Xədicə İsmayıla zəhəri kim verir?

Onun adı norveçli Mariya Dahledir



Jurnalist Xədicə İsmayılın Azərbaycan hökumətinə qarşı apardığı kampaniyaya dəstək verən əsas adamın kimliyi bəlli olub. Vaxtı ilə X.İsmayılın ətrafında olmuş şəxslərdən birinin verdiyi məlumata görə, bu adam Norveç İnsan Hüquqları Evinin rəhbəri Mariya Dahledir. X.İsmayılın Avropa əlaqələrini bu xanım təşkil edir. Həmçinin, avrotəşkilatlardan xanım jurnalistə verilən qrantlar da onun tərəfindən təmin edilir.

Məlumata görə, X.İsmayılın arxalandığı bu xanım bəzi məsələlərdə onu təlimatlandırır. Hökumətlə bağlı araşdırma adı altında yayılan informasiyaların bir çoxu da Dahlenin əli ilə jurnalistə ötürülür. Qeyd edək ki, İnsan Hüquqları Evi Şəbəkəsi 13 ölkədən olan 18 müstəqil İnsan Hüquqları Evlərində 90 insan hüquqları QHT-lərinin birləşmiş qüvvələrini özündə cəmləşdirir. İHEŞ-in məqsədi yerli insan hüquqları təşkilatlarını gücləndirmək və dəstəkləmək və onları İnsan Hüquqları Evlərinin beynəlxalq şəbəkəsində birləşdirməkdir. Azərbaycan dövləti də İnsan Hüquqları Evi İHEŞ-in üzvlərindən biridir və müstəqil görüş yeri, resurs mərkəzi və Azərbaycanda insan hüquqları təşkilatları üçün koordinator kimi xidmət göstərir. Ancaq Azərbaycandakı İHEŞ Ədliyyə Nazirliyinin 2011-ci il tarixli əmri ilə fəaliyyətlərini dayandırıb. Onun Azərbaycan nümayəndəliyinin bağlanmasında əsas səbəb insan haqları adı altında ölkənin daxili işlərinə qarışmaq olub. Ən maraqlısı isə, bu təşkilatın ona əks-fikir göstərənlərə qarşı sərt mövqe tutmasıdır. Evin Azərbaycan nümayəndəliyinin dağılmasında əsas səbəblərdən biri də bu olub. Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov bildirib ki, xanım Maria Dahle Bakıda olanda onları konstruktiv mövqedə günahlandıraraq Evi dağıdıb: "Hətta iş o yerə çatıb ki, bizim tənqidlərimizə dözməyən evin norveçli iki xanımı bizi beynəlxalq tədbirlərdə görüb danışdırmırdılar”. Eyni aqibəti Sankt-Peterburq və Serbiyada olan insan haqları evləri də yaşayıb. Məlumatlara görə, onların mövqeyini tənqid edən insan haqları evlərinin hamısını intriqalar yolu ilə dağıdıblar. Xanım Maria Dahle daim Azərbaycana qarşı sərt tənqidləri ilə yadda qalıb. Misal üçün, o, sonuncu məqaləsində Azərbaycanı repressiyalar ölkəsi adlandırıb. Dövlətə xəyanət və maliyyə gizlinləri ilə bağlı həbs edilən Leyla və Arif Yunusları, eləcə də digər QHT rəhbərlərini müdafiə edərək beynəlxalq təşkilatlara Azərbaycana təzyiq etmələri üçün çağırış edir. Fikir versək görərik ki, X.İsmayılla xanım Dahlenin ritorikası olduqca yaxınlıq təşkil edir. Hər ikisinin leksikonunda istifadə edilən sözlər, demək olar ki, eynidir.

Mənbə onu da qeyd edir ki, xanım Dahlenin Bakıda xüsusi seminarları keçirilib və bu seminarlarda həmişə hökumətə qarşı kampaniyanı necə aparmaq müzakirə olunub. Seminarların əsas iştirakçısı X.İsmayıl olub. Hətta o, sonradan bir neçə seminara rəhbərlik də edib”.

