Türkiyə əlac tapdı, qumar yığışdırılır: Qardaşımızın “sağ əli bizim başımıza”

Hacı Fuad Nurullayev: “Qurani-Kərim”də qumar birbaşa haram buyurulub”
Fazil Mustafa: “Nə zamansa Azərbaycanda da bu addım atılmalıdır. İnsanların ümidinin şansa buraxılmasını, yüzlərlə adamın qumarxanalarda həyatını mənasızlaşdırmasını böyük faciə olaraq görürəm”



Türkiyə hökuməti lotoreya oyunlarını qadağan edir. Baş nazir Əhməd Davudoğlu bildirib ki, islamda nə haram buyurulubsa, dövlət ondan əlini çəkəcək. Lotoreya da qumarın bir növü olduğundan hökumət daha bu oyunları keçirməyəcək. Beləliklə, millət də haramlardan uzaq dayanacaq. Türkiyənin "sağ əli bizim başımıza”. Neçə ildir, kreditlər, faizlər, mərc oyunları, "topazlar”, "binqolar”, "ailə sevincləri” camaatı müflis edib. Metro çıxışlarında hərə qarşısına bir kətil qoyub "bu axşam oynayır haa”, deyib camaatı lotoreyalara cəlb edir. Yazıq, fağır, kasıbçılıqdan bezmiş bəziləri də "bəlkə bəxtim bu dəfə gətirdi” deyib olan-olmaz pulunu da lotoreyaya verib evə gətirir.

Axşam da əlinin altında "Volidol”, "Volokardin” əyləşir televizorun qənşərində ki, görsün, bəxti ona yar olur, ya yox. Sonunda yenə peşmançılıq, həyatdan küskünlük, taleyə və onu doğan anaya qarğışlar... Hətta intihar da. Futbol mərci isə insanlarımızı əsl xəstəyə çevirib. Bir-iki "bəxti gətirənin” hesabına yüzlərlə, minlərlə insan varını-yoxunu itirir, həyatın dibinə yuvarlanır. Evi də əlindən çıxır, borcları da o qədər yığılır ki, axırda dözməyib özünə qəsd edir. Bunu elə-belə - göydən, bilməzə demirik. Yadınızdadırsa, Milli Məclisin iclaslarından birində xanım millət vəkili Məlahət İbrahimqızı həyəcan təbili çalmışdı:

- Guya ki, bu oyunlar gənclərin asudə vaxtlarını keçirmək üçün nəzərdə tutulub. Amma adamlar orada evlərini uduzur. Universitetlər də şikayət edirlər ki, tələbələri oradan yığmaq olmur. Təkcə Nəsimi rayonundan 13 ana mənə müraciət edib. Bu günlərdə daha 3 müraciət də daxil olub. Hətta bir müraciətdə qadın qeyd edib ki, onun həkim olan həyat yoldaşı "Topaz”da külli miqdarda pul uduzub və evini satmaq məcburiyyətində qalıb. Digər iki müraciətdə isə analar bildirir ki, övladlarını həmin yerdən çəkə bilmirlər. "Topaz”ın işi, gənclərin, insanların asudə vaxtının təşkili ilə bağlı, dövlət başçısının, parlamentin, dövlətimizin həyata keçirdiyi siyasətin tam əksinə olan bir fəaliyyətdir. Yəni bir yerdə ki pulla oyunlar var, bunun nəticəsi də artıq məlumdur, hansı formada oynanılmasının fərqi yoxdur. Başlanğıc, nəticə və niyyət eynidir”. Parlamentdəki çıxışında xanım deputat "Topaz” bukmeker kontorlarını "mənəviyyatsız yer” adlandırmışdı.

Amma "Topaz” kimi mərc oyunları nəinki ləğv olunmur, əksinə, bu kimi oyunların telekanallarda səhər-axşam reklamları gedir. Çarəsi kəsilən Milli Teleradio Şurası isə "heç olmasa bu reklamları gecə saatlarında verin” deyə rica edir. "Topaz” tipli oyunların fəaliyyətinə xitam verilmir və bu oyunlarda iştirak hüququ əhalinin öhdəsinə buraxılır. Yəni, "kimisə məcbur etmirik ki, "Topaz”a gəlsin. Öz istəkləri ilə gəlirlər”. Hətta rəsmilərdən biri belə demişdi ki, "Topaz”da minlərlə pul qazanan insanlar var. Bəs onlardan niyə danışmırsınız?” Cavab var; ona görə danışmırıq ki, əhali arasında uduzanlar udanlardan qat-qat artıqdır. Təbii ki, "Topaz” sahiblərinin və ümumiyyətlə, dünyada gedən futbol alverindən milyonlar və bəlkə də milyardlar qazanan "mafiya babaları”nı nəzərdə tutmuruq. Buna deyirlər, qurunun oduna yaşın yanması. Bir-iki nəfər təsadüf nəticəsində udursa, bunu mərc oyunlarının gərəkliliyi kimi qələmə vermək böyük yanlışlıqdır. Çünki ortada məhz mərc oyunları səbəbindən yaşanan böyük ailə dramları var. Ən əsası isə, bu oyunlar qumar xarakteri daşıdığından dinimizdə haramdır. Rəbbimiz qumarı haram buyurub. "Qurani-Kərim”də qumarın zərərli bir iş olduğu insanlara bildirilir və ondan uzaq olmaları tövsiyə edilir. Kimsə bu həyatda qumar vasitəsilə müvəqqəti "uğur” qazana bilər, çünki mahiyyət elə adın özündədir; QUMAR! Uda da bilərsən, uduza da. Amma bədəli ağır olacaq. Axirətdə cavab verə bilməyəcəksən.

