldu.

"Ümumiyyətlə, ehsan süfrələrinə dəbdəbəni imkanlılar gətirdi. Əvvəllər belə şeylər olmazdı. Varlılar bu məsələni başlatdılar. Birinci paytaxtda başladı. Sonra bu "dəyər” regionlara da ayaq açdı. Kasıbda hardaydı o imkan ki, çoxçeşidli süfrə açsın. Kasıb təbəqə də indi onların sərsəm işlərinin əzabını çəkir. Yaxınını, əzizini itirən adam bilmir neyləsin. Ehsan arxasınca getsin, banan dalınca qaçsın, yoxsa, mərhuma ağlasın. Çox acınacaqlı vəziyyət yaranıb. Deyirlər ki, filan ölkədən anamın yasına gələcəklər. Götürüb hüzrdə az qala toy süfrəsi açır. Dərk etmir ki, yas yerinə yeyib-içmək üçün deyil, dualar oxumaq üçün gəlirlər. Bu, əyləncə mərasimi deyil. Standartlar bağlı addımlar yaxşı işdir. Amma bunu öncə imkanlılar tətbiq etməlidirlər. Varlılar həyata keçirsə, kasıb təbəqə mütləq əməl edəcək. İmkanlı şəxslər bunu könüllü etməsələr, inzibati yolla etdirmək lazımdır. Çünki cəmiyyətə bu "dəyəri” sırıyan onlar olub. Təbii ki, söhbət bütün imkanlı şəxslərdən getmir”.

Ayyət Əhməd