Dəmir barmaqlıqlara icazə verilməlidir

Hündürmərtəbəli binalardan düşən uşaqların faciəsi bunu zəruri edir






 












Dünən paytaxtda daha bir faciə yaşanıb. 5 yaşlı Əli eyvandan yıxılaraq ölüb. Uca Allah 
valideynlərinə səbir versin. Körpə faciəsi "Şərq” ailəsinin də başına gəldiyindən bu insanların hansı hisslər keçirdiyi, necə sarsıntı içində olduqları bizə yaxşı tanışdır. Bundan bir qədər öncə həmkarımız Ayaz Nizamioğlu da 3 yaşlı övladını eynən bu şəkildə itirmişdi.
Körpələrin hündürlükdən yıxılaraq həyatlarını itirmələri faktları son zamanlar çoxalıb. Bununla bağlı psixoloqlar da, sosioloqlar da ailələrə tövsiyələrini verir, körpələr, azyaşlı uşaqlar olan mənzildə nələrə diqqət edilməli olduğunu açıqlayırlar.

Amma qismət, tale, alın yazısına insanın gücü yetməz ki!.. Körpə faciələrini niyə yada saldıq. Buna 5 yaşlı Əlinin faciəsi qismən səbəb oldu. Digər səbəb əslində birinci ilə sıx bağlıdır. Fövqəladə Hallar Nazirliyi dəmir barmaqlıqlara qadağan etmək niyyətindədir. Nazirlik bu qadağasını mənzillərdə, binalarda baş verən fövqəladə hallar zamanı müdaxilə imkanlarının məhdudlaşması ilə izah edir. Haqsız sayılmaz. Amma oğrudan, soyğunçudan qorunan, azyaşlı övladının, yaxud da lap elə xanımının, yaşlı anasının, fərq etməz, ailə üzvlərinin pəncərədən və ya eyvandan yıxıla biləcəyini gözardı edib dəmir barmaqlıqlara "arxalananlar” da haqsız deyillər. Paytaxtda necə deyərlər, dövri-qədimdən binaların bir, ikinci və sonuncu mərtəbələrində mənzil alanlar pəncərələri, eyvanı "reşetka”layırdılar. Bu ənənə indi də qalmaqdadır. Sadə bir səbəbdən ki, paytaxtımız oğrulardan, mənzil soyğunçularından o dərəcədə qurtulmayıb ki, əhali mənzilini rahat tərk edib işinin-gücünün ardınca gedə bilsin. Bizim mənzillərimiz hələ də "7 qıfıl” altındadır. Təhlükəsizlik məsələsi də bir yandan. Yuxarıda son ayların sadəcə 3 hadisəsini yada saldıq. Buna qədər də belə faciəli hadisələr baş verib və bundan sonra olub-olmayacağını da biz bilə bilmərik.

Belədə sakinlərin qarşısına dəmir barmaqlıqları ləğv etmək tələbi qoymaq nə dərəcədə düzgündür?

Müstəqil Memarlar Assosiasiyasının sədri Zemfira Budaqova "Şərq”ə açıqlamasında ümumiyyətlə Bakıda təhlükəsizlik qaydalarına əməl olunmasında ciddi nöqsanlara yol verildiyini dedi:

- Yadınızdadır, "Sahil” metrostansiyasının üzərindəki hündürmərtəbəli binada yanğın baş vermişdi, o yanğını söndürmək çox çətin oldu. Ona görə ki, metrostansiyasının üzərində bina tikilib, binanın da alt mərtəbələri başdan-ayağa ticarət mərkəzidir. Hamımız bilirik ki, bu saat şəhərdə hədsiz, dəhşətli dərəcədə sıxlıqdır. Şəhər nəfəs ala bilmir. Bunlar nəyin nəticəsidir? Plansız tikililərin, tikinti normalarına riayət edilməməsinin. Binaların, yaşayış massivlərinin öz funksiyasını itirmələrinin. Baxın, görün, yaşayış binaları hansı şəklə düşüb. Hamısı marketlərlə, mebel mağazaları ilə, şadlıq evləri ilə, kafe, çay evləri ilə hasarlanıb. Binaların giriş-çıxışları sağ-solları tutulub. İnsanlar rahat evlərinə gedə bilmir. Bəli, mən də razıyam ki, sabah Allah eləməmiş bir hadisə olsa, yanğın olsa, müdaxilə etmək çox çətin olacaq. Amma bunun əsas səbəbi pəncərələrə, eyvanlara vurulan dəmir barmaqlıqlar deyil. Əsas səbəb binaların əlavə tikililərlə əhatələnməsi, qapanmasıdır.

Həqiqətən də şəhərdə qısaca ekskurs etmək kifayətdir ki, yaşayış binalarının əlavə tikililərlə necə əhatələndiyini görəsən. Məlumdur ki, sıravi vətəndaşlar həyətində tualet tikəndə də sahə müvəkkili gəlib durur başının üstündə, haqqını alır, bələdiyyə gəlir, qəsəbə nümayəndəliyi, icra nümayəndəliyi gəlir. Amma paytaxtın simasını bu qədər eybəcərləşdirənlər və ondan daha betəri, şəhəri təhlükə mənbəyinə çevirənlər asudə öz işlərini görürlər. Bizcə, FHN ilk növbədə bu hallarla mübarizə aparmalıdır. Şəhər təhlükəsiz olmalıdır ki, sakinlər də özünü qorunmuş hiss etsin.

Məlahət Rzayeva