Millət vəkili, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Azərbaycan pasportu daşıyan bir vətəndaş kimi X.İsmayılın hərəkətlərini çox ciddi şəkildə qınayıb: "X.İsmayıl Azərbaycanda müxalifət yönümlü jurnalistlərdəndir. Onun bütün yazıları birmənalı şəkildə Azərbaycan xalqının milli maraqlarına qarşı yönəlib. O ancaq bir rəngdə - qara rəngdə yazır. Azərbaycanın keçdiyi böyük inkişaf yolu, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və orada çox uğurlu fəaliyyəti, beynəlxalq nüfuzunun ildən-ilə artması heç vaxt o insan tərəfindən təbliğ olunmayıb. Ancaq Azərbaycanla bağlı hardasa haqsız bir söz işlənəndə, qərəzli, qeyri-obyektiv bəyanat səslənəndə, Azərbaycanın adı mənfi planda çəkiləndə X.İsmayıl çox böyük həvəslə, coşqunluqla dərhal onu dalbadal hallandırır və öz verilişlərində müzakirə mövzusuna çevirir. Mən anlaya bilmirəm bu insanda Azərbaycan xalqına, dövlətinə qarşı bu qədər nifrət hardandır? Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində iqtidar-müxalifət olmalı deyil. Bu məsələdə bir mövqe odur ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Lakin Xədicə bu mövqeyə heç vaxt şərik çıxmayıb, həmişə ermənilərin yanında olub. Vətəndən
kənarda Vətənə qarşı bu cür addımı ancaq qeyri-azərbaycanlı, ümumiyyətlə bu xalqın patoloji düşmənləri edə bilər. Ancaq anlamır ki, ondan anti-azərbaycançı şəbəkə bir alət kimi istifadə edir. Bu gün o, özünün alətə çevrilməsi fikri ilə barışıb və öz rolunu "məharətlə” yerinə yetirir”.
Millət vəkili Zahid Oruc deyib ki, Xədicə İsmayılın əlaqələri ortada razılaşdırılmış bir planın olduğunu göstərir. Məqsəd Azərbaycanın xarici siyasətini cilovlamaq, ölkəmizi təsir altında saxlamaq, bizə diktə etməkdir: "Xədicə İsmayıl və onun kimilər heç vaxt Azərbaycanın məruz qaldığı münaqişədən danışmayıblar. Ölkəmizin beynəlxalq maraqları, xarici əlaqələri, bağlanmış sazişlər, müqavilələr və s. həmin insanlar üçün əhəmiyyətli olmayıb. Onların daxili dayaqları sarsıdıldıqca, kənar reaksiyaların şahidi olacağımız əvvəldən bəlli idi. Bir məqamı xatırladım. Bir müddət öncə Sarkisyan Azərbaycanın beynəlxalq aləmdə siyasi və diplomatik fəallığının onlardan qat-qat çox olduğunu, buna qarşı tədbir görməyin zəruriliyini vurğulamışdı. Fikir verin, dərhal üstümüzə Avropa Parlamentinin məlum qətnaməsi ilə gəldilər. Ona görə də hesab edirəm ki, "arxaçevirmə əməliyyatı” da, bundan sonra verilə biləcək bəyanatlar və təzyiqlər də vahid bir oyunun tərkib hissəsidir. Bizim ölkəmizi antirusiya blokuna qoşmağa cəhdlər edirlər. Necə olur ki, həmin beynəlxalq qurumlar Ukraynanın ərazi bütövlüyü ilə bağlı 20-yə yaxın qətnamə və sənəd qəbul edirlər, amma Azərbaycana, Dağlıq Qarabağ münaqişəsinə gələndə münasibət dəyişir? Halbuki o tədbirlərin böyük əksəriyyətində Ukrayna təmsilçiləri iştirak etməyiblər”. Millət vəkilinin qənaətincə, hazırda ölkəmiz əleyhinə bir işarə ilə idarə olunan qüvvələrin aktivliyi artıb: "Bu gün məsələlərin başlıca məğzi geopolitikadır. Həmin müzakirələrin daxili amillərlə heç bir bağlılığı yoxdur. Sizi əmin edirəm ki, Azərbaycan İranla münasibətləri pisləşdirsə, Rusiya əleyhinə çıxsa, "Nabukko”nu Qərbin istədiyi kimi gerçəkləşdirməyə çalışsa, onlar üçün biz ən demokratik ölkə olacağıq. Amma Azərbaycan öz layihəsi ilə geopolitik meydana çıxmağa üstünlük verdi. Məsələnin məğzində neft-qaz maraqları, Azərbaycanın xarici siyasətinə təsir etmək, bizi müxtəlif dövlətlərə qarşı qoymaq durur. Amma ölkəmizi öz modelindən çıxarmaq cəhdləri nəticəsiz qalacaq”.

İsmayıl