Millətçilik, dövlətçilik və milli ideya uğrunda mübarizə...

Məmmədhəsən Hacınski azərbaycançılıq mübarizəsində repressiyalara məruz qalıb



Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil şəkildə formalaşan milli təfəkkürümüz türk dünyasının görkəmli nümayəndələrindən, onların azərbaycançılığa dair fikirlərindən bəhrələnirdi. Dövrün mütəfəkkirləri, dövlət xadimləri milli müstəqillik məsələsini və fəlsəfi-mənəvi dəyərlərini azərbaycançılığın tərkib hissəsi kimi qarşıya qoyurdular. Azərbaycançılıq ideologiyaya çevrilmə prosesində tarixi inkişaf baxımından həm ümumislam, həm də ümumtürk mərhələlərini yaşayıb. XX əsrin əvvəllərindən etibarən isə tədricən müstəqil ideya cərəyanına çevrilməyə başlayıb. Bundan sonra Azərbaycan milli dövlətçiliyi meydana gəlib. Həmin dövrdə millətçilik, dövlətçilik və milli ideya uğrunda mübarizə aparan vətənpərvər şəxslərdən biri də Məmmədhəsən Hacınski olub. 1875-ci ildə Bakıda anadan olan Hacınski Peterburq Texnologiya İnstitutunu bitirib və bir müddət Şəmsi Əsədullayevin Moskvadakı neftayırma zavodunda mühəndis işləyib. Daha sonra Bakıya qayıdan Hacınski 1908-ci ildən Bakı şəhər idarəsində tikinti şöbəsinə başçılıq edib.

Şəhərin abadlaşdırılmasında xüsusi rol oynayıb. 1909-1910-cu illərdə Bakı dənizkənarı parkının salınması və dəniz hamamının tikilməsi də Hacınskinin fəaliyyəti ilə bağlıdır. O, şəhərsalma və tikinti-inşaat sahəsində görkəmli təşkilatçı kimi tanınıb. 1913-cü ildə qısa müddət Bakı şəhər idarəsinin rəisi olan Hacınski Şirvanşahlar sarayının qorunması və bərpasına dair təşəbbüs irəli sürüb. Həmin təşəbbüsə əsasən, 1918-ci ildə memarlar Zivər bəy Əhmədbəyov və Ö.Abuyev sarayının bərpa layihəsini hazırlamaq üçün elmi-tədqiqat işləri aparıblar. Hacınski 1902-1917-ci illərdə Bakı şəhər dumasının üzvü olub və bir çox iclaslara sədrlik edib. O, 1904-cü ildə "Hümmət” sosial-demokrat təşkilatını yaradanlardan biri olub. Hacınski, eyni zamanda, "Nəşri-maarif” cəmiyyətinin yaradılmasının təşəbbüsçülərindən biri, həmçinin "Nicat” cəmiyyəti idarə heyətinin, "Müsəlman xeyriyyə cəmiyyəti” Mərkəzi Komitəsinin üzvü olub. Hacınski "Müsavat” partiyasının ilk üzvlərindən idi.