Məsələyə fərqli yanaşanlar var. Bir qisim lotoreyanın qumardan fərqli olduğunu düşünür. Və burada haram olmadığı qənaətindədir. Bir qisim isə insanların aldadılmasına yönələn istənilən addımın haram olduğu fikrindədir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev "Şərq”ə açıqlamasında lotoreya və "Topaz” kimi mərc oyunları barədə fikirlərini açıqladı:

- Əvvəl gərək lotoreya oyunlarının mexanizmi açıqlansın. Görünür, Türkiyədə bunun mexanizmini bilirlər və ona əsasən də harama aid edib qadağa qoyurlar. Mən lotoreya oyunları ilə həyatım boyu maraqlanmamışam. Bu işlə məşğul olmamışam. Maraq dairəmdə olmayıb. Bunu deyə bilərəm ki, islamda insanların müflisləşməsinə, faciələrinə səbəb olan oyunlar qadağandır. Qumardır, kazinolardır, bunlar haramdır. "Topaz” tipli mərc oyunlarına da islamda icazə yoxdur. Müxtəlif yarışlara, komandaların uduşuna pul qoymaq da qadağandır. İdman yarışları ilə bağlı fikir belədir ki, ortada kiminsə mənfəət güdməsi məsələsi varsa, o haramdır. Məsələn, güləş bir idman növüdür və güləşmək haram deyil. Amma əgər güləşçilərin uduşuna pul qoyulursa, bu, artıq haramdır. Eləcə də futbol və idmanın digər növləri ilə bağlı da fətva bu şəkildədir. İdman haram deyil. Amma nə vaxt ki, idman qumara çevrilir, artıq haramdır. "Qurani-Kərim”də qumar birbaşa haram buyurulub. Bəziləri də guya ki, "Qurani-Kərim”ə istinad edərək bu qadağanın mərc oyunlarına aid olmadığını sübut etməyə çalışırlar. Amma məsələnin mahiyyətini kənarda qoyurlar. Birincisi, "Qurani-Kərim”də birbaşa münasibət

bildirilməyən məsələlər şəriət hökmləri əsasında həll edilir. Şəriət də şəraitə uyğun hökmün verilməsidir. Bir halda ki, insan az vəsait qoymaqla çox gəlir əldə edəcəyinə ümid bəsləyir, amma nəticədə heç bir gəlir əldə etmir, əksinə, malik olduğu vəsait də əlindən çıxır, bu, artıq qumardır. "Topaz” kimi mərc oyunlarında udub-udmayacağın bəlli deyil, uda da bilərsən, uduza da. Bunun qumardan bir fərqi yoxdur. Məsələn, bizdə fəaliyyət göstərən banklardan pul götürməyin özü əslində düzgün deyil, çünki banklar pulu faizlə verir. Yəni, insanı çətinə salırlar. Tutalım, 1000 manat verib səndən 1500 manat alırlar. Buna dində "riba” deyilir ki, bu da haramdır. İslam dini faizə, sələmə icazə vermir və bunları haram buyurur. Çünki bu, insanların əziyyətə düşməsinə, əzab çəkməsinə, ziyana uğramasına səbəb olur. Dinimiz insana zərər vuran bütün məsələləri haram buyurur. Yeganə İslam İnkişaf Bankıdır ki, onlar faizə pul vermirlər. Onların fəaliyyəti islam qanunları əsasında təşkil olunub.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa da Türkiyədə lotoreya oyunlarının dövlət səviyyəsində ləğvinə müsbət yanaşıb. Bu tip oyunların keçirilməsinə hər zaman qarşı çıxan, Milli Məclisdə dəfələrlə məsələ qaldıran millət vəkilinin məsələyə münasibəti gecikməyib:

"Xarici siyasətdə bir çox addımlarını uğursuz hesab etdiyim Türkiyənin Baş naziri Əhməd Davudoğlunun daxili siyasətdə bu addımını müsbət qiymətləndirirəm. Türkiyədə dövlət adına oynanan qumarın-lotoreyanın ləğv olunması bütün hallarda insanların faydasınadır. Bunu heç islamla da əlaqələndirmək lazım deyil. İstər dindar, istər qeyri-dindar, soruşun çevrənizdəki insanlardan, görün qumardan kim mütləq mənada xeyir görüb? Dağılan ailələrin, müflis olan insanların həyat dramı təkcə romanlarda rast gəlinməz. Nə zamansa Azərbaycanda da bu addım atılmalıdır. İnsanların ümidinin şansa buraxılmasını, yüzlərlə adamın qumarxanalarda həyatını mənasızlaşdırmasını böyük faciə olaraq görürəm. Ola bilsin ki, buna da etirazlar olacaq ki, onda bu pullar başqa ölkələrin büdcəsinə axacaqdır. Futbolda və başqa idman sahələrində olan milyardlarla qumar pullarından da ölkələrin imtina etməsi asan görünmür. Ancaq narkotikdə də böyük pullar var, mübarizə aparılmasın ki, bu pullar əks halda başqasının cibinə axacaqdır? Qumarın hər hansı növünün yığışdırılmasının tərəfdarıyam. İnsan həyatında ən ağır xəstəliklərdən də biri şübhəsiz ki, qumardır”.

Məlahət Rzayeva