Moskvaya giriş pullu olacaq

Bu miqrantlara iqtisadi baxımdan təsir göstərəcək




Moskva şəhərinə giriş ödənişli ola bilər. Həmin şəhərin Nəqliyyat Departamenti belə təkliflə çıxış edib. Hətta bu ilin sonunadək Mosvka ətrafından, dairəvi yoluna pulla daxil olmanın qaydaları müəyyənləşdiriləcək.

Şəhər meriyası da 2015-ci ilin əvvəlindən başlayaraq Moskvaya girişi pullu etməkdə qərarlıdır. İlk olaraq "Moskva-siti” ərazisinə giriş üçün pul alınacaq. Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bu pullu girişin, məhz şəhərə daxil olan miqrantlar üçün nəzərdə tutulduğunu düşünmür: "Moskvaya pullu girişin tətbiqi nəqliyyatdakı tıxaclarla bağlı ola bilər. Hazırlanan qaydalarda konkret əhalinin hansı kateqoriyaları üçün girişin pullu olması və digər məsələlər müəyyənləşdirilməlidir”. A.Allahverənovun sözlərinə görə, təklif hələ müzakirə mərhələsindədir: "Gələcəkdə bu qərarın hansı qaydalar üzrə tətbiq olunacağı məlum deyil. Buna görə də qaydalar tam hazırlanıb təsdiq edildikdən sonra konkret nə isə fikir bildirmək olar. Girişin ödənişli olmasının Moskvada yaşayan həmyerlilərimizin işinə necə təsir etməsinə gəlincə, ekspert şəhərdə yaşayan əksər miqrantların özlərinə məxsus nəqliyyat vasitələri idarə etdiyini bildirib: "Onlar belə olan halda gərək ya ödəniş edib şəhərə daxil olsunlar, ya da şəhər ətrafında nəqliyyat vasitələrini saxlasınlar. İstənilən halda belə bir addımın atılması Moskvadakı soydaşlarımızla yanaşı, digər miqrantlara iqtisadi baxımdan təsir göstərəcək”.

Vüqar Şahinoğlu