1917-1920-ci illər Hacınskinin ictimai-siyasi fəaliyyətinin qızğın dövrü olub. Hacınski 1917-ci il martın 27-də yaradılmış Bakı Müsəlman İctimai Təşkilatları Müvəqqəti Komitəsinin sədri seçilib. Apreldə Qafqaz müsəlmanlarının Bakı qurultayında iştirak edib və qurultayın rəyasət heyətinə seçilib. Həmin ilin mayında Hacınski Rusiya azərbaycanlılarının Moskvada keçirilmiş qurultayında da fəal iştirak edib. O, "Müsavat” partiyasının birinci qurultayında Mərkəzi Komitənin üzvü seçilib. 1917-ci il noyabrın 15-də yaradılmış Zaqafqaziya komissarlığında ticarət və sənaye komissarının müavini vəzifəsində çalışıb. Rusiya Müəssislər məclisinə üzv seçilib. Hacınski Zaqafqaziya seymində "Müsavat” partiyasının üzvü kimi Osmanlı dövləti ilə danışıqlar aparıb. Trabzon konfransında iştirak edən Hacınski konfransda Zaqafqaziya seyminin danışıqları dayandırmaq haqqında qərarına qarşı çıxaraq bu qərarı sülhü pozmağa yönəldilmiş cəhd kimi qiymətləndirib. O, ədalətsiz qərarı "beynəlxalq münasibətlər tarixində tayı-bərabəri olmayan bir təxribat” adlandırıb. A.Çxenkeli Hacınskinin etirazı ilə danışıqları kəsməyib. Trabzonda qalan M.Hacınski Ənvər paşa ilə görüşündə Osmanlı dövlətinin Cənubi Qafqazla bağlı mövqeyi ətrafında danışıqlar aparıb. Osmanlı dövlətinin yeni sülh təşəbbüsü ilə çıxış etməsində Hacınskinin mühüm rolu olub. Hacınski Zaqafqaziya Demokratik Federativ Respublikası (ZDFR) hökumətində ticarət və sənaye naziri vəzifəsini icra edib. Seymin Batum konfransında iştirak edən 6 əsas nümayəndədən biri olan Hacınski Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Azərbaycanı təmsil edib. ZDFR-in süqutundan sonra Hacınski mayın 27-də yaradılan Azərbaycan Milli Şurasının üzvü seçilib. O, Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 24 üzvündən biri olub. Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci Hökumət kabinəsi təşkil olunarkən, Batumda olmasına baxmayaraq, Hacınski Azərbaycanın ilk xarici işlər naziri təyin edilib. O, Osmanlı dövləti xarici işlər nazirliyindən Azərbaycanın müstəqilliyinin Rusiya və Avropa ölkələri tərəfindən tanınmasında vasitəçi olmasını xahiş edib. Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsini Azərbaycan tərəfindən M.Ə.Rəsulzadə ilə birlikdə Hacınski imzalayıb. Müqavilənin 4-cü bəndinə əsaslanan Rəsulzadə və Hacınski Osmanlı dövlətindən erməni-daşnak soyqırımlarına məruz qalan Azərbaycana hərbi yardım üçün müraciət ediblər. Osmanlı dövləti ilə Bakı-Batum neft kəmərinin istismarına dair, Cənubi Qafqaz dəmir yollarından istifadə haqqında sazişlər də bağlanılıb.

Hacınski 1918-ci il iyunun 14-də Gürcüstan Respublikası hökumətinə etiraz notası göndərib və gürcü qoşunlarının Borçalı qəzası hüdudlarından dərhal çıxarılmasını tələb edib. O, Cənubi Qafqaz respublikaları arasında sərhədlərin dəqiqləşdirilməsi üçün müştərək komissiyalar yaratmaq təklifi ilə Gürcüstan və Ermənistan respublikaları hökumətlərinə müraciət ünvanlayıb. Hacınski iyulun 15-də hökumət başçısı Fətəli xan Xoyskiyə müraciət edərək, ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımlarını təhqiq etmək üçün fövqəladə təhqiqat komissiyası yaradılmasının zəruri olduğunu bildirib. Hacınski İstanbuldakı Azərbaycan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadə ilə müntəzəm rəsmi əlaqə saxlayıb.

