Sarkisyan ölkəni uçuruma aparır

“Nayomnik”lər olmasa, Dağlıq Qarabağdakı əhali və əsgərlər kütləvi şəkildə Azərbaycan tərəfinə keçər



Ermənistanda etiraz dalğası getdikcə şiddətlənir. Dünən ölkənin 3 müxalifət partiyası birləşərək kütləvi etiraz aksiyalarına başlayıb. "Çiçəklənən Ermənistan” və "İrs” partiyalarının təşkil etdiyi nümayişlər Abovyan şəhərinin mərkəzi meydanında baş tutub.

Ölkənin digər bölgələrindən mitinqlərə qatılmaq üçün avtobuslar pulsuz xidmət göstərir. Aksiyaların bir müddət davam edəcəyi bildirilir. Müxalifət hazırkı prezident Serj Sarkisyanı ölkə iqtisadiyyatının müflis edilməsində, məhkəmə sistemindəki ədalətsizlikdə, bürokratik süründürməçiliyin güclənməsində və Rusiyadan asılılıqda ittiham edərək, istefasını tələb edir. Məlumat üçün bildirək ki, İrəvanda bir müddət öncə də etiraz aksiyaları keçirilib. Nümayişçilər İrəvanda hökumət binasının qarşısında toplaşaraq mərkəzi avtomobil yollarını bağlamağa cəhd ediblər. Əraziyə xeyli sayda polis qüvvələri cəlb olunaraq, aksiya qanunsuz şəkildə dağıdılıb.

Düşmən ölkədəki durumu şərh edən politoloq Elşən Manafov "Şərq”ə bildirib ki, Ermənistan əhalisinin böyük qismi başqa ölkələrə üz tutur: "Vəziyyət çox ağır olduğuna görə, orada əhali yaşaya bilmir. Bu da nəticə etibarı ilə S.Sarkisyanın yeritdiyi yarıtmaz siyasətin nəticəsidir”.

Ekspert diqqətə çatdırıb ki, Sarkisyan hakimiyyəti xalqın seçmədiyi bir hakimiyyətdir: "Sarkisyan hakimiyyəti özünün maraqlarını düşünür. Hazırkı iqtidar üçün xalqın hansı durumda olması maraqlı deyil. Onlar üçün bu cür məsələlər arxa plana keçib. Sarkisyanı düşündürən əsas məsələ çox sərvət əldə etməkdir. Bu da Sarkisyan hakimiyyətinin mahiyyətini təşkil edir. Bu halda ölkədə etirazları qaçılmaz edir”.

E.Manafovun sözlərinə görə, Sarkisyan rejiminin apardığı siyasət ölkəsini uçuruma aparır: "Bu uçurum da ölkənin bütün sahələrində özünü göstərir. Xaricdən gətirilən və Azərbaycan kəndləri ilə üzbəüz səngərdə yerləşdirilən "nayomnik”lər olmasa, Dağlıq Qarabağdakı əhali və əsgərlər kütləvi şəkildə Azərbaycan tərəfinə keçər. Amma bütün maneələrə baxmayaraq işğal altında olan Dağlıq Qarabağdakı ermənilər Sarkisyan rejimindən bezdiklərindən qəti və konkret mövqe ortaya qoyacaqlar”.

Ayyət Əhməd