Azərbaycan Xalq Cümhuriyyəti 2-ci Hökumət kabinəsində xarici işlər naziri olmuş Hacınski 1918-ci il oktyabrın 6-dək həm də, müvəqqəti olaraq, nəzarət nazirliyinə rəhbərlik edib, daha sonra isə maliyyə naziri olub. Hacınski maliyyə naziri kimi 1918-ci il noyabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Şimali Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası arasında müqavilə imzalayıb. Müqaviləyə görə, Dağlılar Respublikasına 10 milyon rubl faizsiz borc verib. O, 3-cü Hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini tutub. Azərbaycan Parlamentinin üzvü olan Hacınski Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris sülh konfransında (1919-1920) iştirak edən nümayəndə heyətinin tərkibində idi. Paris sülh danışıqları zamanı Ə.Topçubaşovla birlikdə ABŞ, B.Britaniya, Almaniya, İtaliya, Türkiyə, İran və b. ölkələrin başçıları, dövlət nümayəndələri, diplomatları ilə görüşərək, Azərbaycan xalqının istiqlal mübarizəsi, ölkənin ağır iqtisadi vəziyyəti, zəngin neft ehtiyatı haqqında məlumat verib. 1919-cu il sentyabrın 16-da Parisdə ABŞ vətəndaşı M.Robinovun Azərbaycan nümayəndə heyətinin maliyyə müşaviri təyin edilməsi haqqında Ə.Topçubaşovla birlikdə saziş imzalayıb. Hacınski Parisdə də Azərbaycan Xalq Cümhuriyyəti və Dağlılar Respublikası arasında ikitərəfli sazişin hazırlanmasında iştirak edib. Azərbaycana qayıdan Hacınski 1919-cu ilin noyabrında baş nazir Nəsib bəy Yusifbəyli ilə birlikdə Ermənistan hökuməti ilə danışıqlar aparmaq üçün Tiflisə yollanıb. Noyabrın 23-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Ermənistan Respublikası arasında sülh sazişinin imzalanmasında iştirak edib. Səfər zamanı Hacınski Parisdə Azərbaycan-gürcü birgə iqtisadi bölməsinin sədri kimi Gürcüstan hökumətinə məruzə edib. O, nüfuzlu ingilis və amerikan cəmiyyətləri ilə Azərbaycan və Gürcüstan üçün çox mühüm və sərfəli olan iqtisadi müqavilələrin layihələrini hazırlayıb. Hacınski Dövlət Müdafiə Komitəsinin qərarı ilə Fətəli xan Xoyski və Məmmədrza bəy Vəkilovla birlikdə Azərbaycan-Ermənistan konfransında iştirak edəcək hökumət nümayəndə heyətinə daxil edilib. Konfransda çıxış edən Hacınski bildirib ki, Azərbaycan və Ermənistan respublikaları arasında dostluq münasibətlərinin yaranmasına əsas maneə mübahisəli ərazilər məsələsidir. Qafqaz respublikaları müstəqil dövlət kimi ittifaqda birləşsələr, bu mübahisəli məsələlər də öz-özünə həll ediləcək.

Hacınski "Müsavat” partiyasının 2-ci qurultayında partiyanın siyasi komissiyasının və MK üzvü seçilib. Hacınski dekabrın 24-də N.Yusifbəylinin yeni Hökumət kabinəsində daxili işlər naziri, 1920-ci il fevralın 18-dən isə ticarət, sənaye və ərzaq naziri vəzifəsini tutub. 1920-ci il fevralın 5-də o, yollar naziri Xudadat bəy Məlik-Aslanovla Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası arasında sərbəst yük daşınması haqqında tranzit müqaviləsi və ona əlavə saziş imzalayıb. 1920-ci il martın 30-da Hökumət istefa verdikdə, Azərbaycan Cümhuriyyəti Parlamenti yeni Hökumətin təşkilini Hacınskiyə tapşırıb. O, bir müddət Parlamentdə fəaliyyət göstərən partiya və fraksiya nümayəndələri ilə danışıqlar aparıb. Hətta bolşeviklərlə də görüşüb, onlara öz hökumətində nazir vəzifələri də təklif edib. Bolşeviklərdən müsbət cavab almayan Hacınski aprelin 22-də yeni hökumət təşkil etməyin mümkün olmadığını, Parlamentin sədrini əvəz edən Məmməd Yusif Cəfərova bildirib. Həmçinin "Müsavat” partiyasından çıxdığını və bolşeviklər partiyasına daxil olduğunu bəyan edib.

Cümhuriyyət devrildikdən sonra Hacınski Azərbaycan Sovet Sosialist Respublikası Ali Xalq Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Azərbaycan şəhərlərinin abadlaşdırılmasında iştirak edib. 1920-ci il mətbuatında Hacınskinin Azərbaycanın tikinti-quruculuq işlərinə dair məqalələri dərc edilib. Təəssüflər olsun ki, sovet hakimiyyəti dövründə Azərbaycanın bir sıra görkəmli ictimai-siyasi xadimləri kimi Hacınski də repressiyaya məruz qalıb. Beriyanın göstərişi ilə 1930-cu il dekabrın 3-də Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edilərək, ağır işgəncələr verilən Hacınski "Azərbaycan Milli Mərkəzinin” işi üzrə ittiham olunub. Ağır həbsxana həyatına dözməyərək ürək xəstəliyinə və vərəmə tutulan Hacınski, istintaq sənədlərinə görə, 1931-ci ildə "özünü asmaqla” intihar edib.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb